Ermənistanın Qarabağ iddiaları səngimir. RİA Novosti-nin yazdığına görə, Qarabağdakı separatçılar rus dilini rəsmi dil elan etmək niyyətindədirlər. Separatçıların lideri Araik Arutyunyan tanınmamış “respublika”nın “parlament”inin təqdim etdiyi “Dil haqqında” qanun layihəsini imzalayıb.
Layihədə vurğulanır ki, “Dağlıq Qarabağ respublikasının” rəsmi dilləri ədəbi erməni və rus dilləridir. Yəni “dövlət orqanları”, “hüquqi şəxslər”, müəssisələr və təşkilatlar iş icraatlarını erməni və lazım gələrsə, rus dilində aparmalıdırlar. Həmçinin çap materiallarının da – kitabların, dərsliklərin, məlumat kitabçalarının, elmi-metodiki və elmi-populyar ədəbiyyatın da iki dildə olması təşviq ediləcək.
Ermənilər layihəni “Qarabağla Rusiya arasında mədəni, hərbi, iqtisadi münasibətlərin, tarixi yaddaşın və bir çox qarabağlı üçün rus dilinin ikinci ünsiyyət dili olmasının nəzərə alınması gərəyi” ilə əsaslandırıblar. Onlar belə qənaətə gəliblər ki, “Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli mövcudluğu, sosial, kommunikativ, tikinti, səhiyyə, təhsil və elm sahəsində əməkdaşlıq rus dilinin roluna yenidən baxılmasını tələb edir”.