Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərini televiziyada izlədim.
İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsinə yeni, parlaq bir zəfər səhifəsi kimi yazıldı, yaddaşlara milli qürurumuzun təntənəsi kimi əbədi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin möhkəm iradə və siyasi qətiyyətini, Ali Baş Komandanı olduğu ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə, bütün dünya həm də erməni vəhşiliyinin şahidi oldu. 30 il davam edən işğal dövründə kənd və şəhərlərimizin düşmən tərəfindən vəhşicəsinə dağıdılması hər birimizi mənən incitdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımız və dövlətimizə qarşı misilsiz cinayətlər törədilib. Qarabağın digər rayonlarında olduğu kimi, Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarının kəndlərindən demək olar ki, əsər-əlamət qalmayıb.Tarixi abidələrimizə, milli-mədəni və dini-mənəvi dəyərlərimizə, təbiətə amansızcasına divan tutulub.
Cənab ilham Əliyev adıçəkilən rayonlara səfəri zamanı bildirmişdir: ”Müharibə cəmi dörd aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında budəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik və Qarabağı cənnətə çevirəçəyik”. Prezident İlham Əliyev çıxışı zamanı azad edilmiş ərazilərin yaşıl enerji zonasına ceviriləcəyini, bu torpaqlarda su, günəş və külək enerjisindən istifadə olunacağını xüsusi vurğulamışdır.
Yuxarıda qeyd edilənlər əməli fəaliyyətlə artıq öz təsdiqini tapmaqdadır. Belə ki, Kəlbəcər və Laçın rayonlarında “Külək” enerjisinin, Zəngilan və Cəbrayıl rayonlarında isə günəş, Laçında 8 meqavat gücündə “Güləbird” kiçik su elektrik stansiyasında, Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlanılıb. O cümlədən, Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması da azad olunmuş ərazilərin enerji təminatına öz töhfəsini verəcək. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa olunan enerji və su elektrik stansiyalarının inşası nəinki həmin bölgədə, bütövlükdə ölkə ərazisindəki iqtisadi və sosial inkişafa böyük dəstək verəcək. Enerji sahəsindəki mövcud və potensial layihələr yaxın zamanlarda respublikamızın iqtisadi gücünə əlavə töhfələr verəcək.
Biz öz haqqımızı bərpa etdik, şəhidlərimizin qisasını aldıq və öz əzəli torpaqlarımıza qayıtdıq. Heç bir kənar qüvvə bundan sonra bizi doğma yurd yerlərimizdən çıxara bilməz. Hər birimiz ölkə Prezidentinin ətrafında birləşərək, Qarabağın bərpası işinə dəstək verməliyik.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Əntiqə Tağıyeva,
Masallı Regional Mədəniyyət İdarəsi,
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
Əməkdar mədəniyyət işçisi