Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.
Atəşkəs bütün istiqamətlərdə müşahidə olunur.
Məlumatda vurğulanıb ki, rus sülhməramlıları insanların yaşayış yerlərinə təhlükəsiz qayıtmasını və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərir.
Ümumilikdə, 14 noyabr 2020-ci ildən bu yana 52 700 nəfər Dağlıq Qarabağdakı yaşayış yerlərinə qayıdıb.
Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi işləri davam etdirilir. Gün ərzində 13 hektar ərazi, 4 km yol, 15 tikili təmizlənib, 43 partlayıcı aşkar olunaraq məhv edilib. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1474 hektar ərazi, 457 km yol, 1440 tikili, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 870 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Rus sülhməramlıları Azərbaycan Silahlı Qüvvələrinin altı avtomobil karvanının təhlükəsiz keçidini təmin edib. Onlardan dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən, eyni zamanda Şuşa-Qırmızı bazar-Qacar kəndi marşrutu boyunca və biri əks istiqamətdə müşayiət edilib.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq məqsədilə səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı əlaqə saxlanılır.