Növbəti aydan etibarən quraşdırılacaq əvvəlcədən ödənişli qaz sayğaclarında kredit qaz həcmi iki dəfə artırılır.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.
Belə ki, növbəti aydan yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq. Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.
Bildirilib ki, abonentlər bəzən qaz sayğacında qaz həcmi bitdiyi zaman növbəti dəfə kartın balansını artırana qədər müvəqqəti olaraq məhz bu kredit qaz həcmi hesabına ehtiyaclarını ödəyir. Həm sosial şəbəkə, həm də ümumi müraciətləri nəzərə alaraq “Azəriqaz” İB gələn aydan etibarən istismara veriləcək əvvəlcədən ödənişli qaz sayğaclarında bu imkanın proqramlaşdırılmasına qərar verib. Bu addımın abonent məmnuniyyəti üçün əhəmiyyətli olacağı hesab edilir.