Cəmiyyət

İcra başçısının bacısı oğlu həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, Mənzil Kommunal Təsərrüfat Birliyinin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədov və digərlərinin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

“Report” xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşları – təqsirləndirilən Babək Alıyev və Tural Ağaməmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Məhkəmənin baxış iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron Rayon İcra Hakimiyyətinin baş memar Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3 000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.

Həmçinin istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kvadrat metr qeyri-yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1 000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2 500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1 000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanıb.

Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunub.

Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İstintaqın gedişində Cəfər Əkbərov, Babək Alıyev, Seymur İsmayılzadə, Emin Süleymanov, Novruz Əliyev, Tural Ağaməmmədov və Şamil Xəlilova da ittihamlar verilib.

Qeyd edək ki, Babək Alıyev Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın bacısı oğludur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir