Manşet

Novruzu sərt karantin rejimində qarşılayacağıq? – AKTUAL

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı yenidən yüksəlməyə başlayıb. Martın 7-də açıqlanan məlumata görə, gündəlik qeydə alınan yoluxma sayı 403 olub. Sağalanların sayı 127 nəfərdir, 3 nəfər vəfat edib.

Yoluxma dinamikasının yenidən artıma doğru meyllənməsi karantin qaydalarının Novruz bayramı ərəfəsində yenidən sərtləşdiriləcəyi barədə söz-söhbətə səbəb olub. Hətta 15 martdan etibarən SMS icazənin bərpa olunacağı, rayonlara gediş-gəlişin dayandırılacağı deyilir.

Aidiyyəti qurum və ekspertlər vəziyyətlə bağlı nə deyir?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov “Press Klub”a açıqlamasında sosial şəbəkələrdə və bəzi saytlarda yayılan informasiyanın əsassız olduğunu söylədi. Amma bununla yanaşı, əlavə etdi ki, vəziyyətdən asılı olaraq sərt karantin rejiminə gedilərsə, bu barədə əlbəttə ki, ictimaiyyətə rəsmi məlumat veriləcək. Hələlik isə belə bir qərar yoxdur.

Professor Adil Qeybulla isə indiki rəqəmlərlə sərt karantin rejiminin tətbiqini doğru hesab etmir:

“İnsanlar heç olmasa, bayramı keçirsinlər. Əgər epidemioloji vəziyyət bu şəkildə davam etsə, hər hansı qadağaların tətbiqini məqsədəuyğun hesab etmirəm. Düşünürəm ki, yoluxma sayı bu qədər olsa, heç bir prooblem olmayacaq. Amma insanlar yenə də hər şeyi nəzərə almalıdırlar, qapalı yerlərdə qaydalara ciddi əməl etməlidirlər, məsafə gözləməli, maska taxmalı, əlləri dezinfeksiya etməyi unutmamalıdırlar”.

Həkim qeyd etdi ki, insanlar artıq qapanmalardan və pandemiyadan beziblər:

“İnsanların azadlıqlarına alışdıqları bir vaxtda pandemiya onların həyatına xeyli problemlər gətirib. Bu isə reallıqlardır. Bütün dünya əziyyət çəkir. Avropa ölkələri, Birləşmiş Krallıqda elə sərt tədbirlər görülüb ki, məhz həmin tədbirlərin nəticəsində bu gün uğurlar göz önündədir”.

A.Qeybulla vaksinasiyaya daha çox diqqət ayrımağın vacibliyini düşünür:

“Biz vaksinasiyaya daha çox güc verməliyik. Bununla bağlı daha intensiv işlər aparmalıyıq. Peyvəndləmə prosesi intensiv aparılmalıdır ki, qısa müddətdə uğurlu nəticələr əldə edə bilək. Əlbəttə, ikinci dalğa zamanı xəstələrin böyük əksəriyyətində davamlı immunitet formalaşıb. Biz onların qan təhlillərində də bunu müşahidə edirik. Amma bunlarla yanaşı, vaksinasiyanın da aparılması kollektiv immunitetə gedən yolu daha da qısaldar ki, bununla biz pandemiyaya qalib gələ bilərik. Ona görə də hesab edirəm ki, üçüncü dalğanın yanından ötüb keçməyə çalışmalıyıq. Bu da bizim daxildə gördüyümüz tədbirlərdən asılıdır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir