Manşet

Viran edilən Ağdamın iki BAHARI – Səfər təəssüratları…

Bilmirəm kimin sözüdür, oxuduğumu, xatırladığımı da bilmirəm, amma 28 ildən sonra Ağdama gedəndə yolda yadıma düşdü: “Heç bir qış əbədi deyil”.

Media rəhbərləri, QHT nümayəndələrinin Prezident Administrasiyasının təşkilatçılığı ilə səfərə gedəndə ilk yadıma düşən bu oldu. Bir anlıq düşündüm ki, Ağdamın 28 illik qışı da əbədi deyildi və indi Ağdamın BAHARIdır.

Doğrudan da indi Ağdamda sözün hər iki mənasında BAHARDIR. İşğal da bitib, fəsillərin də ən gözəli olan bahar gəlib.

Bu baharın birincisini Ağdama Ali Baş Komandan və Azərbaycan Ordusu bəxş edib!

Baharlı Ağdama ikinci baharı isə bu il təbiət özü daha tez gətirib! Sanki təbiət birinci baharı tək qoymaq istəməyib.

Soyuq Bakını tərk edib yola çıxırıq. Proqrama görə Kürdəmirdə dayanmalıyıq. Kürdəmir qışından-baharından asılı olmayaraq təsəvvürümüzdə həmişə istidir.

Amma bu dəfə bizi Kürdəmirdə qar qarşılayır. Fikrimizdən ilk keçən bu olur ki, hər halda orada da qar olar. Amma Ağdama çatanda əsl BAHAR havası hiss edirik.

Ağdamın birinci BAHARI onun ikinci baharını da tezləşdirib.

***

Səfər proqramına görə çox zəngin idi. Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi səfər özünəməxsus oldu. İştirakçılar da fərqliliyi ilə seçilirdi. Səfərin təşkilatçılığı da yüksək səviyyədə idi. İştirakçıların fərqliliyi həm də onu göstərirdi ki, Vətən mübahisə predmeti deyil, olmayıb və olmayacaq. Vətən, torpaq, dövlət millət və xalq olaraq bütün mübahisələrin, umu-küsülərin, fikir ayrılıqlarının bitdiyi, bütünləşdiyimiz, var olduğumuz məqamdır! Bu səfərin ən mühüm mesajlarından biri bu idi.

Bu səfərin daha bir tarixi əhəmiyyəti bizim üçün – vətəndaş cəmiyyəti üçün bir həsrətin bitdiyi gün olmasındaydı.Media rəhbərləri, QHT nümayəndələri, ictimai fəalların qatıldığı bu ziyarət səfəri 28 illik həsrətə son verdi, xəyalımızdakı torpağa virtual deyil, canlı getdik. Unudulmayacaq bir səfər oldu. Sərbəstlik, rahatlıq, hamını birləşdirən eyni hiss – işğaldan azad olunan və illərlə həsrətini çəkdiyimiz Ağdamı görmək, ziyarət etmək, erməni vandalizminin şahidi olmaq. Mövqeyindən, düşüncəsindən asılı olmayaraq, hamı bir-biriylə mehribanlıqla, sevinclə söhbət edir, xatirələrini bölüşür, dinləyir…

 

***

Nəhayət, Ağdama çatırıq. İlk dayanacağımız işğaldan təzə azad olunan ərazidə olur. Burada minalardan təmizləmə prosesi gedir. Toplanmış minaların partladılması bizim müşahidəmizlə icra olunur. Minatəmizləyənlərin verdiyi məlumata görə, hər şeyi öz gücümüzlə edirik. Dayanmadan iş gedir. Nə qədər tələb olunsa da, Ermənistan tərəfi bütün beynəlxalq öhdəlikləri heçə sayır və minalanış ərazilərin xəritəsini təqdim etmir. Ona görə də hərəkətimiz konkret marşrut üzrə müəyyənləşdirilib. O marşrutdan kənara çıxmaq olmaz. Çünki harada və hansı şəraitdə mina ilə qarşılaşmaq ehtimalı məlum deyil.

Növbəti dayanacaq Uzundərə ərazisi olur. Şəhərdəki 1-ci Şəhidlər Xiyabanında yer qalmayandan sonra salınan 2-ci Şəhidlər Xiyabanı tamamilə dağıdılıb. Bu xiyabanda ağdamlı şəhidlərlə yanaşı, Xocalı genosidinin də qurbanları dəfn edilib. Amma mənfur erməni vandalizmi buranı dağıdıb. İndi o xiyabandan əsər-əlamət qalmayıb. Ancaq təsəvvür var ki, bura xiyaban olub.

Şəhərə daxil oluruq. Ağdam 28 il əvvəl gördüyüm, 30 il əvvəl ayda az qala 3-4 dəfə getdiyim Ağdam deyildi. Dağıdılmış evlər, viran qoyulmuş yurdlar, doğma sifətlərə yadırğamış ağaclar yol boyu bizi müşayiət edir. İmarət qəbiristanlığındakı dağıdılmış günbəzlərdən, yarıuçulmuş Cümə məscidindən, məşhur kombinatın sökük-salxaq hündür divarlarından başqa heç nə qalmayıb. Ancaq keçidlərdən, arx kənarından, hansısa qurumayan ağacın nişanəsindən haranısa – Dram Teatrının binasını, univermağı, yaxud zərgər dükanını xatırlamaq olar. Bunu da yerli adamlar bilir, bizim kimi dəqiq konturları bilməyənlər yox.

Şəhər bütünlükdə dağıdılıb. Köhnə şiferlərdən ən kiçik taxta parçasına qədər, adi bir mismar belə, heç nə tapa biməzsən öz dövrünün möhtəşəm şəhərlərindən biri sayılan Ağdamda. Yaxud “quş südü”nə qədər axtardığını tapa bildiyin Ağdam bazarının ancaq yerini kimsə sənə göstərə bilər.

Düşmən nəinki Ağdamın özünü, kəndlərini də yerlə yeksan edib. Evlərin divarlarını da söküb aparıblar…

Ağdamda biz vəhşicəsinə “qətlə yetirilmiş şəhər” gördük. Ermənistan və ermənilər İŞİD terror təşkilatının Mosulda, Nimrudda, Palmirada törətdiyinin daha artığını Ağdamda törədib. Amma İŞİD-i terror təşkilatı kimi tanıyan dünya Ermənistanı terrorçu dövlət kimi tanımır.

Gördüyümüz Ağdamla bağlı yazılanları hansısa dilə çevirmək də lazım deyil. Elə çəkilən şəkillər özü danışır və erməni vəhşiliyini aşkar göstərir. Bu şəkillərdə “ermənilərin qətlə yetirdiyi”, viran qoyduğu şəhər yazmaq bəs edər.

Ağdamın başına gətirilənlər müqəddəs hissləri olmayan, vəhşi bir toplumun törətdiyi vəhşilik, genosiddir. Ermənilərin vəhşi xislətini dünyaya çatdımaq və unutdurmamaq üçün bu şəkilləri qoruyub saxlamaq kimi borcumuz var.

Ermənilərin Xocalıda törətdiyi genosidin başqa bir forması ilə Ağdamda tanış oluruq – ŞƏHƏR GENOSİDİ! Bir tarixin, mədəniyyətin genosidi!

Ağdamın Şəhidlər Xiyabanındakı mənzərəni təsvir etmək mümkün deyil. Dağıdılıb, yerlə-yeksan edilib. Milli Qəhrəman Allahverdi Bağırovun məzarının yeri tapılıb və bərpa edilib. Eləcə də Milli Qəhrəman Əlabbas İsgəndərov və daha bir neçə nəfərin məzarı bərpa olunub, xatirə lövhələri vurulub.

 

Əslən ağdamlı olan Qarabağ qazisi Rey Qazi (Kərimoğlu) xiyaban haqqında, Allahverdi Bağırovun, Əlabbas İsgəndərovun keçdiyi döyüş yolundan danışır və hamı bu əfsanə adamlar haqqında başqa bir canlı əfsanənin xatirələrini dinləyir.

Ağdamlılar – millət vəkili Aqil Abbas da, baş redaktor Şakir Ağayev də, hərbi blogger Tofiq Şahmuradov da Ağdamdan, Ağdamın tarixindən və öz yaşadıqlarından danışırlar…

***

“Ağdama gedək” deyiləndə keçirdiyimiz hisləri təsvir etmək çətindir. Bir zamanlar ancaq dilimizdə “Qayıdacağıq” dediyimiz Ağdama indi canlı getmək… 28 ildən sonra Ağdamı görmək, o möhtəşəm şəhərin özünü olmasa da, xarabalıqlarını seyr etmək özüylə həm sevinc, həm də kədər gətirir. 28 ildən sonra getdiyin yollar… Bir vaxtlar şəhərin gözəlliyinə tamaşa edə-edə Xocalıya gedən avtobusu təsəvvür etmək qədər kövrəlmək də var, bu xarabalıqları seyr edə-edə mənfur düşmənin ayaqlarında tapdaq olan Ağdamın indi AZAD olmasını görmək qədər sevinc də…

Amma sevinc kövrəlməyi üstələyir. Ağdamın bitən qışı, əsirlikdən qurtarması…

Ağdamı – AĞ DAMI bizim üçün QARA DAMa çevirmişdilər. İndi ora daha QARA DAM deyil, yenidən AĞ DAMdır, Ağdam!!!

Bircə toxunmadıqları Şahbulaq Qalası olub. Qalaya daxil olanda oranı ermənilərin restoran kimi istifadə etdiyi deyildi. Bu, qırıq-qırıq edilən optik internet xətlərindən də hiss olunurdu. Demək, hansısa erməni qalanı restoran kimi işlədib, özünün qazanc yerinə çevirib.

Ancaq mən elə gəldi ki, qalanı restoran kimi işlətmək naminə bütöv saxlamayıblar, zəhmindən, sahibindən qorxublar. Qalanın sahibinin qəzəbindən qorxublar…

Haqlı olaraq qorxublar da. Bu qorxu onları 2020-ci ilin 27 sentyabrında haqladı…

***

İndi Ağdam azaddır. Daha Ağdamda BAHARDIR!

Mən Ağdamın azadlığının dadını şəhid Milli Qəhrəman, Ağdam Ərazi Özünümüdafiə Batalyonunun komandiri Allahverdi Bağırovun məzarını ziyarət edərkən daha çox hiss etdim…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir