Bu ay Gürcüstanda azərbaycandilli həftəlik “Gürcüstan” qəzetinin işıq üzü görməsindən 100 il ötür.
“Report”un yerli bürosu xəbər verir ki, “Gürcüstan”ın sələfi “Kommunist” adlı qəzetin ilk sayı 1921-ci ilin martında nəşr olunub.
Qəzet daha sonra “Yeni fikir”, “Yeni kənd” və “Sovet Gürcüstanı” adlandırılıb, 1990-cı ilin noyabrın 15-dən “Gürcüstan” adı ilə çıxır.
100 il ərzində qəzet bir neçə dəfə fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olub. Nəşrə baş redaktorluq edənlər arasında Gürcüstanın tanınmış azərbaycanlı qələm sahibləri Süleyman Süleymanov və İslam Əliyev də olub.
Qəzetin son nömrəsində əlamətdar tarixə həsr olunan “Tarixi yaşadanın tarixi” sərlövhəli məqalədə yazılıb ki, nəşr ilk gündən dövlətçilik mənafeyini ön plana çəkib, milli-mənəvi dəyərlərin yaşadılması, gürcü-Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsi ideallarına sədaqətini nümayiş etdirib. Nəşr Gürcüstanda bir sıra dövlət mükafatı və fəxri fərmanlara layiq görülüb.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev vaxtilə “Gürcüstan” qəzetinin fəaliyyətinə yüksək qiymət verib. Mərhum İslam Əliyevin məqaləsində qeyd olunub ki, 1996-cı ildə Gürcüstana səfəri zamanı ulu öndər nəşri Azərbaycan üçün əziz olduğunu qeyd edərək onun Gürcüstanla Azərbaycan və iki xalq arasında əlaqələrin inkişaf etdirilməsində çox xidmətlər göstərdiyini bildirib.
H.Əliyev həmçinin Naxçıvanda blokada şəraitində yaşayarkən qəzet əməkdaşlarının onunla görüşmələrini, müsahibə alıb qəzetdə dərc etmələrini belə xatırlayırdı: “O vaxt mənim üçün bu, böyük mənəvi dayaq idi. Baxmayaraq ki, mən Naxçıvanda sürgündə idim, bir tərəfdən gürcülər, o biri tərəfdən Gürcüstanda yaşayan azərbaycanlılar məni unutmamışdılar. Bunu qəzet vasitəsilə etmişdilər. Ona görə də “Gürcüstan” qəzetini yaşatmaq lazımdır. Mən böyük vəd verən adam deyiləm. Ancaq bu gün bəyan edirəm ki, “Gürcüstan” qəzetinin yaşaması, mütəmadi çıxması üçün Azərbaycan dövləti və şəxsən mən lazımi tədbirlər görəcəyik”.
Azərbaycan və Gürcüstan arasında özünəməxsus mənəvi körpü olan qəzet 1990-cı ilin 20 yanvarında Bakıda törədilən qanlı hadislər barədə həqiqətlərin Gürcüstan ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayıb. Belə ki, faciədən sonra işıq üzü görən o zamankı “Sovet Gürcüstanı” qəzetinin bütün səhifələrində bu gün də qəzetin əməkdaşı olan fotoqraf Şahvələd Eyvazovun Bakıda lentə aldığı fotolar yerləşdirilib və nüsxələr Tbilisinin mərkəzi Rustaveli prospekti boyu yerləşən binaların divarlarına yapışdırılıb.
Bir əsrlik tarixə malik “Gürcüstan” qəzeti qonşu ölkədə Azərbaycan mətbuatının zəngin tarixi ənənələrini şərəflə yaşatmağa davam edir. Nəşr həftədə bir dəfə – hər cümə günü oxucularını sevindirir.
“Report” İnformasiya Agentliyi qocaman “Gürcüstan” qəzetinin kollektivini 100 illik yubiley münasibətilə təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır.