Manşet

Borçalıda Zəmzəm

 

Zəmzəm suyu haqqında quranda hər hansı bir ayə yoxdur. Lakin bəzi rəvayətlərə görə İbrahim Peyğəmbərin oğlu İsmayıl səhrada susuzluqdan ağlayan zaman Allah tərəfindən möcüzəli bulaq yaradılmış və zəmzəm suyu axmağa başlamışdır. Hər il milyonlarla zəvvar bu sudan içir və qablara doldurub özləri ilə götürürlər.Zəmzəm sözünün mənası bol, doyurucu su mənasına gəlir.

Borçalı əhli isə inanır ki, ilaxır çərşənbəsi gün səhər açılmayanacan axan su zəmzəm suyudur. Artıq əsrlərdir bu ənənə davam edir. Hər ilaxır çərşənbə gecəsi dan yeri sökülməmiş camaat axar su kənarına yığılır, bulaqdan və yaxud axar çaydan zəmzəm suyu götürürlər. Bəziləri zəmzəmə getmək üçün əhd edir ki, hər hansı bir arzusu yerinə yetsə, gedib zəmzəmzəmdə şirinlik paylayacaq. Hətta zəmzəm suyunun kəramətinə sidq ürəklə inananlar niyyət edib gecənin qaranlığında soyuq suda cimirlər. Ən maraqlı adətsə yeni ailə quran qızın mütləq zəmzəmə çıxıb zəmzəm suyu götürməsidir. Həmin gecə çay kənarında iynə atsan yerə düşməz, qoca, cavan uşaq, qız, gəlin hamı bu möcüzəvi zəmzəm suyundan götürüb evinə bərəkət aparmaq istəyir. Uzun illər övlad həsrəti ilə yaşayanlar çay kənarına zurna- balaban gətirir, qoyun – quzu kəsib çay kənarına yiğılanlara qonaqlıq verir.

İlaxır çərşənbə adətləri içərisində axar su kənarına gedib zəmzəm suyu gözləmək adəti deyil, lal su gətirərək subay qızların fal etmək adəti yer alır. Borçalı əhlinin bu inancının haradan və nədən qaynaqlandığını söyləmək bir qədər çətindir. Lakin hər bölgənin öz adət-ənənəsi və inancı var. Bu da bizim borçalıların uzun illərdir qoruyub saxlayıb gələcək nəsillərə ötürdüyü inancıdır.

Bu gecədə ənənəsinə və inancına sadiq qalan soydaşlarımız çay kənarında, bulaq başında yüksək əhval-ruhiyyə ilə zəmzəm suyunun axmasını gözlədilər. Su kənarında tonqal qalayıb üstdən atlandılar ağırlıqlarını tonqala atıb zəmzəm suyu ilə arındılar.

Muxayeva Elida

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir