İndi toxunacağım mövzu çeynənmiş mövzudur. Bəlkə də əlinə qələm alıb cızma-qara edən elə bir insan, yazar, ziyalı tapılmaz ki, bu mövzuya toxunub, qələminin mürəkkəbini onsuz da həyatı mürəkkəb olan, daha doğrusu, həyatın mürəkkəbinə atılan, kiçik yaşlarından gəlin statusunu alan qızların üstünə axıtmasın. Bəli, bu mövzunu çoxları işləyib. Ancaq heç bir nəticə yoxdur, yenə də, qızlarımız uşaqlıqlarını yaşamadan qayğıların qoynuna atılırlar. Məsum uşaqlıqdan ev arvadlığına birbaşa keçid edirlər. Yenə də qızlar ailə anlayışını dərk etmədən hər hansı bir ailəyə gəlin, arvad olurlar. Təbii ki, bu, çox böyük dərd, həllini tapmamış problemdir. Hərə bir prizmadan yanaşıb bu problemə. Kimi təhsilsiz ana problemini, kimi on beş yaşında ərə verilən qızın psixoloji-mənəvi durumunu, kimi isə fiziki gücünü analiz edib. Təbii ki, bizdə mentalitet deyilən anlayışa sadiqlik möhkəm olduğu üçün ziyalılar kiçik yaşlı qızlara intim əlaqənin vurduğu zərbədən danışmağa çəkiniblər. Onlar bu məsələnin üstündən ötəri keçərək təhsilsiz qadın problemini mərkəzləşdiriblər.
Yazıq Cəlil. Azad qadın deyə-deyə ömrünü vurdu başa. “Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstünə vurulub. Şərq qadınının dərdini mən hamıdan artıq anlaya bilərəm. O mənim köhnə dərdimdir… Nədir onların dərdi? Şərq qadınını azad etmək! Nədən? Şəriətin kəməndindən, müsəlmanlığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşafın zülmündən”. Çarşafın zülmündən azad olan Şərq qadını şəriətin kəməndindən canını qurtara bilmir. Son zamanlar bu problem təəssüf ki, yenidən günümüzün aktual probleminə çevrilib. Çoxalan qadın intiharları üzərində araşdırma apardıqda aydın olur ki, Mirzə Cəlilin yazdığı müsəlmanlığın zənciri boğazlarına dolanıb onları ölümün ağuşuna atır. Əksər qadın intiharlarının kökündə qadın hüquqlarının pozulması dayanır. İnsan dəhşətə gəlir. Baxırsan, on beş yaşı var və yaxud on beşinə yol gedir, gəlinciklə oynayan vaxtında bığıburma kişilər, ağbirçək arvadlar yığılıb “xoşbəxt ol, ay gəlin, oğullu-qızlı ol, gəlin” deyirlər. Üstəlik on beş yaşlı uşağın boynuna atırlar ki, getdiyin ailənin bini-bərəkəti ayağının səyasındadı.
Son günlərin ən çox müzakirə və tənqid olunan Soğanlıq kəndində 13 yaşlı qızın nişanlanması erkən evlilik məsələsini yenidən aktuallaşdırdı. Amma gəlin etiraf edək, 13 yaşında və yaxud 15 yaşında nişanlanan, ərə verilən qızlar azdırmı? Və uşaqkən arvad, nişanlı qız edilən məsumlar bizim çevrəmizdə də var. Qızlarımız əllərindəki süd butulkasını təzəcə yerə qoyduqları bir vaxtda əllərində dolu sini gələn elçilərə şirin çay paylayırlar.
Azyaşlı qızının çiyninə qırmızı şal atılan valideyn elə zənn edir ki, dünyada ən doğru hərəkət edib, uşağının gələcəyini sığortalayıb, qırmızı şalı ilə birlikdə qızcığazın çiynini alınmaz qalaya söykəyib, həmin alınmaz sandığı qala isə çiyni qırmızı şallı qızın başına uçur. Qönçə olan gül elə o qırmızı şalın altındaca solub məhv olur.
Bu məsələlər də danışmaqla, yazmaqla həll olunmur. Qanun belə balaca qızını gəlin edənlərin yolunu kəsə bilmir. Bəzi valideynlərin gəlincik kimi əzizlədiyi, bəzi “valideyn”lərin isə o gəlinciyi gəlin etmək arzusundan dolayı, gəlinciklər həyatın ən mürəkkəb dönəmlərini yaşamağa vadar olurlar. Nə uşaqlıq yaşayırlar, nə gənclik! Ancaq arvadlığı doya-doya yaşayırlar! Zalım valideynlərin ana quzularına rəva bildiyi arvadlığı, gəlinliyi!
“Gəlin”. Necə də iyrənc səslənir bu söz. On beş yaşlı uşağa gəlin deyənlərlə bir əsrdə yaşayıb, eyni oksigeni udduğu üçün insan xəcalət çəkir. Uzun illərdir cəmiyyəti bu bəladan xilas edib maarifləndirməyə çalışanların sayı çox olsa da, on beş yaşında “xoşbəxt ol, ay gəlin” deyilənlərin sayı da çox oldu.
Azyaşlı uşağını ərə verən valideyn elə sevinir, elə bil qızlarının on beş yox, qırx beş yaşı var. Nə yaxşı bəxti açıldı. Yoxsa ömürlük evdə qalardı. On beş yaşlı uşağa ağ gəlinlik geydirib köçürənlərdən böyük cinayət işləyən varmı?! Qanunla ən ağır cəza insan öldürənə düşür. Niyə on beş yaşlı uşağı ölümlə üz-üzə qoyanlara cəza yoxdur? Niyə? Nə vaxta qədər uşaqlar məktəbdən ayrılıb ərə, “gora” veriləcək?! Nə vaxtacan boş-boş yazıb, heç bir nəticə çıxarmayacağıq? Bir-birinin bəhsinə girib körpə uşaqları özlərindən on beş-iyirmi yaş böyük, süysünüyoğun kişilərə ərə verirlər. Az qala dədəsi yaşında kişiyə arvad olan biçarələrin halını təsəvvür etmək o qədər də çətin deyil. Qara günləri elə o qara bığlı kişiyə arvad olan gündən başlayır. Məişət qayğıları, qayınana, qayınata qulluğu, üstəlik gecikmədən dünyaya uşaq gətirmək dərdi, yoxsa süysünüyoğun kişinin adına söz gələr ki, necə kişidir ki, arvadı doğuzdura bilmir. Özünün qayğıya, qulluğa ehtiyacı varkən, bir evə qulluqçu verilir qızlarımız. Biz də yığılıb “xoşbəxt ol, ay gəlin” deyirik. Körpə uşaqları ərə verənlər qədər günahkar olmasaq da, onların bədbəxtliyində toplum olaraq hamımızın payımız var. Hələ mən bir ziyalı görmədim ki, erkən evləndirilənlərin toyuna getməkdən imtina edə. Əksinə, problemi ağ vərəq üstündə həll edənlər bəzəkli xalılar üstündə qol açıb sındırırlar. Bax, budur bizim bədbəxtliyimiz! Budur bizim xəstəliyimiz! Yaxşı valideyn bizim təfəkkürümüzdə qızına “səni verirəm ərə, o evdən cənazən çıxacaq!” deyən valideyndir. Elə ataya el də “bərəkallah” deyir. Siz bizim təfəkkürümüzə baxın!
Təfəkkürümüz xəstədir. Düşüncəmiz xəstədir. Bəzilərimizin arzuları, xəyalları xəstədir. Amalları şikəstdir. Şikəst məqsəddən şikəst gələcək yetişir. Bəli, hamımız şikəst amalın məhsuluyuq! Qüsurlu təfəkkürümüzə görə qız uşaqları həyata təkcə övlad gətirmək üçün gəlir. Düşüncələrimiz qüsurlu olduğu üçün bir reallığı anlaya bilmirik ki, dünyaya övlad gətirən ana həm də onun tərbiyəçisidir. Azyaşlı psixoloji zərbə alıb süysünüyoğun kişiyə arvad olan qadın necə normal övlad yetişdirə bilər?!
Günahı sübuta yetirilmək üçün illərlə məhkəməsi uzanan məhkumlar var. Lakin gözümüzün önündə cinayət törədənlər də var. Amma o cinayətkarlara “gözünüz aydın, tezliklə nəvə qucağına alasan” deyərək təbrik edirlər. Onlar da etdikləri cinayəti böyük iftixar bilirlər. Hətta pandemiya, komendant saatı da uşaq qatillərinin yolunu kəsə bilmir. Qızlarını qurban verənlər bunun da çarəsini tapıblar. Lap adamın yadına Kefli İsgəndər düşür. Şeyx Nəsrullaha gətirilən qızlar və İsgəndərin monoloqu: “Baxın, baxın. Yaxşı baxın, diqqətlə baxın. Sizin tarix kitabında bu, qan ilə yazılmış bir səhifədir”. Kiçik yaşında arvad edilən qızlar da tariximizin qan ilə yazılan səhifəsidir. Və təəssüf ki, bu qan ilə yazılan səhifələr davam edir. O qan ilə yazılan səhifələrdə nə yoxdur? Acı göz yaşları, iztirab, qayğı, intihar, cəhalət!!! Ah, nə bədbəxtliklər var qan ilə yazılan epopeyalarda!