Manşet

Şuşalı Novruz

Otuz ildir bayramlarda bir arzu dilə gətirilirdi “Gələn il Novruzu Qarabağda qeyd edək” bayram tonqalını Şuşada yandıraq” Bayram arzularını dilə gətirdikdə məhz Qarabağımızın, Şuşamızın azadlığı arzuların fövqündə dayanırdı. Düşmən tapdağında qalan torpaqlarımızın azad olunması diləyi ilə hər Novruzu qarşılayıb ili başa vururduq, gələn Novruz yenə həmin arzular… həmin niyyətlər…

Əsl Baharı yaşamaq qismət olmurdu bizə. Xarıbülbülün ətrini almaq, qar altında bitən çiçəkləri görmək eşqi ilə yaşayırdıq. Bayram günlərini əzizlərinin qəbrini ziyarət etmək istəyənlərin dərdi hamıdan ağır idi. Dağıdılmış qəbirstanlıqlardan boylanan baş daşları da yol gözləyirdi. Doğma ayaq izlərinin dəyəcəyi zamanı gözləyirdi. Bizim cansız dediyimiz daş da, kəsək də, hər şey yol gözləyirdi.

Güllər , çiçəklər, otlar sanki onlar da Bahardan küsmüşdülər. Nə Şuşaya Bahar gəlirdi, nə Qarabağ bahar ətrini hiss edirdi. Səması tutulub, göyləri qan ağlayırdı. Qarabağ vətənsiz, Vətən Qarabağsız yetim idi. Övlad itirən ana, ana itirən övlad bayramı hansı əhval- ruhiyyə ilə qarşılayır Qarabağ baharı, Azərbaycan Novruzu elə qarşılayırdı. Bəli, hər şey sönük və rəngsiz idi. Mələr qalan balası “Ana”deyib ağlayan , övladı ayrı düşən , bir parçası yağıların tapdağı altında qalan Vətən bayramı necə qarşılaya bilərdi. Amma nə Azərbaycan sındı, Nə Qarabağ əyildi, nə xalq doğma torpağına qovuşmaq ümidini itirdi. Bizim qələbəmiz məhz ümidlərimizdən qaynaqlandı. Bir an belə sönməyən , yox olmayan ümidlərimizdən!

Bahar bu il bir başqa gəldi vətənə, Vətən də güldü, Bahar da güldü, torpaq da sevindi. Bu il Qarabağ torpağına nəfəs verildi. Çiçəklər, otlar sulandı şəhidlərimizin qanı ilə…Hər yer yaşıllaşdı. Azərbaycana Bahar noyabr ayından qədəm qoydu. Qəhrəman oğulların ayağı dəyən hər yer cənnət oldu, qan ilə suvarılan çiçəklərin ətri hər yerə yayıldı. Vətən də xoşbəxt oldu, övladları da…

Folklorda məlumdur ki, babalarımız Tonqalı dağ başında çatıb qələbəni xəbər veriblər. Şuşada qalanan Tonqal da dünyaya türksayağı mesaj verdi. “Şuşa azaddır”. Şuşada qalanan tonqalın şöləsi bütün Azərbaycana yayıldı, bayram bayrama qarışdı. Amma şəhidlərimizi bir an belə unutmadıq , sevincimiz

kədərimizə, kədərimiz sevincimizə qarışdı. Kədər qarışıq sevinclə, qürürla, vüqarla qarşıladıq Novruzu. Bu qürürü bizə yaşadanların ruhu Qarabağ səmalarını dolandı.

Novruz bayramı insanlar arasında dostluq, bərabərlik bayramıdır. Azad olunan torpaqlarda çatılan tonqallar, qeyd olunan Novruz, səslənən muğam dünyanı sülhə və dostluğa dəvət etdi.

Zəfərin mübarək, Novruzun mübarək, Azərbaycan!!

Elida Muxayev

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir