Cəmiyyət

Təhsil Nazirliyinin İMTAHAN FIRILDAĞI… – İTTİHAM

“Deməli, Təhsil Nazirliyi 19 martda direktorların işə qəbulu üzrə test imtahanları keçirdi.​ Düzdür, bir müddət əvvəl də keçirilmişdi, amma texniki nasazlıqla əlaqədar (?) təxirə salındı”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov özünün Facebook səhifəsində yazıb. O, nəticələrdən razı deyil. K. Əsədovun fikrincə, sözügedən imtahanlarda neqativ hallar çoxdur. Ekspert “Sherg.az”a açıqlamasında işə götürülən kadrların lazımi hazırlıq səviyyəsində olmadıqlarını bildirdi:

“Məsələdə diqqəti iki faktora çəkmək lazımdır. Birincisi, imtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunub. Biliyin yoxlanıldığı hər üç istiqamət, məktəbə rəhbərlik edəcək şəxs üçün zəruridir. Amma imtahanda iştirak edənlərin nəticələri mənə görə qənaətbəxş deyil. İki min nəfərdən çox ali təhsilli, azı beş il stajı olan və hətta minlərlə direktor vəzifəsini əvəz edən şəxs arasında bir nəfər də maksimum nəticə əldə edən yoxdur. 55 baldan yuxarı nəticə əldə olunmayıb. Bilirik ki, imtahan iştirakçılarının böyük əksəriyyəti həm təhsil sistemində rəhbər postda çalışır, həm də repititor yanında bu imtahan üçün hazırlaşır. Bəli, bizim özündən deyən pedaqoji kadr hazırlayan universitetlərin məzunları müəllim olmaq üçün müəllim yanına hazırlığa gedir, əvəzedici direktorlarımız direktor olmaq üçün repititor və hazırlıq kurslarına gedir, orta məktəbdə çalışan uzunmüddətli stajı olan müəllimlər diaqnostik imtahan, sertifikasiya imtahanı üçün müəllim yanına, hazırlıq kurslarına gedirlər. Bəli, dövlət təhsilinin yükünü özəl sektor çəkir, repititor və hazırlıq kursları məsuliyyəti daşıyır. Fəaliyyəti dövründə yalnız təhsil qanunvericiliyi əsas götürəcək şəxslərin, işçi ilə münasibətləri əmək məcəlləsi ilə tənzimləyəcək şəxslər arasında bu vacib istiqamətdə maksimum bal toplayan yoxdur. Hamının 100 faizli nəticə göstərməsi şərt deyil. Ümumiyyətlə, bu tipli imtahanda 80 faizdən yuxarı nəticə müsbət hesab olunur”. ​

K. Əsədovun sözlərinə görə, belə namizədlər vakansiya yerlərinə təyin edilməməlidirlər. Əks halda ciddi problemlər yarana bilər: “Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək. Bu, diqqət çəkmək istədiyim ikinci biabırçı faktordur. Yəni bir rayon üzrə 10 imtahan iştirakçıları arasında toplanan ən yüksək nəticə beş baldır. Həmin adamı da vəzifəyə təyin edəcəklər. Niyə? Bu 5-10 balı toplayan nə verəcək təhsilə? Özü də o 5-10 balı toplayan illərdir direktor vəzifəsini əvəz edəndir. Bir kadr ki, təhsil qanunvericiliyindən, əmək məcəlləsindən heç nə bilmir, onu həmin postda saxlamaq ayıbdır. Fikrimcə, direktor vəzifəsinə təyin olunmaq üçün bütün ölkə üzrə konkret keçid balı olmalıdır. Yoxsa, bir məktəbə kimsə 10 balla qəbul olur, amma başqa yerdə kimsə 45 balla kənarda qalır. Ola bilər ki, bu zaman yerlər yenə də boş qalacaq. Qoy, qalsın. Və əsas, əvəzedici keçid balı toplaya bilmirsə, onu yenə də saxlamaqda Təhsil Nazirliyinin marağı nə ola bilər? Təhsilin inkişafı, keyfiyyəti onun idarəetməsində iştirak edənlərin bilik və bacarıqlarının səviyyəsindən asılıdır. Heç kim özündə olmayandan artığını edə bilməz”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir