Vurğulamaq lazımdır ki, belə bir qlobal bəlaya qarşı effektiv tədbirlərin keçirilməsi və dünya dövlətlərinin həmrəyliyinin vacibliyi və sair kimi aktual məsələlər demək olar ki, ilk dəfə və mütəmadi olaraq Azərbaycan Prezidenti tərəfindən qabardılıb. Ötən il dekabrın 3-də Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılmış BMT Baş Assambleyasının koronavirusa qarşı Xüsusi Sessiyasının dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələr baş tutmuşdu. Həmin vaxta qədər COVİD-19-la bağlı planetin ən böyük təşkilatı olan BMT bu mövzuda dünya dövlətlərinin bir araya gəldiyi belə genişmiqyaslı tədbir keçirməmişdi. Martın 23-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin daha bir qlobal təşəbbüsü müzakirəyə çıxarıldı və qətnamə formasında qəbul edildi. Söhbət hazırda planetin əksər dövlətləri üçün bir nömrəli məsələyə çevrilən vaksinlərin əlçatanlığı problemindən gedir. “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamədə deyilir ki, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsi həllini tapmalıdır.
Burada xatırlatmaq yerinə düşər ki, dünyada COVİD-19 virusuna qarşı vaksinasiya prosesini tezləşdirmək üçün ötən ilin ortalarında COVAX platforması yaradılıb. COVAX platformasının əsas məqsədi COVID-19-la mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaq olmalıdır. Lakin görünən odur ki, bu platforma vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkir, ya da bunu etməkdə maraqlı deyil. Belə ki, ələlxüsus Afrika və Asiya qitəsinin bir çox ölkəsi hələ də vaksinlərin əlçatanlığından əziyyət çəkməkdədir. Buna ən əsas səbəblərdən biri COVAX tərəfindən vaksinlərin ilk növbədə Qərb ölkələrinə verilməsi, hətta bəzi dövlətlərin lazım olandan dəfələrlə çox vaksinləri anbarlarına yığmasıdır.
Qeyd edək ki, ölkəmiz ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparıb. Azərbaycan hələ sentyabr ayında Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılan COVAX platformasına qoşulan ilk ölkələrdən olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da müvafiq peyvəndlə təmin olunmalı idi. Sazişə görə, ÜST-ün prekvalifikasiya mərhələsindən keçmiş COVID-19 əleyhinə peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biri olacaqdı. Lakin artıq müəyyən qədər vaxtın keçməyinə, COVAX platforması çərçivəsində artıq 60 ölkəyə vaksin çatdırılmasına baxmayaraq, hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib, bu təşkilat öhdəliyini yerinə yetirməyə tələsmir. Son günlər isə COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir.
Vaksinasiya prosesini tezləşdirmək üçün yaradılan COVAX-ın pandemiya ilə bağlı bir çox dövlətlərə yardım etmiş və virusa qarşı mübarizədə bir çox təşəbbüslər irəli sürmüş Azərbaycana olan münasibət başa düşülən deyil. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi bir müddət əvvəl baş tutan “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” adlı beynəlxalq vebinardakı çıxışı zamanı “ÜST-ün tərəfdaş olduğu COVAX-ın sırf bərabərsizliyi aradan qaldırmaq üçün yaranan təşəbbüs” olduğunu bildirsə də , təəssüflər olsun ki, bu sahədə problemlər göz qabağındadır.
Bu il ortala hesabla 2 milyard əhalini vaksinləşdirməyi planlaşdıran COVAX-la bağlı durum onu göstərir ki, reallıq proqnozlaşdırıldığı kimi deyil.
Artıq ayrı-ayrı təşkilatlar və rəsmi şəxslər də vaksinlərin dünya ölkələri üzrə paylanmasındakı qüsurlar haqda çıxışlar etməkdədirlər. Belə ki, bir müddət əvvəl BMT Baş Katibi Antonio Quterriş də vaksinlərin paylanmasının ədalətsiz və qeyri-bərabər şəkildə həyata keçirildiyinə diqqət çəkib. Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə isə yüksək və orta gəlirli ölkələrdə adambaşına vaksinlərə yüksək tələbin olması səbəbindən COVAX peyvənd tədarükünün pozulma riski var. ÜST-nin baş direktoru Tedros Adan Qebreyesus bir neçə gün əvvəl özü qeyd etməli oldu ki, dünyada 459 milyon insan koronavirus peyvəndi olub ki, onların da 75%-dən çoxu 10 ölkənin payına düşür. Düşündürücüdür.
Bu, həm də o deməkdir ki, həm COVAX, həm də vaksin preparatları istehsal edən bəzi şirkətlər qanundan kənar işlərlə məşğuldur. Bu təşkilata ilk qoşulanlardan biri olan Azərbaycana bu ilin may ayına qədər 432 min doza “AstraZeneca” vaksini verilməsi nəzərdə tutulmasına baxmayaraq, bu günlərdə məlum oldu ki, ölkəmiz bu vaksinləri göstəriləndən dəfələrlə az sayda və qeyri-müəyyən vaxtda əldə edəcək. Xatırladaq ki, hələ bir müddət əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” peyvəndləri alacaq 18 ölkənin siyahısına ümumiyyətlə daxil olmamasına görə ÜST-ü tənqid etmişdi.
COVAX ətrafında baş verənlər belə qənaətə gəlməyə əsas verir ki, Avropa İttifaqı, eləcə də ayrı-ayrı ölkələr bu təşəbbüsü siyasi alətə, təzyiq vasitəsinə çevirib. Bu ölkələr əvvəl özlərinə, sonra isə özlərinə yaxın, öz siyasətlərinə uyğun dövlətləri vaksinlə təmin etmək siyasəti yürütmək xətti götürüb. Göründüyü kimi, səhiyyə, planetin sağlamlığı sahəsində, dünyanın bu cür təhlükəli çağırışla üzləşdiyi bir vaxtda da Avropa İttifaqı vaksin diskriminasiyası həyata keçirir, digər ölkələrə, xalqlara, millətlərə qarşı ayrı-seçkilik edir, bəzi ölkələrə qarşı həddindən artıq və yersiz səxavət nümayiş etdirir, daha ağır vəziyyətlə, pandemiyanın ağır fəsadları ilə üzləşmiş ölkələrin üzünə qapıları bağlayır. Müstəmləkəçilik siyasətindən hələ də əl çəkməyən Avropa yenə də siyasi məsələləri, öz maraqlarını önə çıxarır, vaksinləşmə məsələsindən də siyasi təzyiq vasitəsi kimi istifadə edir. COVİD-lə mübarizə məsələsində də Avropa İttifaqı növbəti dəfə ikili standart siyasətindən əl çəkə bilmir. Artıq heç kəs üçün sirr deyil ki, digər ölkələrin insanlarının həyatı, yaşamaq haqqı Avropa siyasətçiləri, Avropa İttifaqı üçün heç bir əhəmiyyət daşımır. İnsanların ən təbii haqqı – yaşamaq haqqını tanımaq istəməyən Avropa İttifaqının yalnız Qərb dairələrinin siyasi maraqları tələb edəndə insan hüquqlarının qorunması məsələsini gündəmə gətirməsi bu təşkilatın nə dərəcədə səmimi olduğunu göstərir. Bu gün bütün dünya COVİD təhlükəsi ilə üz-üzədir. Belə bir təhlükə fonunda ayrı-seçkilik, siyasi təzyiq, vaksinlərin əlçatanlığını təmin etməkdə yalnız öz maraqlarını üstün tutan Avropa İttifaqının bundan sonra hansısa ölkəni insan haqlarını pozmaqda qınamasını kim ciddi qəbul edəcək?
Azərbaycana və bir çox dövlətə qarşı ayrı-seçkiliyin edilməsi, bəzi ölkələrin vətəndaşlarına münasibətdə COVAX tərəfindən bu cür məsuliyyətsiz addımların atılması bir daha göstərdi ki, bütün sahələrdə olduğu kimi, səhiyyə məsələsində də hər bir dövlət öz milli strategiyasına güvənməlidir. Bir çox məsələdə olduğu kimi, vaksinlərlə bağlı mövzuda da dövlətimiz uzaqgörən siyasətini ortaya qoyaraq vətəndaşların sağlamlığının qorunması üçün əvvəlcədən lazımı tədbirlər görüb. Azərbaycan dövləti COVAX-ın ilkin vədlərinə baxmayaraq, öz işini sığortalayıb və Çindən lazımı sayda keyfiyyətli “CoronaVac” vaksininin vaxtında tədarükünü təmin edib. Artıq ölkəmizdə yarım milyondan çox vətəndaşımıza vaksin vurulub və proses uğurla davam edir. Respublikada yanvarın 18-də tibb işçilərinin vaksinasiyası ilə start götürən peyvəndlənmə bütün rayonlarda uğurla davam edir. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, fevralın 8-dən yaşı 65-dən yuxarı, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin, martın 3-dən isə ilkin olaraq paytaxtdakı ümumtəhsil müəssisələrinin yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətinin vaksinasiyası, bu günlərdə isə 40 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb. Artıq Azərbaycanda risk qrupuna daxil olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, həkimlər, polislər vaksinasiya olunublar.
Hazırda planetin milyardlarla əhalisinin vaksinə ehtiyacı var. Bu sahədə beynəlxalq təşkilatlar tərəfindən yol verilən ayrı-seçkilik nəticəsində Azərbaycan vətəndaşları da vaksinləşmə ilə bağlı ciddi problemlərlə üzləşə bilərdi. Lakin Azərbaycanın apardığı düşünülmüş strateji siyasət nəticəsində ölkə vətəndaşlarının vaksinlərə əlçatanlığı təmin edildi. Qeyd etmək lazımdır ki, regionda məhz Azərbaycan vaksinasiyaya başlayan ilk ölkə oldu və hazırda bu sahədə birinciliyini saxlayır.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov //APA.AZ//