Manşet

Zirveyolu.info Firudin Qurbansoyla müsahibəni təqdim edir.

Özünəqəsdin lokomotivi Şüursuzluq, ağlın bütöv olmamağıdır.

-Firudin müəllim, sizcə, son vaxtlar gənclər arasında artan intiharların səbəbi nədir?

– Müqəddəs kitabımızda da buyurulduğu kimi intihar etmək çox böyük günahdır. Bu günahın mahiyyəti ona əsaslanır ki, insanı yaratmaq da, canını almaq da Allahın iqtidarındadır. İnsan özünə qəsd edirsə, Allahın işinə qarışmış olur. İntihar edənlər Allahın varlığını tam mənası ilə dərk etməyənlərdir. Onlara elə gəlir ki, çıxılmaz vəziyyətdən yeganə çıxış yolu intihardır. İntihar halları insanın zəiflik məqamında baş verir. Psixoloqların fikrincə, on beş dəqiqə ərzində insan bu fikirdən daşınarsa, bir daha özünə qəsd etmək haqqında düşünməz. İnsana müxtəlif yollarla təsir etmək olar. Birinci, dini-irfani yoldur. İkinci, psixoloji yol. İnsan bu həyatı gözəl görsə, canına qəsd etməz. İnsanlar Allahın yolundan çıxmasalar, intihar etməzlər. Zərdüşt peyğəmbər buyurur ki, düz düşünmək, düz danışmaq, düz hərəkət etmək lazımdır. Bu şərtə əməl olunsa, intihar hallarına rast gəlinməz. İnsanlar intihar etdikdə düz fikirləşmirlər.

– Fikir vermisinizsə, intihar edənlərin əksəriyyəti gənc qızlardır.

– Bəli. Cavan qızlar niyə özlərini öldürmək istəyirlər? Buraxdıqları çox böyük və düzəlməz səhvə görə. Onlar bir anlıq ehtirasa görə özlərini bədbəxt edir, aldandıqlarını başa düşdükdən sonra fikirləşirlər ki, daha yol yoxdur. Onlar yaxşı tərbiyə görmüş qızlardır. Belə bir söz var: müsəlman qadınları mina axtarana oxşayır. Bir dəfə səhv edə bilirlər. İkinci dəfə səhv etmək imkanı onlara verilmir. Onlar, əslində, həyalarına qısılıb ölümü seçirlər. Ailədə ana ilə qız rəfiqə olmalıdır. Aralarında qalın pərdə olmamalıdır. Ana qızına həyatı başa salmalıdır. Qız uşaqları intihar planlarını gizlincə düşünür, ən yaxın rəfiqələrinə də demirlər. Analarına açmadıqları sirri rəfiqəyə heç açmazlar. Eyni zamanda, onlar Allaha yaxın adam olmalıdırlar. Allahın varlığını dərk etməlidirlər. O çətin məqamlar onlara imtahan üçün göndərilib. Bu imtahandan çıxsalar, yaxşı qiymət alarlar. Allah-təala bu dünyanı məktəbə bənzədir.

– Firudin müəllim, feministlər qadın intiharlarının səbəbini qadın hüquq və azadlıqlarının pozulması ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz?

– Mən, ümumiyyətlə, feminizmə nifrət edirəm. Bunu Avropa və Amerikanın küçə qadınları fikirləşib. Və bunu zorla XIX yüzillikdə bəşəriyyətə təlqin ediblər. Əsas

fikir ailəni dağıtmaqdır. Qadın azadlığı nədir, ümumiyyətlə, azadlıq nə olan şeydir. Məgər azad deyilsən? Ailə quranda subay olandakı kimi azad ola bilirsən? Evin var, övladın var, övladın ağlayanda atırsan o yana, yox, mən istəyirəm Bulvarda gəzim. Eləyə bilərsən? Hər şeyin məntiqi əsası var. Qadın azadlığı ifadəsi ailəni dağıtmaq üçün massonların əlində düşünülmüş vasitədir. Xəbəriniz var, 1920-26-cı illərdə Bakının özündə nə müsibətlər olub? Cavanlar “Rədd olsun utancaqlıq!”, “Rədd olsun geyim!” adlı şüarları qırmızı parçanın üstünə yazıb əyinlərinə keçirirdilər. Ancaq bu olurdu əyinlərində. Dəstə ilə qışqıra-qışqıra şəhəri dövrə vururdular. Əlbəttə, bu, yay aylarında olurdu ki, soyuqlamasınlar. 35-40 il bundan əvvəl belə ədəbsiz geyimlər yox idi. Göbəyini göstərmək özünü, ailəni, ətrafdakıları təhqirdir. Feministlərin istədiyi əxlaqsızlığın yayılmasıdır. Əgər qadınlar intihar edirsə və buna sövq olunursa, feministlərin dediyi deyil, insanların zəifliyidir. Zəif adamlar intihar fikrinə düşürlər. Bizdə bunu qəhrəmanlıq kimi təlqin edirlər.

– Sizcə, intihar hadisələrinin təkanverici qüvvəsi nədir?

– Əsasən, Allahdan uzaq düşmək. Həyat haqqında təsəvvürləri zəif olur. 16 yaşdan 25 yaşına qədər insanlar intihar edir. 30-dan böyük yaşda intihar edənlər psixologiyası pozulmuş insanlar olur. Yəni ruhi xəstə adamlar olurlar. Amma ilk gənclik illəri, yeniyetməlik dövrü dərk edilməyən intiharlardır. Sevdiyi insan ona sərt cavab verirsə, gedib özünü öldürə bilər. Ata-ananın onunla məşğul olmaq üçün kifayət qədər zamanı yoxdur. Övladına vaxt ayırıb, onunla söhbət edə bilmir ki, onun mənəviyyatını, ruhani aləmini qaldıra bilsin, həyatı ona başa sala bilsin. Ona görə də onlar özlərini tənha hesab edir, insan da özünü heç vaxt tənha görmək istəmir. Bütün fikrini bir nəfərin üstünə cəmləyir, buna da sevgi deyir. İdeallaşdırdığı adam onun təsəvvüründəki adamın milyon kilometr də yaxınlığına gəlmir. O, ayrı qütbün adamıdır. Onun hansısa bir xüsusiyyətini, səs tonunu və yaxud ətrini, gözlərinin quruluşunu, yerişini ideallaşdırır, bütün məhəbbətini ona yönəldir. Sonradan həqiqətlər üzə çıxanda özünə qəsd düşünür. Bu, yenə də zəiflikdən irəli gəlir. Özünəqəsdin lokomativi şüursuzluq, ağlın bütöv olmamağı, eyni zamanda ünsiyyətin azlığı, sosial-ictimai həyatın basqıları ilə yanaşı, fərdi, psixoloji problemlər ola bilir.

– Ekspertlərin fikrincə, intiharlar qlobal meyldir. İntihar üzrə ilk yerləri tutan ölkələr iqtisadi baxımdan inkişaf etmiş ölkələrdir. Niyə inkişaf etmiş ölkələrdə intiharlar çoxdur?

– O, düzdür. Almaz bir çox soyuq olan yerdə əmələ gəlir, bir də çox isti olan yerdə. Qətllər də bir çox inkişaf etmiş ölkələrdə olur, bir də inkişaf zəif olan ölkələrdə.

İnkişaf etmiş ölkələr deyəndə, ABŞ-da olan qətllər barədə, yadıma gəlir ki, çox böyük tədqiqat işləri aparılmışdı. Amerikanın harınlıq dövründə özünə qəsd eləyənlərin sayı çox idi. Varlı uşaqları nə istəyir onu edə bilirlər. Bir gündə üç qitəni gəzmək iqtidarındadırlar. “Bu dünyadan nə ala bilərəm. Nə lazımdırsa, hamısını almışam. Ona görə mənim yaşamağıma dəyməz. Çəkə biləcəyim bütün keyfləri çəkmişəm. Bu artıq məni bezdirib”. Bu səbəbdən yeniyetmələr özlərini öldürürdülər. Haram pulların nəticəsi olaraq, özünəqəsdlər çox olurdu. Halallıq olan yerdə heç vaxt özünə qəsd olmaz. Haramdan törəyənlər və haramla qidalananlar özünə qəsd edirlər.

– Son vaxtlar məktəb şagirdləri arasında intihar hadisələri çoxalıb. Sizcə, məktəblərdə psixoloji dəstək və cinsi təhsil vacibdirmi?

– Avropa ölkələrində cinsi təhsil adı altında, Rusiyanın özündə də, məktəblərdə xüsusi fənn tədris olunur. İnsanın bədən quruluşu haqqında beş yaşlı uşaqlar üçün Fransada xüsusi kitablar da buraxıblar. Ayıbdır, belə şeylər olmaz. Bizim əxlaqımız minilliklər boyu elə oturuşub ki, biz istiqanlıyıq, biz temperamentli xalqıq. Bütün bunları düşünən massonlar Azərbaycanda da öz oyunlarını çıxarır. Vitrinlərdə ayıb pozalarda guya alt paltarlarını nümayiş etdirirlər. Bütün bunlar yeniyetmələrin ağlını qarışdırmaq üçündür. Artıq aşağı sinif şagirdi erotik xəyallar qurur. Bu məqamda əks cinsə olan rəğbət dərsə olan marağa üstün gəlir. Mühitin ona təlqin etdiyi ideyalar ona mənfi təsir götərir, sanki qaranlıq tunelin içindədir. Onda özünə qəsd edə bilər. Bu, halal ailədə olmur. Namaz qılan adamın ailəsində belə şey ola bilməz. Məktəblərdə cinsi təhsili tədris etmək deyil, Allahı tanıtmaq vacibdir.

– İntihar hallarının olmaması üçün cəmiyyət olaraq nə etməliyik? Hansı maarifləndirici işlər görülməlidir?

– Mən təəssüf hissi ilə söyləyirəm ki, dini maarifləndirmə işləri həddindən artıq zəifdir. Efirlərdə bu istiqamətdə, demək olar, verilişlər yoxdur. Olanlar da eqzotikdir. Dinin mahiyyətindən, ruhani aləmin mərtəbələrindən söhbət açılmır. Şəriətin hamı üçün məlum olan məsələləri çox bəsit şəkildə danışılır. İnsanı yüksəldə biləcək, Nizamini, Füzulini, Nəsimini, irfani məqamları televiziyada açmırlar. Daha doğrusu, bunu açmağa imkan da vermirlər. Ona görə, insanlar başlarını salıblar aşağı qəsbkarlıqla məşğuldurlar. İnsanların bir-birini, özünü tanıması üçün efir vacibdir. Efir insana ata-anasından daha çox öyüd verir. Biz seriallara baxanda olmazın təhqirləri eşidirik, axı buna uşaq da baxır. Və yaxud qan-qadanı, Amerikanın mənasız filmlərini tez-tez göstərməklə psixoloji gərginliyi pik nöqtəyə çatdırırlar. Onlar adam öldürəndə elə bil tarakan öldürürlər. Uşaqlar üçün cizgi filmləri uşaqları qorxudan

əcaib məxluqlardan ibarətdir. Efir, internet saytları ilə işləmək, gəncləri maarifləndirmək vacibdir.

Elida Muxayeva

Zirveyolu.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir