Ermənistan hökuməti 44 günlük müharibənin acı nəticələrindən dərs götürmək istəmir. Bunu İrəvan hökumətinin son davranışları da təsdiqləyir. Bir neçə gün əvvəl İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçirilib. Toplantıda Xankəndindəki separatçı rejimin lideri Araik Arutunyan və digər şəxslər iştirak ediblər. Burada məlum olub ki, Paşinyan hökuməti “Hayastan fondu” ilə birlikdə Dağlıq Qarabağa 200 milyon dollardan çox vəsait ayırır. Nəzərdə tutulur ki, bu pulla yaşayış evləri tikiləcək, infrastruktur yaxşılaşdırılacaq, iş yerləri açılacaq.
Göründüyü nkimi, bir növ Xankəndi daxil olmaqla nəzarətimizdən kənarda qalan ərazilərimizin Azərbaycanın təsir dairəsinə düşməsinin qarşısını almaq üçün düşünülmüş addımlar atılır.
“AzPolitika.info” bu mövzunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:
– Tofiq müəllim, ötən gün məlum oldu ki, Ermənistan hökuməti Dağlıq Qarabağa 200 milyon dollardan artıq maliyyə ayırır və məqsəd burada minlərlə mənzil tikmək, infrastrukturu yeniləməkdir. Sizcə, kapitulyasiyaya imza atan rəsmi İrəvanın bu addımı nədən xəbər verir?
– Əvvəla, buna qarşı çox kəskin reaksiya verilməlidir. Çünki bu, açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilədir. Bu baxımdan məsələyə reaksiya sərt olmalıdır. Üstəlik, hesab edirəm ki, bu məsələ vasitəçilər kimi Rusiya və Türkiyə qarşısında ciddi şəkildə qardırılmalıdır. O mənada ki, bu addım 10 noyabrda imzalanan üçtərəfli bəyannamənin kobud formada pozulmasıdır. Bu baxımdan düşünürəm ki, Azərbaycan bu faktla bağlı kəskin mövqe bildirməlidir. Yəni, gecikmək olmaz.
– Bu addım nəyi göstərir? Mülki ermənilər orada yaşamaq istəmir və Ermənistan onları həvəsləndirməyə çalışır, yoxsa rəsmi İrəvan yenidən Azərbaycan ərazilərində hansısa oyun qurmağa cəhd edir?
– Burada məncə, bir sıra məqamlar mövcuddur. Qənaətimcə, onlar istəyirlər ki, bir qisim insanlar bu bölgəyə qayıtsın, hansı ki, müharibədən öncə onlar bu ərazilərdə yaşayıblar. Bir məqsəd budur. Çünki hazırda sülhməramlıların nəzarəti altında olan ərazilərdə yeni, qaynar həyat yoxdur.
İkincisi, müharibə ilə dağıdılan “miatsum” layihəsi var. Bu layihə hərbi baxımdan tam dağıdılıb. Amma indi çalışırlar ki, onun siyasi qalıqlarını bu və ya digər formada diriltsinlər. Bu, bir növ qonşu ölkənin hüdudlarına müdaxilə kimi ortaya çıxır.
Üçüncüsü, bu addım belə bir layihənin yeni şəraitdə davam etdirilməsinə cəhd kimi qiymətləndirilə bilər.
– Sizcə, Ermənistan hökumətinin bu addımı Azərbaycan üçün nə dərəcədə təhlükə yaradır?
– Bu, ondan irəli gəlir ki, Ermənistan bizə qarşı özünün ərazi iddialarını davam etdirir. Əgər, onlar kiməsə kömək etmək istəyirlərsə, buyurub bu pulları Azərbaycan dövlətinin bank hesablarına köçürsünlər.
Azərbaycan özü bildiyi formada bu maliyyəni xərcləyər, hansı qrup qaçqınların bu maliyyə ilə təmin edilməsini həll edər. Çünki bu, Azərbaycan dövlətinin suveren hüquqlarına aid olan məsələdir.
– Sizcə, reallıqda Ermənistan dövlətinin “Hayastan fondu” adlı qurumla birlikdə bu qədər maliyyə ayırmaq imkanları varmı?
– Mən bilmirəm 200 milyon dolları haradan tapacaqlar. Amma mümkündür ki, siz dediyiniz kimi ortada bu qədər pul da yoxdur, sadəcə səs-küy yaratmaq istəyirlər. Yəni Nikol Paşinyan göstərmək istəyir ki, onun komandası müharibədə məğlub olsa da, bu ideyadan əl çəkməyib. Onlar belə siyasi feykləri daha çox göstərməkdə maraqlıdırlar.
Əgər xatırlayırısnızsa, müharibədən əvvəl hansısa silahları nümayiş etdirirdilər. Guya bu silahları almışdılar və onun təqdimatı ilə məşğul olurdular. Mümkündür ki, bu məsələyə dair də yalan nələrsə uydururlar. Həm də Ermənistanda növbədənkənar parlament seçkiləri elan olunub. Bəlkə də bu kimi addımlar həm də seçkilərə aid olan məsələdir.
Normalda hamı başa düşür ki, bu ərazilər onların nəzarəti altında olanda yeni heç nə baş verməyib. Hazırda Azərbaycan bu ərazilərə nəzarəti tam bərpa edib. Bu halda sözsüz ki, Araik və onun tipli insanlara pul veriləcək ki, özlərini hansısa formada saxlasınlar. Amma ümumi prosesi dayandırmaq ağlabatan görünmür və bu, mümkün də deyil.
– Rəsmi İrəvanın bu kimi addımları sülhün əldə edilməsi, kommunikasiya xətlərinin açılması məsələsi ilə nə dərəcədə bir araya sığır? Bu tip addımlar əslində bölgədə yeni layihələrin perspektivini təhlükə altına salmırmı?
– Məncə, biz hər bir məsələyə kompleks formada yanaşmalıyıq. 44 gün ərzində, yəni danışıqlara qədər məsələlər güc vasitəsilə həll edilirdi. Müxtəlif səbəblərə görə bu müharibəyə son qoyuldu, lakin məlum problemlər qaldı. İndi onlar balanslı şəkildə həll ediləcək. Lakin bəzi məsələlər var ki, onlar Ermənistanla bağlıdır.
Başqa sözlə, Azərbaycanın dövlət sərhədinin o başında olan məsələlər Ermənistana aid olmamalıdır. Bu, bəlli məsələdir. Əgər onlar hansısa məsələlərin həllində iştirak etmək istəyirlərsə, Azərbayan dövlətinə müraciət edə bilərlər. Başqa yollar qəbul edilə bilməz.
– Tofiq müəllim, bəzi məlumatlara görə, Azərbaycan tərəfi terrorçu hesab olunan şəxsləri qaytarmaq üçün Ermənistan qarşısında müəyyən şərtlər irəli sürüb. Bunlar Dağlıq Qarabağdakı Ermənistan ordusunun ərazidən çıxarılması, Qırmızı Bazardan keçən yolun Bakının nəzarətinə verilməsi və digər şərtlərdir. Bu deyilənlərə münasibətiniz necədir?
– Mən istisna etmirəm ki, siyahı daha genişdir. Buna əminəm. Hesab edirəm ki, buna normal praktika kimi yanaşmaq daha doğru olar. Hansısa maraqları təmin etmək üçün özündə olan imkanlardan istifadə etməlisən. Bu, birmənalıdır və bunu anlamalıyıq.
İkincisi, biz hadisələri analiz etməzdən əvvəl strukturu görməliyik. Yəni hadisələrin hansı şəkildə inkişaf etməsini görmək lazımdır.
– Nəyi nəzərdə tutursunuz?
– Münaqişə bu günə qədər davam edir, amma onu yaradanlar yalnız ermənilər deyil. Kənar qüvvələr də bu prosesi həyata keçiriblər. Onların əsas məqsədi budur ki, münaqişəni idarə etməklə həm də bölgəni idarə etsinlər. Bu baxımdan müharibədən əvvəl nələrin olduğunu təhlil edə bilərik, amma bu, daha çox zaman alacaq.
Lakin müharibədən sonra yeni dövr başlayıb. Münaqişənin əsas hissəsi zəifləyib, azalıb. Həm coğrafi baxımdan, həm də bunun təsir etdiyi insanlar baxımından. Azərbaycan bu saat daxili qaçqınların 97 faizə qədərini öz evlərinə qaytarmaq hüququnu qazanb. Deməli, bu hissə artıq kənar qüvvələr üçün idarə olunan hissə sayıla bilməz. Həmin qüvvələr bu idarəetməni sürdürmək üçün şərait yaratmalıdırlar ki, münaqişə davam etsin. Bu səbəbən də Balasanyan, Arutunyan və digərləri həm də ona çalışırlar ki, indiki məqamda kənar qüvvələr regionu bu konfliktlə idarə etsin. İndiki mərhələdə kənar qüvvələr həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinə təsir göstərirlər. Bunlar bəlli məsələlərdir.
Həm də bu oyunu yalnız Rusiya oynamır. Digər ölkələr də bu rolu oynamaq istəyirlər. Fransanın “özünü öldürməsi” yalnız erməni sevgisindən irəli gəlmir. Onlar başa düşürlər ki, bölgədə nüfuz sahibi deyillər. Bu, siyasi təcrübədir və əslində nəyin baş verdiyini anlamalıyıq.
– Aprelin 2-də Rusiya Xarici İşlər naziri Lavrov azərbaycanlı və erməni həmkarları ilə görüşəcək. Bəzi mənbələr apreldə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının da görüşünün keçiriləcəyini qeyd edirlər. Gözləntiləriniz nədir?
– Mən düşünürəm ki, müzakirə olunan mövzular yalnız kommunikasiya xətlərinin açılması ilə məhdudlaşmamalı, daha geniş olmalıdır. Yəqin ki, olacaq da. Əlbəttə, kommunikasiya elə mövzudur ki, həm bizim, həm ermənilərin, həm də rusların marağındadır.
İkincisi, indi ən aktual məsələ onunla bağlıdır ki, Ermənistanın bizim məsələlərə müdaxilə etməsi mövzusu aradan qaldırılmalıdır. Və bu, mümkün olan işdir. Qeyd etdiyim kimi, münaqişənin elementlərinin qalması üçün daxildə 25-30 min erməni bəs edir. Sonra məsələlər bunun üzərində davam etdiriləcək. Amma Azərbaycan Laçın dəhlizi məsələsini birdəfəlik həll etməlidir. Orada nəzarət ilkin mərəhlədə müştərək olmalıdır: rus sülhməramlılar və Azərbaycanın dövlət qurumları.
– Hazırda nəzarətdən kənarda qalan ərazilərimizdə yaşayan mülki ermənilərin sayı ilə bağlı manipulyasiyalara münasibətiniz necədir?
– Birincisi, ermənilər müharibədən əvvəl də orada yaşamaq istəmirdilər. Bu səbəbdən də Ermənistan daim hansısa layihələr həyata keçirirdi, kimlərisə oraya köçürürdülər, dövlət proqramları icra edirdilər və s. Amma biz gördük ki, bu addımların heç bir əhəmiyyəti olmayıb. Erməni əhalisi də orada daim azalıb. Məsələn, münqişədən əvvəl orada 127 min erməni yaşayırdı. Söhbət 1987-ci ildən gedir. Amma müharibədən sonra cənab Prezident bildirdi ki, orada maksimum 60 minə qədər erməni yaşayıb. Sözsüz ki, 44 günlük müharibədən sonra onların sayı daha da azalıb. Münaqişəni saxlamaq üçün sülhməramlılar ora qayıdan ermənilərin sayını daim artırır. Amma ortaya həm də BMT-nin rəqəmi çıxıb. Orada sözügedən əraziyə cəmi 25 minə qədər insanın qayıtdığı qeyd edilib. Real olaraq biz deyə bilərik ki, orada 35-45 min civarında erməni ola bilər. Bu da nisbi rəqəmdir. Nəzərə alınmalıdır ki, pandemiya dövründə Ermənistanı tərk etmək çətinləşib. Erməni mütəxəssislərin özləri deyirlər ki, bu il Ermənistanı 200 minə qədər insan tərk edəcək. Bu rəqəmin bir hissəsini də bizim nəzarətimizdə olmayan bölgələrdə yaşayan ermənilərə aid etmək olar.
Ermənilər tədricən anlayırlar ki, onlar “konflikt oyunu”nun bir elementidirlər. Onların bu şəkildə istifadə edilməsini özləri də istəmir. Bu gün orada sülhməramlı var, sabah olmayacaq. Bu halda nə olacaq? Bu baxımdan kimin imkanı varsa, oradan qaçacaq. Bu prosesi dayandırmaq mümkün deyil.
– Məlum olduğu kimi, Cənubi Qafqazın internetlə təmin edilməsində aparıcı yerə malik “Caucasus Online” şirkətinin səhmlərinin 100 faizini Azərbayanın “Neqsol Holdinq” şirkəti alıb. Azərbaycan və Gürcüstanla yanaşı Ermənistanın internet təminatını həyata keçirən belə bir şirkətin Azərbaycanın nəzarətinə keçməsini necə qiymətləndirirsiniz?
-Bu, bir qədər fərqli sahədir. Ancaq sözsüz ki, bu kimi layihələrin sahibi olmaq vacib məsələdir. Ümid edirəm ki, bu istiqamətdə addımlar davamlı olacaq. Azərbaycan bütün istiqamətlərdə ermənilərin önünü kəsməlidir.