Rusiya qazının Ermənistana tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” qaz boru kəmərinin (Rusiyadan Gürcüstan vasitəsi ilə Ermənistana qaz tədarükü üçün) təmiri ilə əlaqədar, müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək. By barədə ötən günlərdə “Qazprom Export” məlumat yayıb.
““Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı Azərbaycan ərazisi vasitəsilə istehlakçılara tədarük ediləcək. Martın 16-da “Qazprom Export” MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb”, – deyə Rusiya təchizatçısı açıqlama verib.
“Müqavilədə “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən keçərək Gürcüstanla sərhədədək istehlakçılara tədarük ediləcəyi nəzərdə tutulur. İş təxminən üç həftə çəkə bilər. İş tamamlandıqdan sonra qazı Rusiya Federasiyası və Gürcüstan sərhədi üzərindən əvvəlki marşrutla nəql ediləcək”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, 2020-ci ildə “Qazprom” Ermənistana 2,2 milyard kubmetr qaz ixrac edib.
Məsələnin siyasi tərəfini AYNA-ya şərh edən politoloq Etibar Süleymanlı hesab edir ki, Azərbaycan üzərindən Ermənistana qaz tədarükü bizim maraqlarımıza uyğundur: “Ermənistandakı qazpaylama şəbəkəsi bərbad vəziyyətdədir. Son üç ildə şəbəkənin təmirinə və yenilənməsinə əsla sərmayə yatırılmayıb. Azərbaycan strateji coğrafi mövqeyi və enerji resurslarına görə Qafqaz regionunun enerjiyə olan ehtiyacını tam şəkildə həyata keçirə, eləcə də tranzit haqlarından büdcəyə gəlir daxil ola bilər. Ermənistanın enerjiyə olan tələbatını Azərbaycan tam olaraq nəzarətə götürmək iqtidarındadır. Bu isə iqtisadi vəziyyətdən istifadə etməklə Azərbaycanın xeyirinə edilmiş bir dəyişikliyə təkan verə bilər”.
“Heç kimə sirr deyil ki, Birinci Qarabağ savaşına qədər Ermənistanın bütün enerji təchizatı Azərbaycan tərəfindən həyata keçirilib. Ermənistanın qazpaylayan şəbəkəsinə “Qazprom”un tam nəzarət etdiyini nəzərə alsaq, Azərbaycan Rusiyanın Ermənistanda olan enerji payını ala bilər. Bu isə Ermənistanın enerji baxımından təchizatını, Gürcüstanda olduğu kimi tam nəzarəti ələ almaq deməkdir. Sualınıza cavab olaraq, bildirim ki, bütün sadaladıqlarım nüansları əsas götürərək Azərbaycan Ermənistana qaz nəqlində iştirak edə bilər və etməlidir”, – deyə müsahibimiz bildirib.
“Azərbaycan, Ermənistan və Rusiya bundan nə qazanacaq” sualına gəldikdə, siyasi şərhçi qeyd edib ki, Ermənistanı təbii qazla təmin edən Karmir Kamuc-Sevkar-Berd istiqamətindəki 1020 mm diametrli magistral qaz boru kəmərində tez-tez təmirə ehtiyac duyulurdu: “Mozdok-Hacıqabul-Qardabani marşrut xəttinə əsasən daha kəsintisiz, strateji əlverişli xətt vasitəsilə enerjinin çatdırılmasında yolu qısaltmış olar. Burada Rusiya qazanc əldə edə bilər”.
Süleymanlının sözlərinə görə, Azərbaycan tərəfinin qazancı odur ki, bu xətt vasitəsilə qazın Ermənistana çatdırılmasından tranzit haqqı, eləcə də Gürcüstanda olduğu kimi, gələcəkdə Rusiya qazına alternativ olaraq Ermənistanın qaz təchizatını tam nəzarətə götürə bilər: “Ermənistan tərəfi isə Rusiya tərəfinin qiymət artımından sonra, alternativ qaz axtarışında olarkən Qazaxıstan, Türkmənistan kimi ölkələrdən, Azərbaycan tranzit xətt üzərindən daha ucuz qaz əldə edə bilər”.
Ekspertin fikrincə, burada Rusiyanın itkisi Ermənistandakı qaz bazarının əldən çıxması ola bilər: “Bununla da Ermənistanın Rusiya ilə münasibətləri gələcəkdə soyuq müstəviyə keçə bilər. Ölkəmizin burada itirəcəyi heç bir yoxdur, əksinə bununla qazanacağımız çox şeylər var”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov AYNA-ya şərhində deyib ki, üç ölkə rəhbərinin 10 noyabr bəyannaməsi faktiki olaraq bölgənin həm geosiyasi, həm iqtisadi nöqteyi-nəzərdən yeni reallıqlara qədəm qoymasını göstərir: “Belə olan halda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın inkişaf etməsi, dərinləşdirilməsi – bunlar qaçılmaz görünür və bu kontekstdə SOCAR-la “Qazprom” şirkəti arasındakı razılaşma əsasında Azərbaycan üzərindən Rusiya qazının Ermənistana nəqli heç də təəccüblü görünmür. Bu, Azərbaycan tərəfinin məsələyə adekvat, konstruktiv yanaşmasının göstəricisidir”.
Ekspert bunun Azərbaycan üçün heç bir təhlükəsinin olmadığını düşünür: “Əksinə, iqtisadi, sosial, humanitar əməkdaşlıq, siyasi dialoq bölgədə inkişaf etməlidir. Bunun isə alternativi demək olar ki, yoxdur. Hesab edirəm ki, bu prosesdən kənarda qalan dövlət də yoxdur. Əgər Ermənistan son 30 ildə olduğu kimi destruktiv mövqe sərgiləməyə davam edərsə, bu, həmin ölkənin bütövlükdə uçurmağa daxil olması demək olacaq”.
“Hesab edirəm ki, Ermənistan cəmiyyəti və Ermənistan dövlətinin bugünkü vəziyyətdə əməkdaşlıq və digər dövlətlərin ərazi bütövlüyünün tanınmasından başqa real müsbət heç bir alternativinin olmamasını görürük və belə olan halda bu tip layihələrin reallaşdırılması iqtisadi əməkdaşlığa yönəlik, kommunikasiyaların bərpasına istiqamətlənmiş layihələrin reallaşdırılması bütövlükdə bölgəyə yalnız fayda verə bilər”, – deyə professor vurğulayıb.
Məmmədovun fikrincə, Azərbaycan Cənubi Qafqazın iqtisadi və siyasi baxımdan qüdrətli dövləti kimi bu prosesdə öndə olmalıdır: “Və bu, Azərbaycan rəqabət üstünlüklərinin bir qədər də dərinləşməsinə və tam şəkildə ölkəmizin dayanıqlı, rəqabət qabiliyyətli dövlət kimi mövqeləşməsinə xidmət etməlidir. Biz unutmayaq ki, ölkə olaraq iqtisadi potensialımızın çox böyük olmasına baxmayaraq, bu potensialın dayanıqlı məzmun alması üçün ölkəmizdə yüksək texnoloji iqtisadiyyatın formalaşması üçün bizə regional iqtisadi inteqrasiya lazımdır. Biz daxili bazarımızı genişləndirməliyik, amma eyni zamanda yüksək texnoloji iqtisadiyyat üçün daha geniş bazarlar lazımdır”.
“İqtisadi inteqrasiya Azərbaycana son dərəcədə lazımdır və bu iqtisadi inteqrasiyanın əsas şərtləri kimi ölkələr arasında iqtisadi münasibətlərin inkişafı çıxış etməlidir. Sözsüz ki, Qarabağ münaqişəsinin həll edilməməsi buna çox ciddi şəkildə maneəçilik törədirdi, amma bu gün yeni reallıqlar çərçivəsində bu maneə demək olar ki, aradan qaldırılıb. Və belə olan halda biz milli iqtisadiyyatımızın inkişafını, bütövlükdə Azərbaycanın rəqabətqabiliyyətliliyinin yüksəldilməsini təmin etməliyik. Buna görə də regional iqtisadi inteqrasiya – kommunikasiyaların açılması, ölkələr arasında iqtisadi münasibətlərin dərinləşməsi olduqca zəruridir”, – deyə professor fikrini yekunlaşdırıb.