Tacikistanın Xatlon vilayəti Xuroson rayonunun baş imam-xətibi Odilxon Muminov şəxsi vəsaiti ilə tibb mərkəzi inşa etdirib.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu barədə Tacikistan Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Tibb mərkəzi Bahoriston kəndində tikilib. Mərkəz beş kabinədən ibarətdir və orada dörd nəfər işləyir. Binanın tikintisi mollaya 60 min somoniyə (6,4 min dollar) başa gəlib.
Xəbərdə qeyd edilir ki, Tacikistan üçün belə hallar qeyri-adi deyil. Bu ilin mart ayında Respublika Təhsil və Elm naziri Nuriddin Səid Dangara bölgəsinin Sangtuda kəndində məktəb və uşaq bağçası inşa etdirib. Bundan əlavə, nazir həmin kəndin küçələrindən birini asfaltlamaq niyyətindədir.