Gülüş ömrə ömür qatan,tədqiqatlara görə, insan ömrünü uzadan, daxilmizdəki rifahın, səmimiyyətin, ünsiyyətin ifadəsidir. Gülmək yaşamaqla, yaşamaq gülməklə tam olur, bütöv olur. Gülüş bəzən səadət, bəzən qəhqəhə, bəzənsə, dərin bir boşluğun, bədbəxtliyin təcəssümüdür. Gülmək bizə asan və sadə gəlsə də, bu sözün mənasından nə qədər məna çaları yaranır. Xoşbəxtlikdən gülmək, komik hadisəyə gülmək, avvamlığa gülmək, cahilliyə gülmək, kasıblığa gülmək, dərddən gülmək.və.s. İnsan güləndə gözləri gülür. Göz isə qəlbin aynasıdır. Gülərkən insanın nə düşündüyünü, nəyə güldüyünü ayırd etmək olur.
1 aprel qeyri- rəsmi gülüş günüdür. Bu gün bütün dünyada beynəlxalq gülüş günü kimi qeyd olunur. Gülüş gününün yaranma tarixi 500 il əvvələ söykənir. Deyilənə görə, gülüş günü ilk dəfə Fransada yaranıb və Fransızlar həmin günü yeni il, yeni gün olaraq qeyd edirmişlər. Daha sonra Fransa Kralının əmrinə əsasən yeni il 1 yanvar tarixində qeyd olunmağa başlamışdır. Kütlə Kralın əmrindən narazı olsa da, Kral yeni ilin tarixini dəyişmədi. Xalq buna etiraz olaraq, kralın adamlarından qisas almaq üçün onları qonaqlıqlara dəvət edir. Özləri ora gəlmirdilər. Və o vaxtdan illər keçdi. Yeni il xalq tərəfindən 1 yanvarda qeyd olundu. Lakin 1 aprel gülüş və aldatma günü olaraq tarixə çevrildi. Məhz həmin gün insanlar bir- birinin üzündə gülüş yaratmaq üçün Fransızların Kral adamlarının başına açdığı oyunlara əl atdı. Aldatdı, güldürdü, sevindirdi, unutdurdu….. bəli, unutdurdu! Dərdi, qəmi, qayğını. Bax, bu gülüş daxili rifahın emosiyasına çevrildi.
Bu gün həmin gündür, təqvimdə rəsmi olaraq göstərilməsə də, gülüşün qəlbimizlə, ruhumuzla qovuşduğu gündür.
Elida Muxayeva