Manşet

Məşhur həkim klinikanı ittiham edib: – “Stimul hospital”dakı əməliyyatdan sonra 11 yaşlı Adilin sümüyü əriyib

Oğlu əməliyyat olunan valideyn narazıdır. Valideyn iddia edir ki, əməliyyatdan sonra oğlunun ayağına mikrob düşüb və sümük əriməsi baş verib.

Musavat.com xəbər verir ki, Bakı şəhər sakini Samir Rzazadə bu problemlə bağlı bütün rəsmi qurumlara müraciət edib.

Hadisə 2018-ci ildə baş verib. Samir Rzazadənin 11 yaşlı oğlu Adil yıxılıb və ayağı sınıb.

Uşağı Sabunçu rayonunda yerləşən “Stimul Hospital” adlı özəl xəstəxanaya aparıblar. Bütün problemlər də buradan başlayıb.

“Bizi ilk olaraq oranın həkim-travmatoloqu İra Dalivalova adlı həkim qəbul etdi, oğluma qəlpəli yerdəyişməli sınıq diaqnozu qoydu və məsləhət gördü ki, Emin Kazımi adlı həkim ilə birlikdə əməliyyat etsə, yüksək nəticə əldə olunacaq. Həkim Emin Kazımi ilə görüşümüzdə bildirdi ki, oğlumun ayağına mil qoyacaq və gələcəkdə bu sınıqdan irəli gələn hər hansı bir zərərin olmaması üçün yüksək səviyyəli əməliyyat keçirəcək.

Əməliyyat üçün “Stimul Hospital” Klinikasına 2500 manat ödədim. Oğlum əməliyyat olunduqdan sonra müəyyən müddət keçməsinə baxmayaraq, yeriyə bilmədi və ayağının ağrıları keçmədiyindən yataq xəstəsinə çevrildi.

Emin Kazımi və İra Dalivalova ilə əlaqə saxlayaraq səbəbini soruşduqda hər dəfəsində bizi əmin edirdilər ki, əməliyyat uğurlu keçib, uşaq ağrımır, sadəcə simulyasiya edir.

4 ay keçdikdən sonra oğlum hələ də yeriyə bilmirdi. Bundan sonra biz yenidən həkim-travmatoloq Emin Kazıminin qəbuluna getdik. Həkimlə bu dəfə “Medical Hospital” adlı klinikada görüşdük.

Bildirdi ki, oğlumun ayağına qoyulmuş milin başlığı yeriməsinə mane olduğunda milin çıxarılması üçün yenidən əməliyyat edilməlidir. Bu dəfə əməliyyat üçün 1400 manat pul ödədim.

Əməliyyatın ortasında həkim bizə bildirdi ki, əməliyyat nəticəsində oğlumun ayağında osteomielit aşkar edib və həmin mikroblar oğlumun sümüyünü 10 sm uzunluğunda əridib. Həmçinin həkim bildirdi ki, bu mikroblar onun səhvi ucbatından deyil, məhz “Stimul Hospital” klinikasının əməliyyatxanasında olan antisanitar şərait ucbatından yayılıb. Müayinə nəticəsində müəyyən edilib ki, oğlumun ayağına clipsiella və enterekok mikrobu düşüb.

Həkim bizi əmin etdi ki, artıq oğlumun ayağında olan bütün mikroblar və irinlər onun tərəfindən tamamilə təmizlənib. Dedi ki, oğlumun sağlamlığı qısa zamanda geri qayıdacaq”,- deyə narazı vətəndaş müraciətində qeyd edib.

Samir Rzazadə bildirir ki, son əməliyyatdan sonra da oğlunun səhhətində heç bir irəliləyiş olmayıb:

“Azərbaycanda oğlumun hər iki əməliyyat və dərman xərclərinə ümumilikdə 10 min dollar xərclədim. Lakin həm həkim səhlənkarlığı, həm də klinikanın antisanitar şəraiti ucbatından mənim azyaşlı oğlum sağalmadı, əksinə ayağının sümüyündə ərimə baş verdi. Beləliklə təxminən 3 ay sonra 2019-cu ilin fevral ayında məcburiyyət qarşısında qalaraq bütün mülklərimi satıb, oğlumu Türkiyə Cümhuriyyətinə apardım”.

Samir Rzazadə qeyd edir ki, oğlunun Türkiyədəki müalicəsinə 45 min 800 dollar xərcləyib.

“Oradan mənə bildirdilər ki, oğlumun ayağında aparılan hər iki əməliyyat uğursuz olub və artıq oğlumun ayağında olan irinlər ayaq sümüyünü daha 5 sm olmaqla, ümumilikdə 15 sm hissədə çürüdüb.

2019-cu il tarixdə oğlum orada əməliyyat olundu və ona 15 sm uzunluqda sümük köçürüldü və “plastinka” qoyuldu. Orada 45 min 800 dollar xərclədim. Bu günə kimi ümumilikdə 65 min dollar xərcləmişik. Amma nə klinika, nə də həkim şikayətlərimizə baxmır”.

Rzayev baş verənlərə görə günahkar saydığı həkimlərin və klinikanın cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edib.

Sabunçu rayon Məhkəməsi “Stimul Hospital”ı İnzibati Xətalar Məcəlləsinin 218-ci (tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik tədbirlərinin pozulması) maddəsilə 2000 manat cərimələyib.
Sabunçu rayon Prokurorluğu isə belə nəticəyə gəlib ki, Adil Rzazadənin müayinə və müalicəsində həkim səhlənkarlığı, səhvi olmayıb. Bu əsasla da cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılıb.

Həkim Emil Kazımi prokurorluqda dindirilərkən deyib ki, birinci əməliyyatdan əvvəl uşaq müayinə edilib və onda heç bir virus aşkarlanmayıb.

Travmotoloq iddia edib ki, əməliyyat zamanı infeksiyanın yara kanalına keçməsi onun həyata keçirdiyi əməliyyatla bağlı olmayıb: “Çox güman ki, infeksiya klinikanın əməliyyatxanasında olan alətlərin sterilizasiyasının zəifliyindən qaynaqlanıb. Bu da dünya səhiyyəsində qəbul olunmuş təbii haldır, istənilən klinikanın əməliyyatxanasında baş verə bilər”.

Qeyd edək ki, Emil Kazımi ölkənin ən məşhur travmatoloqlarından biridir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir