İkinci Qarabağ Müharibəsində ermənilərin artileriya zərbələri endirdiyi yaşayış məntəqələrindən biri də Ağdamın Əhmədağalı kəndi olub. Ağdam istiqamətindəki əvvəlki təmas xətti az qala bu kəndin içindən keçirdi. Buna baxmayaraq, evlərini tərk etməyən kənd əhalisi ötən il sentyabrın 27-də başlayan savaşdan ciddi zərər görüb.
Lakin kənd sakinlərinin evlərinə, yardımçı tikililərinə, təsərüfatlarına dəyən ziyanın ödənilməsilə bağlı müvafiq icra orqanlarının yanaşması insanların narazılığına səbəb olub.
“AzPolitika.info”-ya müraciət edən kənd sakini İsmayılov Vəfa İsgəndər oğlu bildirir ki, ermənilərin oktyabrın 30-u saat 06.00 radələrində kəndi atəşə tutması nəticəsində ona məxsus evə və yardımçı tikiliyə ciddi ziyan dəyib.
Lakin icra orqanları, eləcə də FHN-in Ağdam şöbəsinin rəhbərliyi dağıntını, ziyanı kiçiltməyə, az qala heç bir ziyan dəyməmiş kimi təqdim etməyə çalışıblar: “Deyirlər ki, evinizə heç nə olmayıb. Hansı ki, ev mərmi düşməsi nəticəsində yaşamaq üçün yararsız hala düşüb. Televiziyalar da burada çəkiliş aparıb və evin nə hala düşdüyünü göstəriblər.”
Təqdim olunan fotolardan da göründüyü kimi, buraya düşən 3 mərmi yaşayış evini qismən dağıdıb, yardımçı tikili isə ümumiyyətlə yararsız hala düşüb. Buna baxmayaraq, ailəyə cəmi 1000 manat yardım edilib ki, bu da ev əşyalarının alınması üçündür. Tikinti-bərpa işləri üçünsə bir qəpik də ödənilməyib.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə, Baş prokurora və digər müvafiq qurumlara çoxsaylı müraciətlər etsə də, heç bir ciddi nəticə əldə edə bilməyib. Ona görə də, saytımız vasitəsilə müvafiq orqanlara və xüsusilə ölkə başçısına üz tutan V.İsmayılov ona dəymiş ziyanla bağlı məsələnin obyektiv araşdırılmasını və evinin bərpası üçün müvafiq yardım göstərilməsini xahiş edir.