Manşet

“Dəhlizlər açılacaq və Ermənistan prosesə qoşulacaq, indi nala-mıxa vurmalarına baxmayın” – GƏLİŞMƏ

Erməni iqtisadçı, politoloq Qrant Mikaelyan, “Novosti-Armeniya” agentliyinə verdiyi açıqlamada embarqonun uzadılması və Türkiyə mallarının fərqli bir etiketlə Ermənistana idxalına davam etməsi ehtimalını şərh edib. Və Türkiyə ilə sərhədlər açılmazdan əvvəl Ermənistanın öz vətəndaşlarının maraqlarına uyğun bir sıra məhdudlaşdırıcı tədbirlər görməli olduğunu deyib.

Türk mənşəli malların Ermənistana idxalına qoyulan embarqo 1 yanvar 2021-ci ildən qüvvəyə minib və 6 ay müddətində qüvvədədir. Bu qərar 2020-ci ilin payızında baş vermiş müharibədə Türkiyədən Azərbaycana yardım göstərilməsi baxımından qəbul edilib. Daha sonra İqtisadiyyat Nazirliyi Ermənistanın Türkiyə mallarına tətbiq olunan embarqonun uzadılması ehtimalını müzakirə etdiyini açıqlayıb.

Mikaelyana görə, bir çox iş adamı bu şəkildə davranmağa öyrəşdikləri üçün etiketlərini dəyişdirərək türk məhsullarını idxal etməyə davam edirlər və Türkiyə ilə işləyən bəzi böyük iş qurumları artıq qonşu ilə ciddi əlaqələr qurublar. Digər tərəfdən, o bildirib ki, ortada altı aylıq bir embarqo var, nazirin Türkiyə ilə sərhədləri açmağın və bundan faydalanmağın lazım olduğunu əks etdirən ifadələri var.

“Amma tənqidlərdən sonra nazir mövqeyini dəyişdirərək, yerli istehsalın inkişafı üçün bunları bağlamaq lazım olduğunu elan etdi. Anlamaq lazımdır ki, türk mallarına tətbiq olunan embarqo ilk növbədə siyasi xarakter daşıyır: Türkiyə Azərbaycanın Ermənistana qarşı başlatdığı təcavüzkar müharibənin sponsorudur və mümkün idi ki, onların iştirakı olmadan müharibə tamamilə fərqli bir nəticə ilə yekunlaşsın. Bu, vacib bir amildir, yəni Türkiyə həmişə olduğu kimi bizim üçün düşmən bir dövlətdir”, – deyə Mikaelyan vurğulayıb.

Erməni ekspert Türkiyənin Ermənistanı blokadada saxladığını və erməni mallarının Türkiyə bazarlarına girməsinin qarşısını aldığını, yəni təkcə sərhədin deyil, həm də bazara girişin bağlı olduğunu qeyd edib. Xüsusilə, onun sözlərinə görə, türk mallarının Gürcüstan ərazisindən Ermənistana idxalında heç bir problem yoxdur, əks istiqamətdə isə idxal qadağandır.

“Bu, BMT-nin təməl prinsiplərindən birini – dövlətlər arasında bərabərliyi və güc tətbiq etməməyi pozur və blokada da bir müharibə növüdür. Beləliklə, indi bizi qadağalar tətbiq etməyə məcbur edirlər, amma bu, 2020-ci ildə deyil, 1993-cü ildən bəri edilməli idi. Səlahiyyətli orqanlar belə bir qərarı çoxdan verməli idi ”, – deyə o, əlavə edib.

Mikaelyanın sözlərinə görə, Türkiyə ilə münasibətlər Ermənistan vətəndaşları, iqtisadi qurumlar və “Artsax” üçün ən faydalı olan məntiqlə həll olunmalıdır: “Bazarları ələ keçirmə ehtimalını istisna etmək lazımdır, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonşu ölkələrdəki bazarları fəth etmək üçün iqtisadi qurumlara subsidiyalar verir”.

Bu Mikaelyan kimi insanların açıqlamaları hara aparır? Yalnız mövcud vəziyyəti dondurmağa xidmət edir. Bu, yalnız Türkiyə, Azərbaycan və hətta Ermənistanın deyil, eyni zamanda 10 noyabr Üçlü Atəşkəs Bəyannaməsinin müəllifi olan Rusiyanın da marağında deyil. İrəvan Türkiyə ilə ticarət əlaqələrini bloklayırsa, bölgədəki nəqliyyat kommunikasiyalarının belə bir fonda açılacağını gözləmək olarmı? Çətin. Elə isə Ermənistanın indiki axmaq embarqosunu qaldırması üçün kim və nə etməli, bundan sonra həm iqtisadi, həm də siyasi baxımdan bütün bölgə üçün zərərli olan bu cür qəribə addımların təkrarlanmaması üçün hansı addımlar atılmalıdır?

Mövzunu AYNA-ya iqtisadçı ekspert, Xəzər Universitetinin professoru Fuad Rəsulov şərh edib:

“Birincisi, dərhal qeyd etmək istərdim ki, Qrant Mikaelyanın açıqlamaları ölkədəki iqtisadi vəziyyətin səthi təhlilidir. O, daha çox politoloqdur və mülahizələri iqtisadi komponentlərə deyil, emosiyalarına əsaslanır. Onun əsas fikri budur: “Türkiyə həmişə olduğu kimi bizim üçün düşmən dövlətdir”.

Bəlkə də, bu gün Ermənistanda işləyən iki faktor var: müharibəni uduzduğuna görə küsmək və seçkiqabağı yarışa başlamaq. Və seçki yaxınlaşdıqca, həm revanşist, həm də barışdırıcı mövqeləri daha tez-tez eşidəcəyik. Seçicilərin beyinləri uğrunda bir mübarizə olacaq.

Ermənistanda bir çox insan müharibədəki məğlubiyyətdən sonra özlərinə gələ bilmir. Yeni reallığı heç bir şəkildə qəbul edə bilmirlər. Ölkənin keçmiş Prezidenti Robert Köçəryan kimi təcrübəli bir siyasətçi belə, Rusiya kanalına müsahibə verərək, situasiyanı belə izah edir: “Bu gün Ermənistan dövləti və Ermənistan ordusunun vəziyyəti heç bir ayıq düşüncəli insana intiqam almağı düşünmək imkanı vermir”.

Ermənistan qısa müddətdə çox şey itirdi. Müharibəyə qədər onların ən bədbin proqnozları, Dağlıq Qarabağın müstəqilliyi müqabilində maksimum 5 rayonun geri qaytarılmasını nəzərdə tuturdu. Üstəlik Kəlbəcərin bir hissəsinin də uzaq gələcəkdə geri dönüşünü. Laçın dəhlizinin eni 30 km (indiki 5 km əvəzinə) olmalı idi, bu da bizim üçün Laçının həqiqi itkisi demək idi.

Nə baş verir? Razılaşın ki, 30 il ərzində əldə edilən hər şeyin əbədi itirildiyi fikrinə alışmaq asan deyil. Elə ona görə də yuxarıda sözü gedən “analitik materiallar” ortaya çıxır.

Rusiya Prezidenti Vladimir Putin 7 aprel tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Peskovun sözlərinə görə, görüşdə Putin və Paşinyan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağ razılaşmasının icrası, Ermənistandakı seçkilər, həmçinin Qafqazdakı nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı məsələləri müzakirə edəcəklər. Yəni Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını.

Dəhlizlər onsuz da açılacaq. Sadəcə vaxt lazımdır. Horadiz stansiyasından Ermənistanla sərhədədək bir dəmir yolu çəkməliyik. Həll edilməli olan digər məsələlər də var. İrəvan tərəfindən Türkiyə ilə ticarət əlaqələrinin bloklanması onun daxili işidir və bu planların həyata keçirilməsinə heç bir təsir göstərməyəcək. Yayın ortalarına qədər altı aylıq embarqonun müddəti bitəcək və fikrimcə, uzadılmayacaq.

Əgər köhnə miflərə əsaslanan qabığı bir kənara qoysaq, cənab Mikaelyan hökumətə proteksionist siyasət yürütmək və yerli istehsalçıları qorumaq tövsiyəsi ilə müraciət edir. Bu, daha ucuz xarici malların bazarı tutacağı qorxusunun təzahürüdür. Və yalnız türk mallarından getmir söhbət. İllərdir kənd təsərrüfatı sahəsində yaradılan “boz sxemlərin” məhv olma qorxusu var ortada. Ermənistanda kənd təsərrüfatı sektoru son dərəcə korrupsiyalaşıb.

Görəsən, Mikaelyan Türkiyənin Ermənistanı blokadada saxladığını və erməni mallarının Türkiyə bazarlarına girmə ehtimalını bağladığını deyəndə nə demək istəyir? Ermənistan Türkiyə bazarlarını hansı mallarla ələ keçirməyə hazırlaşır?

Ermənistanı reklam edən, lakin gülüş doğuran bir reklam broşurasına baxaq:

“Ermənistan alkoqollu məhsulları ilə məşhurdur: qırmızı və ağ şərablar, konyak, likörlər. Ayrıca, qida sənayesi – meyvə və tərəvəz istehsalı, mineral su satışı, meyvə və giləmeyvə konservlərinin istehsalı, cem və konfet kimi sahələrdə inkişaf etdirilir.

Tut arağı məşhur bir erməni milli içkisidir.

Hər il ölkədən ən az 100 milyon dollar dəyərində konyak ixrac olunur və bütün sənayenin təxminən 40%-ni təşkil edir.

Əsas istehsal bitkiləri kartof, qovun, üzüm, şəkər çuğunduru, pambıq, buğdadır”. və s.

Ermənistanın ÜDM-i strukturuna görə 3 əsas hissəyə bölünür: 67% – xidmət sektoru; 17% – sənaye sektoru; 16% – kənd təsərrüfatıdır. Əsas ixrac məhsulları əlvan metallar, çuqun və mis, mineral xammal, enerji ehtiyatları və ərzaq məhsullarıdır. Və qeyd etmək istəyirəm ki, işğal olunmuş ərazilərin itirilməsi ilə birlikdə Ermənistan mədənlərin, əkin sahələrinin və enerji müəssisələrinin bir hissəsini itirdi.

2020-ci ildə Ermənistandan mal ixracının əsas istiqamətləri bunlardır:

Rusiya 25% payla (654 milyon ABŞ dolları);

İsveçrə 18,5% payla (467 milyon ABŞ dolları);

Çin 11.5% payla (289 milyon ABŞ dolları);

İraq 6.48% payla (163 milyon ABŞ dolları);

Bolqarıstan 5.98% payla (150 milyon ABŞ dolları);

Hollandiya 3.85 % payla (97 milyon ABŞ dolları);

BƏƏ 3.78% payla (95 milyon ABŞ dolları);

İran% 3.36% payla (84 milyon ABŞ dolları);

Hindistan 2.91% payla (73 milyon ABŞ dolları);

ABŞ 2.69% payla (67 milyon ABŞ $).

2020-ci ildə Ermənistandan ixrac strukturu aşağıdakı əsas mal qrupları ilə təmsil olunur:

Faydalı qazıntılar və şlaklar (29%);

Alüminium və ondan hazırlanan məhsullar (4.15%);

Qara metallar (4.15%);

Təbii və ya süni yetişdirilən mirvari, qiymətli və ya yarıqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya (14.5%);

Tütün və sənaye tütün əvəzediciləri (10,1%);

Alkoqollu və alkoqolsuz içkilər (9.51%);

Geyim və geyim ləvazimatları (3.71%);

Mineral yanacaq, bitumlu maddələr – mumlar (2.94%);

Yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin və ya qovunların qabığı (2,27%);

Balıq və xərçəngkimilər, molyuskalar və s. (1.97%).

2020-ci ildə Ermənistana mal idxalı edən ən böyük ticarət tərəfdaşları bunlardır:

Rusiya 32% payla (1,47 milyard ABŞ dolları);

Çin 14.8% payla (672 milyon ABŞ dolları);

İran 6.93% payla (314 milyon ABŞ dolları);

Almaniya 5.11% payla (232 milyon ABŞ dolları);

Türkiyə 5.05% payla (229 milyon ABŞ dolları);

İtaliya 4.2% payla (191 milyon ABŞ dolları);

Ukrayna 2.68% payla (122 milyon ABŞ dolları);

Hindistan 1.98% payla (89 milyon ABŞ dolları);

Fransa 1.79 % payla (81 milyon ABŞ dolları);

Digər dövlətlər (gizli tərəfdaşlar) 1.76% payla (80 milyon ABŞ dolları).

Bu məlumatları təsadüfən qeyd etmədim. Ermənistanın Avrasiya İttifaqı və ya KTMT-dəki tərəfdaşları ilə aktiv şəkildə ticarət etdiyini göstərən heç bir aktivlik nəzərə çarpmır. Türkiyə Ermənistan üçün mal idxal etdiyi bir ölkədir, əksinə deyil. Həm də ona görə yox ki, Türkiyə buna imkan vermir. Ermənistanın təklif etdiyi malların həcmi və çeşidi olduqca məhduddur. İqtisadi baxımdan qısa müddətdə Ermənistanı, əlbəttə ki, Gümrü-Qars yolu daha çox maraqlandırır, çünki bu yolla xammalı (əlvan metalları) Avropaya daha ucuz daşıya bilərlər.

Digər tərəfdən, Naxçıvan yollarının blokdan çıxarılmasının qaçılmaz olduğunu başa düşərək, Ermənistan ərazisindən keçən dəmir yolunun mümkün qədər uzun olmasını istəyirlər. Bu, malların tranzitində daha çox qazanc təmin edəcək.

Ermənistanda kommunikasiyaların açılması, dəmir yollarının və avtomobil yollarının tikilməsi və bərpası ilə bağlı hələ ciddi araşdırmalara və hesablamalara rast gəlməmişəm. Axı bu, yalnız tranzit tariflərinin toplanması deyil. Unutmaq lazım deyil ki, dəmir yolunun tikintisi bir neçə il ərzində iqtisadiyyatın bir çox sahəsi üçün – inşaat materialları istehsalından ticarətə və kommunal sektorun inkişafına qədər əsas fəaliyyət mərkəzinə çevrilməsi deməkdir.

Məsələn, Horadizdən Zəngəzura qədər Azərbaycanda dəmir yolu tikintisi çoxsaylı iş yerləri deməkdir. Real iqtisadiyyata, əmtəə istehsalı sahələrinə, əlaqədar xidmətlər və kiçik və orta sahibkarlığın genişləndirilməsinə böyük investisiyalar nəzərdə tutulur. Buraya inşaat müqavilələri, müşayiət olunan tikinti dəstəyi (alt müqavilələr), tikinti sahələri, sement zavodları, dəmir-beton fabrikləri və bir sıra digər sahələrin imkanlarını genişləndirmək daxildir. Yol tikildiyi üçün stansiyalar da tikiləcək. Magistral yollar, rabitə (elektrik, su və s.) onlara qoşulacaq, xidmət sektoru inkişaf etməyə başlayacaq və s.

Bütün bunlar yolun istismarına başlamazdan əvvəl də baş verir, bu da tədricən yüklənəcək, çünki ciddi xarici şirkətlərin logistika sahəsindəki marağı artır. Proses Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsinə bənzəyir. Buna görə əminəm ki, Ermənistan bütün bu proseslərdə iştirak edəcək. İndi nala-mıxa vurmaqla, sadəcə bir şəkildə öz əhəmiyyətlərini şişirtməyə çalışırlar”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir