-Baba müəllim, deyirlər, yaradıcı insanların ilham pərisi olur. Ya sevgidən yaradıcılığa gəlirlər, ya dərddən. Baba müəllimi hansı səbəb yaradıcılığa sövq etdi?f
İlham pərisi tək yazıçılarda, sənət adamlarında olmur. Bir işi ürəklə, sevgi ilə görürsənsə, deməli, ilham pərisi gəlib. İlham pərisi bir mebel ustasına, hətta avtomobil yuyana, yer belləyənə də gələ bilər, o cümlədən, təbii ki, şairlərə, sənət adamlarına. Ona bir vəhy deyirlər, stimul deyirlər. Adlar müxtəlif ola bilər. Lakin ümumi bir ad götürsək, ilham pərisidir. Nə vaxt gəlir, niyə gəlir, nə zaman gedir, bunu demək çətindir. Amma sevgi sevginin üzərinə gəlir. İşə, sənətə olan sevgi sənin içində varsa, ilham pərisi göylərdən gəlib onu tapır. Amma gəlib görsə ki, için boşdur, xarabalıqdır, bayquşlar ulayır, çıxıb gedir. Bu mənada ilham pərisi bütün sənət adamlarına lazımdır. Bədbəxt o insandır ki, ilham pərisi yoxdur. Özünü məcbur edir, ya bir şeir yazsın, ya bir mahnı bəstələsin, lap belə mebelin tozunu alsın. Bunu da məhəbbətlə, sevgi ilə görmək lazımdır.
– Əsərlərinizin birinə belə bir ad vermisiniz: “Dünya dəyməz göz yaşına”. Bu ad haradan qaynaqlandı?
Bu oradan qaynaqlanır ki, mütləq həqiqətlərə gəlib çıxırsan. O, yaşla deyil. Ola bilsin ki, çox cavan yaşında o həqiqətləri dərk edəsən, ola bilsin ki, yüz il ömür sürəsən, yenə o həqiqətlərdən uzaqda olasan. Bu mənada birdən-birə həyatı dərk edirsən ki, bu dünya elə sən anadan olandan səninlə müharibədədir, səni əzmək istəyir, sındırmaq istəyir, öldürmək istəyir. Sən də başlayırsan bu həyatdan ummağa ki, ey vəfasız dünya, ey gidi dünya, sən niyə belə zalımsan, sevənləri ayırırsan, zülm verirsən bizə. Bilirsən, uman yerdən küsərlər. Sən dünyadan ummağa başlayanda artıq sınırsan, əzilirsən, inciyirsən, küsürsən. Lazım deyil ummaq, küsmək. Dünya sənin düşmənindir. Dünya səni ancaq sındırmaqla məşğuldur. Çalış iradəni topla, gücünü topla, mənəviyyatını topla və dünyaya qalib gəl. Ona görə də mən bu sözü işlətmişəm ki, bu dünya bizim bir damla göz yaşımıza dəyməz. Çünki ondan ummaq lazım deyil. Ümumiyyətlə, heç kimdən, heç nədən ummaq lazım deyil. İnsan gərək özünə arxayın olsun, gücü, dəstəyi özündə tapsın. Vallah, kimdənsə umanda həmişə pis vəziyyətdə qalırsan. Görürsən ki, umacaqların yerinə yetmir. Onda başlayırsan küsməyə. Küsmək istəyəndə özündən küs. Onu bil ki, dostun da, düşmənin də özünsən. Dar ayaqda dost lazımdırsa, özünsən. Şən günündə görürsən ki, arsızlaşmaq, sevincdən çox şitlik eləmək olmaz, onda da özünə düşmən kimi bax. Bu sevincin sabahı da var, sabah kədər də, ayrılıq da gələ bilər. Dünya rənglər üstündə qurulub. Tanrı bu dünyanı milyon rənglə yaradıb. Hətta sayı-hesabı yoxdur. Bir çiçəyin üzərində ki Tanrı saysız-hesabsız rənglər yaradıb, gör, dünya nə cür al-əlvandır və bu dünyadan baş açmaq çox çətindir. Ona görə də çox kənarlara əl atma. Ancaq özün özündən küs, özün özünlə dostluq elə, lazım olduqda, özün özünlə düşmənçilik et. Dümənçiliyi o mənada deyirəm ki, düşmənlər səhvlərini, günahlarını, cinayətlərini görməmişdən öncə özün gör. Çalış onları düzəlt, günahın varsa, özünə cəza ver. Düşmənlər sənin zəif tərəfini görməsinlər. Yunan əsatirində olduğu kimi Axillesin damarında olan zəif nöqtəni sezməsinlər. Çünki hər dəqiqə oradan səni vura bilərlər.
– Sizin mindən artıq şeirinizə mahnı bəstələnib. İçərisində ən ürəyinizcə olanı, dinləyib özünüzü yenidən kəşf etdiyiniz mahnı, sözlərinizin şedevri, incisi hansı mahnının adını çəkə bilərsiniz?
O mahnıların heç birini şedevr, inci adlandıra bilmərəm. Onu tamaşaçı, dinləyici müəyyənləşdirə bilər ki, bu, yaxşıdır, bu, pisdir. Əsərinin hər biri müəllifin övladıdır. Övladları ayırmaq yerdə də günahdır, göydə də. Belə bir fakt var, şikəst övladı valideynlər daha çox istəyir. Bəlkə mənim ən çox istədiyim əsərlərim bəxti gətirməyən, alınmayan, ya bəstəkarın səhvindən, ya mənim öz yaradıcılığımdanmı, ya ifaçının melodiyanı düz tutmamasındanmı o nəğmə kölgədə qalırsa, yenə də mən onu daha çox istəyirəm. O bir az qəlbisınıqdır, ürəyi kövrəkdir, həyatda bəxti gətirmədi, populyar olmadı, dillər əzbərinə çevrilmədi. Başqa cür cavab versəm, bütün bəstəkarlarla iş birliyim uğurlu alınıb, amma mənə elə gəlir ki, Kamal müəllimlə mənim yaradıcılıq tandemim daha uğurludur. Onunla yazdığım əllidən çox mahnının hamısı hitə çevrilib, dillər əzbəridir. Onlardan ikisini xüsusi qeyd edə bilərəm. Biri Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən”, digəri “Səndən nigaranam”. Bu mahnını eşidəndə unuduram özümü ki, bunu mən yazmışam, ya Kamal yazıb. Mahnı məni günahkar torpaqdan alıb aparır göylərə. Çünki nigarançılıq hissim çox güclüdür. Həmişə hər kəsdən, hər şeydən narahatam. Narahatam, bax, burada oturmuşam. İsmayıllıda Mollaisaqlı kəndində doğmalarım neynir, kəndim necədir, yağışlar yağırmı, kəndimizin önündəki məzarlıqda uyuyan valideynlərim necədir, üşümürlərmi soyuq məzarda. Sözün əsl mənasında xalqımdan, millətimdən nigaranam, məmləkətimdən nigaranam. Çünki bu xalqın başı çox bəlalar çəkib. Zaman-zaman torpaqları zəbt olunub. Dünyanın bütün xalqlarından çox bizim xalqın xoşbəxt olmağa haqqı var. Bundan da nigaranam. İnsan həmişə sevdiklərindən nigaran olur. Nəyi çox sevirsən, ondan nigaran olursan. Biganəlik onda yaranır ki, nigarançılıq olmur. Mənim sözlərimə yazılmış daha bir uğurlu nəğmə Alim Qasımovun ifasında “Xatirədir”. Orada hər bir insanın həyatı var. İnsan hərdən özünə sual verir: “Niyə çıxdıq yola biz?”. Elə bil, həyatın mənasını anlamağa başlayır ki, bu, nə həyatdır? Bizim sevincimiz də, sevgimiz də, hamısı ana bərabərdir. Ömür boyu xatirə danışır, qalanı xatirədir. Bu ömürdə ancaq anlar yaşayırıq.
– Aləm desə, unut, unut! Səni unuda bilmirəm. Unutmaq bu qədərmi qəlizdir?
Əlbəttə ki, qəlizdir. Ortada gözəgörünməz, görünən yox, görünən bağlar heç vaxt möhkəm olmur, istər dünyanın ən möhkəm zənciri, qalın kəndiri olsun, heç kimi bir-birinə bağlaya bilməz. Təsəvvür edin ki, bir evdə, bir ailədə o zəncirlərlə insanları bir-birinə bağlasan belə, ortada sevgi yoxdursa, bir gün zəncirlər qırılacaq. Bu mənada o şeirdə söhbət əsl sevgidən gedir. Bütün dünya yığılıb desə ki, onu unut, hətta elmi dildə başa salmaq istəsələr, necə ki, o Məcnuna deyirlər, qara qarışqaya oxşayan o çəlimsiz qızda nə görmüsən sən, unut getsin, gəl sənə qəbilənin başqa qəşəng ağappaq maya kimi qızlarından
birini alaq, xoşbəxt ol. Məcnun deyir, siz o qara-qura qıza mənim gözümlə baxın, Məcnun gözü ilə baxaq, görək onu unutmaq olarmı. Aləm deyir, unut, unut, amma bilmir ki, ona hansı ilahi bağlarla bağlanmısan. Ona görə də, unutmaq çox çətindir. Artıq o insan sənin tərcümeyi-halının, orqanizminin bir hissəsinə çevrilib. İnsanın, elə bil, bir əzasını kəsib atırlar, şikəst qalır. Onsuz da həyat, bəlkə də mümkündür. Mənim bir mahnımda var ki, “ayrılıq ki ölüm deyil, ayrılığa dözərəm mən”. Amma lənət olsun o dözməyə, o ayrılığa ki, sən onsuz dözə bilirsən. Elə bil ki, qolsuz, əlsiz, gözsüz yaşayırsan, dünyaya kor baxırsan. Dilin lal olur, lal kimi davranırsan. Həyat yaşamırsan, ömür-gün sürüb, günlərini sayırsan. Bu mənada unutmaq olmur. O elə bir çöküntüdür ki, ürəyin dibinə çökür, ən iti bıçaqlarla qazıb çıxarmaq, ən bahalı kimyəvi tozlarla təmizləmək olmur.
– Müsahibələrinizin birində demisiz: “Mətbəxdə qab-qacaq yuyan qadın sevgi subyekti ola bilməz”. Baba müəllim sevgi suybektini necə xarakterizə edər?
Dəfələrlə demişəm ki, mətbəxdə qabyuyan qadın da, bizlə çiyin-çiyinə çalışan qadın da, ekrandan izlədiyimiz bütün qadınlar da konkret insanlardır. Yəni adı, soyadı, doğum tarixi, gözünün rəngi, bədən ölçüsü olan konkret qadınlardır. Onları tərənnüm etmək üçün sənətin xüsusi sahəsi var. Amma şairin gördüyü o gözəl ilahi varlıqdır, mələkdir, ona əllə toxunmaq, ona səs çatdırmaq, onu çağırmaq olmur. Çağırsan belə gəlməz. Çünki onun günahkar torpaqda yeri yoxdur, göylər övladıdır. Şair üzünü göylərə tutub ömrü boyu onun həsrətində yaşayıb onu tərənnüm edir. Vay o gündən ki, ona əli çata, əlindən, qolundan tuta, saçını tumarlaya. Artıq o sevgi obyektivliyini itirir. Dünyanın ən gözəl qadını belə realdır. O, şairin obyekti deyil. Şair xəyallarında yaratdığı, arzuladığı gözəli, varlığı vəsf edir. Ona görə bu tərənnüm bəşər tarixi boyu bitmir. Ən yaxını Nizamini götürün. Min il əvvəl təsvir etdiyi gözəli hələ də şairlər vəsf eləyib bitirə bilmirlər. Milyon il sonra da o tərənnüm olunacaq, poeziya, şeir obyekti olacaq.
– Baba müəllim, minlərlə şeirlərin müəllifisiniz. Şeir yazmadığınız günü ömrünüzdən hesab edirsinizmi?
Ömür başqa bir şeydir. Təqvim ildırım sürətilə hərəkət edir. Təqvimdən yarpaqlar düşür. Yaşamaq ayrı, ömür-gün saymaq ayrı şeydir. Amma nəsə yaradanda, şeir demirəm, evdə nəsə qurub-yaradanda, nəyisə təmir edəndə (mənim xoşum gəlir təsərrüfat işlərilə məşğul olmaqdan), hətta xarab olan bir televizoru düzəldəndə də mən yaşayıram. İnsan ən xırda şeylərdən belə qürrələnir. Qürrələnirsən ki, insan kimi yaşadım. Onun sevinci heç nə ilə müqayisə oluna bilməz. Amma ilhamsız, boz, bulanıq günlər də çox olur. İnsan qurulu mexanizm deyil ki, hər bir işdə yüksək olsun. İnsan hissiyyatlar toplusudur. Elə vaxt olur ki, günlərlə nə isə yaratmaq, düzəltmək istəmirsən. İlham olmur, motivasiya olmur. Ovqat sıfırda olur. Sıfırda olan ovqatla nə etsən də alınmayacaq. Bu artıq ömür-gün saymaqdır. Yaratmaq tamam başqa şeydir. Yaratmaq Allaha məxsus bir xüsusiyyətdir. Yaratdıqda dönüb
ilahiləşirsən. İlahiləşirsən ki, Allah kainatı yaratdı. Onun yaratdıqlarını sayıb bitirmək olmur. Mən də insan olaraq bunu yaratdım. Elə insan var ki, onun həyatında bu yaşantı günləri ümumiyyətlə olmur. İnsan onlara baxıb təsəlli alır. Yüz il ömür sürərdim, dönüb arxaya baxanda görərdim ki, heç bir izim qalmayıb. Bir adamın qulağında xoş sözüm belə qalmayıb.
– Şeirlərinizin çoxu sevgidən bəhs edir. Şeirlərinizi vərəqlədikcə insanın təsəvvüründə sevib qovuşmayan şair obrazı canlanır.
Dünyada ən böyük sevgi dastanları nakam məhəbbət macəralarıdır. Görmüsüz ki, dillərdə əzbər olan dastanlar, hekayələr nigah masasında bitsin? – Yox, mümkün deyil. Bütün sevgi dastanları faciə ilə, ayrılıqla bitir. Nigah evində bitən sevgi dastanları da çoxdur. Sadəcə onlar ədəbiyyatın, sənətin materialı deyil. Görürsüz, sosial şəbəkələrdə millət nə axtarır, kim kimi vurdu, kim kimi öldürdü, filankəs ərindən boşandı. Millət buna maraq göstərir. Ona görə də, bütün sevgi və məişət dastanları yarımçıq, nakam sevgilər üzərində qurulur, sevgi olmasa da, məişət zorakılıqları, qalmaqallar, fikir ayrılıqları olur. Bütün gözəl sözlər əxlaq kodekslərində yazılır.
– Baba müəllim, şair yaşamadığı hisslərdən yaza bilərmi? Məsələn, heç vaxt sevməyən insan sevgini tərənnüm edə bilər?
Sevməyən insan digər məxluqlardan fərqlənməz, sevgisiz insan sadəcə bir canlıdır. Allah heyvanları yaratdığı kimi yaratmayıb insanı. Tanrı insanı yaradanda ona sevgi verib, onu dünyanın əşrəfi edib və bütün yaradılışlardan ağlı, düşüncəsi ən əsası sevgisi ilə fərqləndirib. Hər bir insanda sevgi başlanğıcı var. Onu necə xərcləmək isə fərdidir. Sevgisiz nəsə etmək, hətta xadimə işləmək belə mümkün deyil. Şairə gəldikdə isə şair təkcə öz yaşantılarını yazmır. Şairin böyüklüyü ondadır ki, o, minlərin, milyonların, bəşəriyyətin yaşadığı hissləri qələmə alır. Təkcə öz hisslərini qələmə alsa, tərcümeyi-hal ərsəyə gələr, əsərləri də oxunmaz. Əsl poeziyada hamı özünü, öz taleyini, yaşantılarını tapır. Oxucuya elə gəlir ki, şair onun teleyini qələmə alıb. Buna görə müqəddəs kitablarda yazılır ki, şairlər peyğəmbərlərdən sonra Allaha ən yaxın zümrədir. Şairlər digər sənət sahiblərindən daha duyğusaldılar, onlar başqalarının yaşantılarını öz yaşantıları kimi hiss edirlər. Yoxsa əlinə kağız, qələm alan hamı şair olar. Şairlik kağız-qələmdə deyil, insanın düşüncəsindədir, mənəviyyatındadır, vicdanındadır, Allaha yaxınlığındadır. Şairin işlətdiyi söz də bədii sözdür. Görmüsüz ki, şairlər Azərbaycan lüğətindən kənar söz işlətsin? – Xeyr. Sadəcə o sözlərə elə bədii məna, elə mahiyyət verir ki. Şairin sözü ona görə adamın yeddi qatından keçir. Sevən insanlar da bir-birilərinə sevgilərini etiraf edəndə şairlərdən misralar gətirirlər. Bədii sözün qüvvəti, gücü bundadır. Hər kəsin işlətdiyi səni sevirəm informasiyası heç bir şey ifadə eləmir.
-Şeirlərinizdən birində yazmısız ki, “Xoşbəxt olmaq üçün dünyada bəlkə, yaxşı ki, çox şeyi bilmirəm hələ”. Çox şey bilmək xoşbəxtliyə manedirmi?
Çox mane olur. Böyük şairimiz R.Rzanın məşhur bir fikri var: “ Anlamaq dərdi” Mirzə Cəlildən gəlib, sonra R.Rza yazıb. İnsana absurd görünə bilər ki, anlamaq niyə dərd olmalıdır. İnsan hər şeyi anlayıb, fərqinə varıb, dərk etdikcə, hər şeyin dərinliyinə vardıqca görür, yox, elə ən böyük dərd anlamaq dərdidir. Bilirsən kim sənin haqqında nə düşünür. Qarşındakı şəxsin riyakarlığını, yalanını gözlərinə baxanda anlayırsan. Anlayırsan ki, dünya fanidir, münasibətlər saxtadır, siyasət bir oyundur. Saymadığım çox şeyi anlayırsan, anladıqca hər biri sənə dərd gətirir və səni normal yaşamağa qoymur. Fikir, düşüncə insanı əzir, məhv eləyir. İskəndər niyə kefli İskəndərə çevrildi? Zəmanənin cəhalətini anladı, insanların cahilliyini anladı. Nə qədər qəhrəmanlar intihara gedir anlamaq dərdinin ucbatından. Anlamaq dərdi dünyanın ən ağır dərdidir. Dünyada adam kimi yaşamaq üçün az şeyi bilmək lazımdır. Hər şeyi bilməyəndə xoşbəxt olmağa ümid olur.
– Sizcə, niyə gənclər arasında ədəbiyyata, poeziyaya maraq azalıb? Ruhumuz əvvəlki ruh deyil, ya ədəbiyyatımız?
Heç biri əvvəlki deyil. Bəxtiyar Vahabzadənin belə bir şeiri var “Dünya fırlanır”. Dünya fırlanırsa, ruh da dəyişir, zəmanə də dəyişir, özümüz də dəyişirik. Bu, təbii prosesdir. Tanrının qoyduğu nizam-intizamdır. Dünyada əbədi həqiqətlər var. Müvəqqəti keçid dövrləri deyilən dövrlər var. Texnologiya gəlir, inkişaf eləyir və birdən-birə insan əzəlinə, özünə qayıdır. Təbiilik həmişə qalib gəlir. Texnologiyanın gətirdiyi müvəqqəti yeniliklər bizim indi yazılan mahnılar kimi beş günlükdür. Görürsüz, yenidən Şövkət Ələkbərova, Rəşid Behbudov, Flora Kərimovanın mahnılarına qayıdış var. Görürlər, korifeyləri heç kim əvəz eləyə bilmir. Yarıçılpaq çıxan müğənnilər elə bilirlər insanların tələbidir. Şövkətlər, Floralar köhnəldi. Lakin zaman ən böyük hakimdir, sübut edir ki, yox. Təbii olan heç nəyi əvəz etmək mümkün deyil. Özümüz də dərk edəcəyik ki, əbədi olan nədir, müvəqqəti olan nədir. Anlayacağıq ki, insan poeziyasız, sənətsiz yaşaya bilməz. Çünki insanı heyvana çevrilməyə qoymayan ağıl, düşüncə, tədbir və yaratmaq eşqidir. Bu mənada insanı insanlaşdıran ədəbiyyatdır, sənətdir, musiqidir.
– Hər il yaş üstə yaş gəlir, ömür gündəliyimizdən bir səhifə qapanır. Yaşınız artdıqca hansısa mövzu yaradıcılığınızın qayəsi olan sevgi mövzusundan önə keçə bilərmi?
Sevgi əbədi hissdir, qırılmaz bağdır. O təkcə səni sənətinə, peşənə bağlamır, bütövlükdə həyata bağlayır. Ona görə, insan son nəfəsinə qədər bu bağla həyata bağlanır, o bağ qırılanda həyatla bağlı heçnə qalmır. Onda insan intiharı seçir. Son zamanlar intihar hadisələri çox baş verir. Demək, insanları
həyatla bağlayan sonuncu tel də qırılır. Bütün hallarda son nəfəsə qədər sevgi bitib tükənmir. Sevgisiz yaşamaq, yaratmaq nəyə lazım olar. Həyat ən böyük sevgidir, şair daha böyük sevgi ilə, daha qırılmaz tellərlə bağlıdır bu həyata və başqalarından fərqli olaraq bu gözəlliyi daha çox dəyərləndirir. Nə qədər ki, nəfəsi gedib-gəlir, yazmaq, yaratmaq istəyir ki, cismani ömrünü uzatmaq iqtidarında olmasa da, mənəvi ömrünü uzatsın. Alimlərin dediyi fikir var ki, dünyada heç nə itmir, yox olmur, sadəcə formasını dəyişir, mahiyyət, məğz eynilə qalır.
Elida Muxayeva
Zirveyolu.info