Zirveyolu.info fəlsəfə doktoru, dinşünas İbrahim Quliyevlə müsahibəni təqdim edir
-İbrahim müəllim, oruc tutmağın fəziləti haqqında söhbət açaq.
Oruc müqəddəs ay olan ramazanda tutulur. Orucun bir neçə növü var : vacib oruclar, müstəhəb oruclar, haram oruclar, məkruh oruclar. Vacib oruc Allah tərəfindən müəyyən edilir və yaxud insan özü üçün müəyyən edir. Məsələn, nəzir orucu vacib oruclar sırasındadır. Allah tərəfindən müəyyən edilmiş oruc Ramazan ayının orucudur. Ramazan ayının orucu həm Qurani-Kərim, həm də Hədisi-Şəriflər yolu ilə təsbit edilmişdir. Uca rəbbimiz Qurani-Kərimin Bəqərə surəsinin 183- cü ayəsində buyurur: “Ey iman gətirənlər, oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, siz pis əməllərdən çəkinəsiniz, təqvalı olasınız”. Bu, ayə onu göstərir ki, oruc tutmaq təkcə Məhəmməd (ə.s) ümmətinə deyil, eyni zamanda, keçmiş peyğəmbərlərə və yaxud onların ümmətlərinə də vacib edilmişdir. Ayənin sonundakı ifadə isə, onu göstərir ki, insan oruc tutmaq vasitəsilə pis əməllərdən çəkinir. Buradan aydın olur ki, orucun insanın mənəvi dünyasına əvəzedilməz, müsbət təsirləri var. Növbəti ayədə 184-cü ayənin sonunda isə uca rəbbimiz buyurur ki, “Biləsiniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir”. Bu ayə onu göstərir ki, oruc tutmağın istər insanların mənəvi-əxlaqi dünyasına, istərsə də, onların maddi dünyasına, səhhətinə, sağlamlığına çox böyük müsbət təsirləri vardır. Mövzunu Hədisi-Şəriflər kontekstindən təhlil etsək, əlbəttə ki, bu mövzuda çoxlu sayda hədis vardır. Bu hədislər Peyğəmbərdən, İmamlardan və Peyğəmbərimizin səhabələrindən nəql edilmişdir. Bunları biz müxtəlif kateqoriyalara ayıra bilərik. Hədislər onu göstərir ki, Ramazan ayı xüsusi bir aydır, bu ayın fəziləti böyükdür. Oruc səbrin yarısıdır, hər şeyin zəkatı var. Oruc da bədənin zəkatıdır, insan oruc tutmaqla bədəninin zəkatını ödəmiş olur.
-Zəkat nədir?
Zəkat sözünün mənası paklıq, təmizlik deməkdir. İnsan öz malının zəkatını ödəməklə, malını- dövlətini təmizə çıxarmış olur. Buradan belə aydın olur ki, insan oruc tutmaqla, öz cəsədində, cismində, bədənində olan pislikləri atmış olur.
-Orucun axirətə faydaları?
Peyğəmbər (ə.s) buyurur ki, “Orucluq və Quran qiyamət günü bəndə üçün şəfaət edərlər, orucluq deyər, “Ey rəbbim, mən günorta vaxtı o insana şəhvətlər və yeyib-içməyi qadağan etmişəm, məni onun haqqında şəfaətçi et”. Nəticədə hər ikisinin şəfaəti qəbul edilər. Başqa bir hədisdən aydın olur ki, oruc tutanlar xüsusi dəyərə sahibdir. Məsələn, Peyğəmbərimiz buyurur ki, “ Hər bir şeyin qapısı vardır, ibadətin qapısı isə orucluqdur”. Bu hədis onu göstərir ki, ibadət etmək üçün ən doğru yol məhz oruc tutmaqdır, Çünki insan oruc tutmaqla nəfsinə hakim olmuş olur, etdiyi digər ibadətlər də qəbul olur. Peyğəmbər (ə.s) buyurur ki, “Hər kəs Allah yolunda bircə gün oruc tutsa, Allah onun üzünü cəhənnəmdən 70 illik məsafə qədər uzaqlaşdırar. Başqa bir hədisdə deyilir, “Hər kəs bir gün oruc tutsa, cənnətə daxil olar” Buna görə də, hər bir müsəlmanın Ramazan ayının orucunu tutması onun üçün fərzdir, vacibdir.
-Qədr gecəsinin fəziləti haqqında bizi məlumatlandırardız?
Ramazan ayında bir gecə var ki, min aydan üstün gecə kimi tərənnüm edilir, hətta Qurani-Kərimin Qədr surəsində min aydan üstün gecə deyə, buyrulur. Peyğəmbərimizin də hədislərində Qədr gecəsinə xüsusi dəyər verilir. Bu da onu göstərir ki, Qədr gecəsi min aydan üstün olan bir gecədir. Təssəvvür edin, bir insan 83 il, 4 ay yaşaya. Ömrü boyu ibadətlərlə məşğul ola, onun dəyəri Ramazan ayının bir gecəsində gizlənmişdir.
-İbrahim müəllim, deyirlər, yuxu orucu pozur, bu, həqiqəti əks etdirirmi?
Peyğəmbər (ə.s) bu mövzuda buyurur ki, “Oruc tutanın hər halı ibadət içərisindədir”. “Oruc tutanın yuxusu ibadətdir, onun susmağı təsbihdir, zikrdir, əməli qat-qat ödənilər, duası müstəcəbdir. (Allah tərəfindən rədd edilməz) və onun günahı bağışlanmışdır. Bu hədisə baxdığımız zaman görürük ki, istər oruc tutan yatan vəziyyətdə olsun, istər adi vəziyyətdə, hətta sussa belə Allah onun üçün savab yazacaqdır.
-Bildiyimiz kimi, Covid-19 dünyada tüğyan edir. Virusa tutulmuş şəxsin oruc tutması caizdirmi?
Ümumiyyətlə, xəstə olan şəxsə, lakin o xəstəyə ki, oruc tutmaq səhhətinə zərərlidir və həkimlər ona oruc tutmağa icazə vermirlər. Belə şəxslər oruc tutmamalıdırlar. Amma Covidə və başqa xəstəliyə yoluxmuş insan onun səhhəti normaldırsa, oruc tutmaq səhhətinə əlavə mənfi təsir göstərmirsə, həmin şəxs orucunu tuta bilər.
-Oruc tutduğumuz zaman virusa yoluxma riski artırmı?
Bu, elmdə sübüt olmayıbdır. Təbiblər sübüt etməyiblər ki, oruc tutduğumuz zaman bizim virusa yoluxmaq riskimiz artır. Bəzi ehtimallar, fərziyyələr irəli sürülə bilər ki, oruc tutmaq nəticəsində immunitet aşağı düşür, virusa yoluxma riski artır. Ona qalsa, digər xəstəliklərə də bu fərziyyəni irəli sürmək olar. Biz fərziyyə üzərindən məsələyə yanaşa bilmərik. Yaxşı olar ki, hər kəs Ramazan ayının orucunu tutsun, əgər onun səhhəti riskə alınarsa, səhhəti üçün hər hansı problem yaranarsa, o zaman əlbəttə ki, tutmaya bilər. Lakin oruc tutmaq səhhətimə zərər edəcək deyə, fərziyyə irəli sürüb, orucdan imtina edə bilmərik.
-Oruclu şəxs vaksin vurdura bilərmi?
Bəli, oruclu şəxs vaksin vurdura bilər, həb qəbul edə bilməz, oruc batil olar. Lakin iynə və ampulalardan istifadə edə bilər, vaksin də bura daxildir. Bu zaman oruc pozulmaz.
– İnsanları məlumatlandırdığınız üçün təşəkkür edirəm! Allah oruc və dualarımızı qəbul etsin!
Mən təşəkkür edirəm! Müsəlman ümmətinin Ramazan ayı mübarək olsun! Allah ibadətlərimizi qəbul etsin!
Müsahibəni apardı:Cavadzadə Seyid Sürayə
Zirveyolu.info