Manşet

Dövlət vətəndaşının yanındadır

 

Hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri də onun sosial siyasətidir. Sosial siyasət əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər sistemidir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.

Azərbaycan Respublikasında dövlətin sosial siyasətinin tərkib hissəsi kimi əhalinin təhsili, səhiyyə və sağlamlığın qorunması, ictimai-mədəni tədbirlər, incəsənət, idman, gənclər siyasəti, sosial təminat, sosial müdafiə və sair tədbirlər dövlət hakimiyyəti və icra orqanlarının sosial fəaliyyət sferasını təşkil edir. Mərkəzi və yerli hakimiyyət orqanlarının sosial siyasət sahəsindəki fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və istiqamətləndirilir. Dövlətin sosial siyasəti bütün dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarının sosial münasibətlər sahəsindəki fəaliyyətinin əsasını təşkil edir.

Ölkəmizdə əsası uzaqgörən siyasətçi, dahi liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş idarəetmə sistemi hər daim sosial-iqtisadi inkişafa xidmət etmiş və bu gün Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin sayəsində biz -vətəndaşların bir çox sosial problemləri öz həllini tapmış, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılmışdır. Şəhid ailələri və müharibə əlilləri Cənab Prezidentimizin əməyi və sevgisi sayəsində dövlətimizin daim artan qayğısı ilə əhatə olunublar. 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbədən sonra şəhid ailələri ilə bağlı Cənab Prezidentimizin imzaladığı fərman bir daha şəhid və şəhid ailəsinin ölkə rəhbəri üçün, dövlətimiz üçün nə qədər müqəddəs, yüksək dəyərdə olduğunun göstəricisidir.

Azərbaycanın müasir dövlət quruculuğunda sosial siyasətin önəmli istiqamətlərindən biri də şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin sosial müdafiəsidir. Xüsusilə, bu gün dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsi nəticəsində qaçqın və məcburi köçkünlərə, müharibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə son 17 il ərzində şəhid ailələri ilə dəfələrlə görüşdüyünü diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib”.

Hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. İstər pandemiya şəraiti səbəbindən, istərsə də İkinci Vətən Müharibəsi dövründən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olmaqla, ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınıb. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Xüsusilə, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı cari ilin yanvar ayının 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı deyilənlərin bariz nümunəsidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Qeyd edim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xüsusilə, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir. Həmçinin, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin davamlı qayğısının bariz nümunəsidir. Bütün deyilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Həmçinin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunmasıdır. Postkonflikt dövründə 2500 şəhid ailəsi üzvü, qazi, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış  qəhrəmanlarımızın ailələrinin, bu müharibənin qazilərinin,  erməni terrorundan zərər çəkən şəxslərin aktiv məşğulluq proqramları çərçivəsində dəstəklə təminatı işləri davam edir. Müharibədən sonrakı dövrdə bu kateqoriyalardan olan 2500 şəxs (o cümlədən 1200-ə yaxın şəhid ailəsi üzvü) aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin edir. Beləliklə, bir daha bəyan olunur ki, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycan dövləti hər zaman öz əsgərinin yanında olur, şəhidlərimizin xatirəsini həmişə uca tutur, onların adları əbədiləşdirilir, ailələrinə bütün lazımi yardımlar göstərilir, şəhid ailələrinin maddi təminat, mənzil-məişət problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilir.

 

Ənvər Kərimov – Masallı rayon Eminli kəndi

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir