Cəmiyyət

Erməni vandallarından qurtulan XVlll əsrə aid məscidi “Polat Yol Yapı” şirkəti dağıdıb – FAKT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidin söküldüyü müəyyən edilib.

Baş vermiş hadisə barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.

Məsələ ilə bağlı PİA.AZ-a daxil olan məlumata görə Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidi ərazidə yol tikintisi ilə məşğul olan Türkiyənin “Polat Yol Yapı San.və Tic. Anonim Şirkəti” söküb.

Məlumatda qeyd edilir ki, adı çəkilən məscid yeni çəkilən yol layihəsinə düşüb və məsələ ilə bağlı “Polat Yol Yapı” şirkətinə tikilinin tarixi abidə olması barədə hər hansı bir xəbərdarlıq edilməyib. Məhz bu anlaşılmazlığa görə “Polat Yol Yapı şirkətidə 300 illik məscidi söküb.

Bir həftə əvvəl AzTV-də yayımlanan xəbər də isə bildirilib ki, Xudafərin-Qubadlı-Laçın avtomobil yolu yerli iş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “37 N-li Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti” birgə icra edir.

Xatırladaq ki, sözü gedən məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyən edilib.

Qeyd edək ki, əvvəllər yerli mətbuatda “Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin Azərbaycanda gördüyü işlərlə bağlı çox saylı yazılar dərc edilib. Həmin yazılarda “Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin çəkdiyi yolların keyfiyyətsiz olmasından, korrupsiya faktlarından bəhs edilir.

pia.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir