Cəmiyyət Manşet Zirvə Yolu Qəzeti

Zirveyolu.info Tarixi yerlərin və abidələrin mühafizəsi və qorunması günü ilə əlaqədar AMEA Abasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun dosenti Şahlar Şərifovla müsahibəni təqdim edir

 

Şahlar müəllim, bu gün dünyada tarixi abidələrin qorunması və mühafizəsi günüdür. Məlumdur ki, torpaqlarımız 30 il erməni vandallarının tapdağı altında qaldı, tarixi, milli, dini abidələrimiz erməni vəhşiləri tərəfindən məhv edildi və özününküləşdirildi. Abidələrimizin bərpası, qaytarılması hansı zəruri tədbirləri tələb edir?

Təəssüf hissi ilə qeyd edim ki, illərlə davam edən torpaqlarımızın işğalı, Ermənistanın təcavüz siyasəti nəticəsində, Azərbaycan xalqına məxsus daşınmaz mədəniyyət abidələri dağıdılmış, mənimsənilmiş, tarixi, mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq, vandalizmə məruz qalmışdır. Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri islam dini abidələri, məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Ermənilər məscidlərdə ev heyvanları saxlamaqla, millətimizə qarşı öz nifrətlərini nümayiş etdirdilər. Azad olunan ərazilərdə yerləşən abidələrin çoxu gözləndiyi kimi acınacaqlı vəziyyətdədir. Zəngilan rayonunda yerləşən daşınmaz tarixi mədəniyyət abidəsi kimi dövlət qeydiyyatında olan məsciddə donuzların saxlanması erməni vandalizminin bariz nümunəsidir. Və bu fakt təkcə Azərbaycanın deyil, dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq təşkilatların, tərəqqipərvər dünya birliyinin kəskin qınağına səbəb olmalıdır. Bu hal Ermənistanın digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Müsəlmanların ibadətgahı məsciddə heyvan saxlanılması bəşəri dəyərlərə olan mənfi münasibətlə yanaşı, bütövlükdə müsəlman dünyasının dini dəyərlərinə hörmətsizlikdir. Təbii ki, ermənilər bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirdilər. Bu, beynəlxalq səviyyədə hüquqi qiymətini almalıdır. Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq. 1954-cü il Haaqada qəbul edilmiş silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında konvensiyaya əsasən işğalçı dövlət mədəni sərvətlərin dağıdılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsəmə hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı düşmənçilik hərəkətlərindən çəkinməlidir. Azərbaycanın prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə təmir bərpa işləri əmrini verib. İnanırıq ki, Azərbaycan erməni vandalizmini dünya miqyasında tanıtdıracaq. Bu işlərə dini, tarixi abidələrə nəzarət qurumları da nəzarət etməlidir. Ermənistan höküməti Azərbaycan xalqına, dövlətinə vurduğu ziyana görə kompensasiya ödəməlidir. Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi, irsi örnəklərin qorunması və mühafizəsi istiqamətində yüksək səviyyədə tədbirlər həyata keçirir. Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. Ölkəmizin zəngin mədəni irsinin təbliği milli memarlıq və bərpaçılıq sənətinin təşviqi , tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə 2013- cü ildən etibarən Mədəniyyət Nazirliyi tərəfindən milli irs mükafatı təsis edilmişdir. Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Azərbaycanın tarixi abidələrinin tədqiqi, mühafizəsi və bərpası mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği

yönündə böyük işlər görülmüşdür. Bütün bunlar Azərbaycanın qlobal dünyaya öz maddi, mədəni və mənəvi mədəniyyətilə birgə inteqrasiyasını təmin edir. Abidələr xalqın daş yaddaşıdır, onları qorumaq, abad saxlamaq, gələcək nəsillərə çatdırmaq bizim hər birimizin vətəndaşlıq borcudur.

-Nə qədər abidəmiz vandallar tərəfindən məhv edilmişdir?

Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yer əhəmiyyətli memarlıq, arxeoloji bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri dağıdılmışdır, həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni maarif müəssisələri də düşmən tərəfindən məhv edilmişdir. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə və xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.

-Tarixi abidələrin və yerlərin mühafizəsi və qorunması fonunda dünyada aparılan işlərlə bağlı nə deyə bilərsiz?

Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir.

Bu əlamətdar gün tarixi yerlər və abidələrin mühafizəsi şurasının təklifi üzrə YUNESKO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. YUNESKO-nun irs komitəsi sessiya və konfranslar keçirir, televiziya layihələri hazırlanır.

-YUNESKO-ya daxil olan abidələrimiz hansılardır?

1992-ci ildən Azərbaycan YUNESKO ilə əməkdaşlığa başlayıb, Azərbaycan artıq beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun mərkəzinə və təşkilatçısına çevrilib. Son illər dövlətimizin nüfuzlu, beynəlxalq konfranslarda ev sahibliyi etməsi təsadüfi deyildir. Elə yaxın günlərdə YUNESKO-nun dünya irs komitəsinin 43-cü sessiyası da Bakı şəhərində keçirilmişdir. Azərbaycanın bir sıra maddi və qeyri-maddi, mədəni irs nümunələri YUNESKO-nun ümumdünya irs və qeyri-maddi irs üzrə reprezentativ siyahılarına daxil edilib. 2000-ci ildə İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı, 2007-ci ildə Qobustan dövlət tarixi bədii qoruğu YUNESKO-nun dünya irsi siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Göründüyü kimi, aparılan işlərin nəticəsi olaraq, zəngin mədəni irsimiz Azərbaycanın vizit kartına çevrilmişdir.

Müsahibəni apardı:

Cavadzadə Seyid Sürayə Zirveyolu.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir