Cəmiyyət

“Qaloş piri”nin “krasovkalı, dikdabanlı” ziyarətçiləri

Təhsilsizlikdən irəli gələn mövhumatçılıq həmişə olub, amma XXI əsrdə bu daha gülünc görünür

Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.

“Nə qədər yazırıq, bu dünya düzəlmir ki, düzəlmir…” Dahi Üzeyir bəyin eyniadlı operettası əsasında çəkilən “Məşədi İbad” filmində böyük Sabirin, Mirzə Cəlilin və Əzim Əzimzadənin səsləndirdiyi bu fikir yəqin ki, filmi izləyənlərin yaxşı yadındadır. Görkəmli şəxsiyyətlər uzaqgörənliklə dövrlərinin nadanlığına, cəhalətə, xurafata qarşı apardıqları mübarizənin fayda vermədiyini görüb təəssüf edir, ancaq mübarizələrini də dayandırmırdılar. Klassiklərin yaşadığı dövrdən bir əsrdən çox vaxt keçir, ancaq onların qoyub getdiyi dünya doğrudan da düzəlməyib. Elə təkcə Goranboy rayonu Qurbanzadə kəndində “seyidin qaloşu” adı ilə çəkilən videonun sosial şəbəkələrdə yaratdığı rezonansı misal çəkmək kifayətdir ki, bu fikirlərə bir daha inanasan. Videoda “Qaloş piri” deyilən yerə gələn insanlar seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışaraq onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Xurafatın “sehrli” qüvvəsi

Cənub regionunda böyüdüyümdən, hələ uşaqlıqdan insanların bu tip inanclara üstünlük verdiyinin çox şahidi olmuşam. Yaşı ötən qızların bəxtini açdırmaq, gəlin-qaynana münasibətlərini tənzimləmək, övladına sanballı yerdən qız almaq, ərini vəzifəyə keçirmək, kimlərisə boşatdırmaq və ya birləşdirmək və s. səbəblərdən baxıcıların, falçıların qapısında növbələrin sayı-hesabı olmazdı. İnsanlar onlara az qala Tanrıdan çox inanır, bütün var-yoxlarını da bu inancları yolunda xərcləməkdən çəkinmirdilər. Sonradan “sehrli qüvvəyə malik” bu cür insanların ölkənin bütün regionlarında fəaliyyət göstərdiyini, elə bütün regionlarda da onlara inanan adamların olduğunu gördüm. Elə bu gün də pir adı altında elə yerlərə ziyarətlərin olunması və yaxud insanların qaloşdan və ya papaqdan imdad diləməsi, şəfa tapması üçün oralara tapınması mövhumatçılığa söykənən bir məsələdir.

Təəssüf ki, yaşadığımız XXI əsrdə – elm və texnologiyaların inkişaf etdiyi, süni robotların insan əməyini əvəzlədiyi bir dövrdə də insanlar mövhumatçılıqdan əl çəkməyib. İnsanların İslamın həqiqətlərini informasiya şəklində ala bildiyi bir dövrdə belə təfəkkürlə yaşamasının, din adından istifadə edən fırıldaqçıların qurbanına çevrilməsinin səbəbi nədir? İslamın təməl prinsiplərindən bixəbər olan insanların qaloşa və ya digər əşyalara inam göstərməklə cəhalətin və xurafatın girovluğunda əsir qalmaları nədən qaynaqlanır? Neçə-neçə illər cəhalətin və xurafatın girovluğunda əsir qalan insanların əqidələrinin dəyişməməsi cəmiyyətin ziyalı, aydın təfəkkürlü insanlarında təəssüf doğurur.

Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı insanların belə miskin vəziyyətə düşmələrini hamımızın günahı hesab edir: “Dövlətin müvafiq qurumları var. Maarifləndirici və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Dünyanın tamamilə başqa bir tərəfə getdiyi vaxtda bir qaloşa inanmaq cəhalətdən başqa bir şey deyil. Yəqin ki, maarifləndirici funksiyaları olan təşkilatlar da kifayət qədər işlər görə bilmirlər. İnsanın nəyəsə inamının olması yaxşıdır, yoxsa insanın yaşaması çətin olar. Ancaq mövhumat qoxusu gələn şeylərə inanmaq kədərli bir faktdır və bunu izah etmək çox çətindir”.

Yazıçının fikrincə, hələ bu istiqamətdə çox işlər görmək lazımdır: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bütün rayonlarda təşkilatları var. Orada maaş alan insanlar çalışır. Əslində bu məsələ birbaşa onların səhvidir ki, mövhumatçı adamlar həmin ərazilərdə yaşayan insanları öz alətlərinə çevirirlər. Müvafiq dövlət qurumları bu cür faktlara göz yumurlar. Yəqin ki, bu faktla bağlı bir dönüş nöqtəsi olmalıdır. Yəni belə hadisələrin ictimai fakta çevrilməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir”.

Dini anlayışımızın nəticələri

“Bizim din anlayışımız Qurana söykənən din anlayışı deyil, cəhalətə söykənən din anlayışıdır” deyən millət vəkili Fazil Mustafa bu inancın əsrlərlə mövcud olduğuna təəssüfünü bildirir: “Klassik yazıçılarımız Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Axundov insanların bu cür inanclarını atəşə tutublar. İnsanlar cəhalətə daha çox aldanıblar. Bunun da nəticəsidir ki, Azərbaycanda bir peyğəmbər, bir imam olmayıb. Amma guya bütün peyğəmbərlərin qohum-əqrəbasının hamısı Azərbaycandandır. Onlar hardan peyda olublar, necə gəliblər? Dünyanın heç bir yerində dini titullar, ləqəblər yoxdur. Amma Azərbaycanda hamının bir dini titulu var. Bu, dini anlayışımızın nəticələridir. Ona görə də buna təəccüblənmək lazım deyil”.

Millət vəkili qeyd edir ki, “İslam” deyəndə ilk növbədə Quranı, oradakı ideyaları əsas götürmək lazımdır: “Ancaq bu mesaj götürülməyəndə, cəhaləti yayanların rəvayətləri, ağıl dişi söhbətləri, hekayələri əsas götürülür. Bunun da nəticəsində belə bir anormallıq ortaya çıxır”. F.Mustafanın fikrincə, maariflənmə cəhalətdən qurtulmağın çıxış yolu deyil. Belə ki, cəhalətin alternativi təhsildir: “Maariflənmə üçün ilk növbədə dini sahədə inamlı addımlar atılmalıdır. Cəhaləti, nadanlığı, xurafatı adət adı ilə qoruyub saxlamağa təşviq etməyə ehtiyac yoxdur, bunlardan qurtulmaq lazımdır. Dövlət səviyyəsində siyasət buna daha çox yönəlməlidir. Belə bir vəziyyətdə biz pirləri, ziyarətgahları stimullaşdırırıqsa, onlara adi bir qayda kimi baxırıqsa, onda hamı gedib başını sürtüb imdad diləməlidir. Kimi qaloşu, kimi papağı, Quranı kitab olaraq başına sürtməlidir. Başın içinə yığılmayacaq səviyyədə Qurana yanaşma varsa, demək hələ ki düzəlmə ehtimalı aşağıdır”.

Millət vəkilinin fikrincə, bu məsələdə maarifçilik elmin inkişafını stimullaşdırmaq, məktəblərin səviyyəsini qaldırmaqdır: “O adamların çoxu təhsil görməyiblər. Ora gedən valideyn və uşağın normal məktəb içində yetişmədiyi artıq ortadadır. Ona görə bu təfəkkürü dəyişmək çox çətindir”.

1200-1300 il fərq olsa da

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev belə bir faktın mövcudluğuna təəssüfləndiyini bildirir. Belə ki, ölkədə bu qədər geniş və dərin inkişafın baş verdiyi, insan kapitalının formalaşmasına böyük vəsait qoyulduğu bir şəraitdə, insanların dini fanatizmdən kənar tutulması üçün həyata keçirilən geniş maarifçilik tədbirləri ilə eyni vaxtda bu cür məlumatı eşitmək və kimlərinsə həmin fanatizmə uyması təəssüf doğurur: “Ölkəmizin digər İslam dövlətləri ilə müqayisədə sivil dünya formalarına və yaşayış tərzinə sahiblənmə baxımından çox irəli getdiyi bir şəraitdə belə hadisənin baş verməsi kədərlidir”. A.Quliyev baş verən hadisəni iki amillə – insanların şüurunda hələ də keçmişin qalığı olaraq yaşayan xurafata bağlılıq və insanların hətta özünün də bilmədiyi və başa düşmədiyi müstəvidə hansısa xarici qüvvələrin Azərbaycanda onları cəlb etmək üçün qurduqları oyuna düşməsi kimi dəyərləndirir: “İlk növbədə insanlarımız özləri bundan nəticə çıxarmalıdırlar. 7-8-ci əsrdə insanların uyduğu xurafat oyunları ilə indiki insanların arasında ən azı 1200-1300 il fərqin olduğunu gərək qiymətləndirsinlər. Özlərinin bütün dövrlərin insanlarından həqiqətən fərqli insan olduqlarını nümayiş etdirsinlər. Hesab edirəm ki, bu məsələdə ilk növbədə ictimai qınaq, ailələrdə valideynlər, məktəblərdə müəllimlər tərəfindən nəsihət böyük rol oynaya bilər”.

İnsanların avamlığından istifadə

“Əgər bir şey xurafatdırsa, keçmişdə də belə idi, indi də belədir, gələcəkdə, milyon il sonra da belə olacaq. Əgər bir şey xurafat deyilsə, eyni ilə də davam edəcək” – deyən psixoloq Zeynəb Əyyubova hesab edir ki, insanların inancı ilə bağlı olan bir fikrin zamanla heç bir əlaqəsi yoxdur: “Keçmişdə belə idi”, “müasir dövrdə belə olmaz” fikirləri düzgün deyil. Ümumiyyətlə, bu tip inanclar ağılla, məntiqlə dəyərləndirilməlidir. Düz olub-olmaması isə zamana aidiyyatı olmayan bir məsələdir. Sadəcə, müasir texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə belə hadisələrin baş verməsi daha gülünc görünür. Bir var insanın dini inancı ola, yəni İslam əqidəsi, Qurani Kərimdən, Həcc və ya Məşhəd ziyarətindən, Peyğəmbərdən və ya böyük şəxslərdən qaynaqlanan inancları ola, bunu anlamaq olar. Bu, insanın inanc sistemidir. Amma bir də var, insanların avamlığından, zəif nöqtələrindən istifadə edib özünə biznes məqsədilə yaradılan belə xurafata başqalarını inandırasan”.

Psixoloq insanların belə bir inanca sığınması, bu tip şeylərə ehtiyac duymalarının səbəbini belə izah edir: “İnsanlara harasa ümid etmək, haradansa stimul almaq lazımdır. İnsanlar özgüvənini, problemlərinin çarəsini tapmayanda, belə fırıldaqçı insanlara, əqidə oğrularına rast gəlirlər”. Psixoloq hesab edir ki, əgər insanların ruhlarında psixoloji gərginlik varsa, bunu psixoloqla həll etməlidirlər: “Əgər insanların inanclarında hansısa problem varsa, ruhaniyə müraciət etməlidirlər. Əgər problemləri incəsənətlə bağlıdırsa, kinoya, teatra getməlidirlər. Yəni hər sahənin özünə uyğun boşluğunu doldurmalıdırlar ki, belə hallar baş verməsin. İnsanlarımızın elmin bu qədər inkişaf etdiyi bir vaxtda belə xurafatlara inanmamalarını arzu edirəm!”

Təbii ki, yüz illər boyunca beyinlərdə kök salan xurafatı arzulamaqla silmək mümkün deyil. Burada vətəndaş cəmiyyətinin də, müvafiq dini qurumların da, KİV-in də üzərinə mühüm vəzifə düşür. Klassik yazıçıların apardığı mübarizənin çağdaş dövrdə səngiməməsi üçün təfəkkürdə dəyişikliklərə gətirib çıxaracaq maariflənmə işlərinə, geniş təbliğata ehtiyac var. Yoxsa “Qaloş pir”lərinin sayı azalmaqdansa çoxala bilər…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir