Manşet

QHT Şurasındakı yoxlamaların nəticələri Hesablama Palatasının yekun rəyində niyə yoxdur? – İLGİNC

Prezidentin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının ləğv edilməsi gözlənilən idi. Çünki son aylarda Şuranın fəaliyyəti demək olar ki, dondurulmuşdu və onun ləğv olunacağına dair xəbərlər ən yüksək mənbələrdən eşidilirdi.

Bu məlumatların əsası isə bu ilin əvvəlində Hesablama Palatasının Şurada apardığı yoxlamanın açıqlanmasından sonra qoyulmuşdu. Nə qədər qəribə də olsa, Palatanın Şuranı fəaliyyətində üzə çıxardığı nöqsanları ictimaiyyətə qurumun özü deyil, Şuranın icraçı katibi Fərasət Qurbanov açıqladı. Hətta Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatında da yoxlamanın nəticələri əksini tapmadı. Hesabatdan bunun “nəzarət tədbirinin nəticələrinə dair qəbul edilmiş Kollegiya qərarı ilə müəyyən edilmiş tədbirlərin Hesabatın tərtib edildiyi dövrədək tam yekunlaşmaması” ilə əsaslandırıblar.

Halbuki AFN yoxlamanın nəticələrinə dair məlumatı əldə etmək üşün Palataya müraciət edəndə oradan nəticələrin illik hesabata salındığı və Milli Məclisdə müzakirəyə təqdim ediləcəyi bildirilmişdi.

Palatanın hesabatında sadəcə o qeyd edilib ki, Şuranın fəaliyyətində büdcə qanunvericiliyinin pozulması üzrə 6 fakt, əsaslı qoyuluşlar üzrə 19, dövlət əmlakının istifadəsi üzrə 4, vergi və gömrük qanunverciliy üzrə 1 pozuntu aşkarlanıb. Şura Palatanın aşkarladığı nöqsanlar üzrə 98,4 min manat vəsaiti dövlət büdcəsinə geri qaytarıb.
Çox maraqlıdır ki, F.Qurbanov mətbuata verdiyi müsahibədə Palatanın “başa çatmamış” dediyi auditin bütün nəticələrini açıqlayıb. Hətta Palatanın Şuranın büdcəsi ilə bağlı Maliyyə.

Nazirliyinə göndərdiyi təlimatla bağlı da məlumat verib. Əgər iş başa çatmamışdısa, Şura hansı əsasla başa çatmayan proses barədə ictimaiyyətə məlumat verirdi? Yox, əgər başa çatmışdısa, nəyə görə auditin nəticələri Palatanın hesabatına daxil edilməyib?

AFN-in əldə etdiyi məlumata görə, QHT Şurasındakı yoxlamanın nəticələrinə dair məlumat Hesablama Palatasının hesabatının ilkin variantına daxil edilib. Lakin sonradan audit nəticələrinin Palatanın hesabatından çıxarılması baş verib. Təsadüfi deyil ki, deputat Etibar Əliyev Palatanın hesabatı müzakirə olunan zaman QHT Şurasında aparılan yoxlamanın hesabata niyə daxil edilməməsini soruşub.

QHT Şurasının fəaliyyətindəki yoxlamanın nəticələri ilə tanış olan dostların AFN-ə verdiyi məlumata görə, Palata çox ciddi qanun pozuntuları aşkarlayıb. Nəticələrin ictimaiyyətə açıqlanmaması isə Şuranın taleyi ilə bağlı ölkə rəhbərliyi səviyyəsində məsələ qaldırılması, indi Prezident fərmanında əksini tapan və digər başqa variantların müzakirə olunması ilə bağlı olub.

Biz F.Qurbanovun yuxarıda qeyd etdiyimiz müsahibəsində açıqladığı məlumatlar əsasında Şuranın fəaliyyətində aşkarlanan pozuntuları diqqətinizə çatdırırıq:

– Azərbaycan Respublikası Hesablama Palatası keçən ilin sentyabrın 15-dən oktyabrın 15-dək Şuranın Katibliyində yoxlamalar aparıb və bu yoxlamalar Katibliyin fəaliyyətinin 3 ilini (2017–2019-cu illər) əhatə edib.

– Qeyd olunan 3 il üzrə Şuranın Katibliyinin maliyyə fəaliyyətinin bütün sahələri yoxlanılıb. Buraya Katibliyə
ayrılmış vəsaitin istifadəsi, dövlət satınalmalarına aid məsələlər, qrant müsabiqələrinin mövzularının müəyyənləşdirilməsi, həmçinin QHT layihələrinin icra vəziyyəti və hesabatlıq məsələləri, layihələrin ekspertizasına dair ödəmələr, təlim və tədbirlərin icra vəziyyəti, qrantların qeydə alınması, layihələrin icrasına nəzarət və monitorinq, Katibliyin struktur bölmələrinə dair məsələlər aiddir.

– Palata yoxlamanın nəticələrinə əsasən Şura Katibliyinin xərcləri üzrə tələbat barədə Maliyyə Nazirliyinə təkliflər təqdim edib. Palatanın rəyində proqnoz layihələrin hazırlanması prosesində Şuranın funksional fəaliyyəti, Katibliyin saxlanılması və QHT-lərin qrant müsabiqəsi layihələri üzrə keçirilməsi nəzərdə tutulmuş tədbir və layihələrin sayına uyğun ehtimal olunan xərclərin müəyyənləşdirilməməsi və maliyyə yardımının həcminin əsaslandırılması barədə dəlillərin tam olmaması ilə bağlı bir sıra iradlar bildirilib.

– Audit rəyində qrant müsabiqəsinin mövzularının seçimində əsasən aktuallıq baxımından uyğunluğun gözlənildiyi qeyd edilir. Bununla yanaşı, bəzi hallarda Şura Katibliyinin vəzifə funksiyalarına aid olunan səlahiyyətlər daxilində müvafiq satınalma proseduruna aid olan məsələlərin layihə mövzusu kimi təqdim edildiyi bildirilir.

– Şura 2020-ci ildə zərurəti doğru-dürüst izah edilmədən öz vəsaiti hesabına 11 dövlət qurumu ilə birgə qrant müsabiqəsi keçirib. Bütün xərcləri Şura özü qarşılayıb, hətta həmin dövlət qurumlarından təqdim olunan layihələrin qiymətləndirilməsində iştirak edək şəxslərə vəsait də ödəyib. Palata isə haqlı olaraq həmin şəxslər dövlət qulluğunda olduqlarına görə layihələrin qiymətləndirmələrinin qarşılığında ödəniş edilməsinə irad tutub.

– Palata QHT layihələrini də yoxlamaya cəlb edib. Burada layihələrin icrası və keçirilmiş tədbirlər üzrə xərclərin bəzi təsdiqedici sənədlərinin lazımi qaydada mühasibat sənədlərinə əlavə edilməməsi, bunun da nəticəsində iştirakçı sayının fərqinə və artıq büdcə vəsaitinin ödənişinə səbəb olduğu qeyd olunur.

– Şura Katibliyinin satınalmalarına əsasən iki irad bildirilib. Birinci irad bəzi malların ehtimal qiymətlərinin müəyyənləşdirilməsi metodologiyasının tətbiqi vəziyyəti ilə bağlıdır. Digər bir irad isə Şura Katibliyinin həyata keçirdiyi tədbirlərlə bağlıdır.

F.Qurbanov bildirmişdi ki, Şura Katibliyi “şəffaflığa xüsusi önəm verən dövlət qurumu kimi” keçirdiyi bütün tədbirlərlə bağlı daim ictimaiyyətə geniş məlumatlar verir: “Bu məlumatlar hazırlanarkən onların ictimai-siyasi əhəmiyyətinə diqqət yetirilir və daha çox tədbirlərin işgüzar mühiti fotolarda canlandırılır. İaşə və bəzi texniki xarakterli məsələlər isə bəzən diqqətdən kənarda qalır. Bu tədbirlərin icrasını həyata keçirən podratçı təşkilatlar tələb olunan bütün komponentlərə yetərincə diqqət yetirməyiblər. Bu səbəbdən Hesablama Palatasının yekun rəyində qeyd olunan nöqsanlar podratçı təşkilatlar tərəfindən aradan qaldırılıb”.

– Yoxlamanın nəticəsini əks etdirən sənəddə qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasını tənzimləyən normativ hüquqi sənədlərin tələblərinə ciddi əməl olunması, maliyyə-təsərrüfat əməliyyatlarının aid olduğu dövrdə uçota alınması, aktivlərin aidiyyəti üzrə maddi məsul şəxslərin öhtəsinə təhvil verilməsinə, mal və materialların silinməsinə nəzarətin gücləndirilməsi kimi qeydlər də var.

-Audit rəyində Şura Katibliyinin struktur bölmələri üzrə konkret səlahiyyət və məsuliyyət bölgüsünün müəyyən edilməməsi, daxili nəzarət sisteminin zəif təşkil olunması və monitorinqlərin nəticələrinin effektiv olmaması ilə bağlı qeydlər də var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir