Bu günə qədər çox nəğmələr eşitdik, çox musiqilər dinlədik. Vətəni tərənnüm edən saysız musiqilər qəlbimizi oxşadı, kövrəltdi, sızlatdı, bəzən ağlatdı. Həmin musiqilərdən nisgil , həsrət, qubar, dərd qoxusu gəldi. Lakin bir musiqi, bir nəğmə dastana döndü, bir qəhraman nəğməsi, üzündəki təbəssümü ilə qəlbimizdə əbədi taxt qurdu. Bir dəqiqəlik zümzümə bir ömrə işıq saldı, bir əsrin şedevri oldu. Bəlkə də, elə bir insan qalmadı zümzümə etməsin “ Şair, sorma vətən nədən yaxşıdır” Hətta dil açan körpə də, vətən sevgisinin nə olduğunu bilməyən kimsə də bu nəğməni zümzümə etdi. “Deyirlər, bülbülə çəmən yaxşıdır, insan üçün laləzar vətən yaxşıdır” Həmin zümzümə vətən eşqi, torpağa məhəbbət, millətə sevgi aşıladı. Əvvəl də eşitmişdik o nəğməni, lakin bu qədər doğma deyildi. Xudayarın ifasında vətən himninə çevrildi, onunla birlikdə şəhadətə yüksəldi, ölməzlik qazandı, tarix oldu. XXI əsrin şanlı Azərbaycan tarixinə“Xudayar təsnifi” adlı vətən himni, Xudayar adlı 22 yaşlı gənc qəhrəmanın adı yazıldı.
Əlli ildi oxuyan müğənnilər sənin qədər məşhur olmadı, Xudayar. Sənin səsin qədər qəlbimizi oxşayan səs olmadı! Ürəyimizin sarı siminə toxundun, şəhid qardaşım. Bu ifanın üzərinə nə qədər göz yaşı axdı, vətən sevgisi süzüldü, torpaq həsrəti töküldü! Ana laylası, Quran ayəsi qədər doğma və müqəddəs oldu ifan!
Xudayar adının mənası-Allah yardımçısı, Allahın dostudur. Bu antroponimin özünü təsdiqlədi. Xudayar doğurdan da, Allahın dostu, yardımçısı oldu. Tanrı onun səsi ilə bizə vətənin hər nemətdən doğma , əziz olduğunu çatdırdı, bu dövrdə dünyaya peyğəmbər gəlsəydi,onun simasında zühur edərdi. Öləcəyi günü bilən yeganə insan Məhəmməd (ə.s.) olub. Xudayar da öləcəyi günün yaxın olduğunu hiss edirdi. Şəhadətə yüksəlmədən iki gün öncə bir dəqiqəlik nəğmə ilə xalqına mesaj çatdırdı. Tanrı necə çox sevirdi Xudayarı. Gözünü açandan Zəngilan həsrətilə yaşayırdı Xudayar. Zəngilanı görmədən vida etmədi həyata, həsrətini çəkdiyi torpaq da həsrətini çəkirmiş şəhidimizin. Onun qanı ilə suvarılıb Xudayar qoxumaq istəyirmiş Zəngilan.
“Keçdi xəyalımdan öz gözəl yurdum” xəyalından keçmədi, gerçək oldu, yurduna, torpağına qovuşdu, uğrunda can verdi gözəl yurdunun. “Dumanlar başımda dastana döndü” Xudayar dastana döndü, qəhrəmanlığı , igidliyi, üzündəki nur dastana döndü, qəhrəmanlıq dastanına mövzu oldu. Şəhadətin mübarək, Xudayar!
Elida Muxayeva