Bir müddət öncə Ombudsman Azərbaycanda əlillərin ipoteka krediti ilə mənzil alması üçün maneənin aradan qaldırılmasını təklif edib. Ombudsman ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaxşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını, onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3.2-ci yarımbəndinin (Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır) çıxarılmasını təklif edib.
Fiziki məhdudiyyəti olan şəxslər də digərləri kimi bərabər imkanlara sahib olmaq, ipoteka güzəştlərindən yararlanmaq istəsələr də, təəssüf ki, banka müraciət edərkən onların qarşısına çoxsaylı maneələr çıxır.
Sputnik Azərbaycan bu maneələr, onların aradan qaldırılması üçün təkliflərdən söz açır.
Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi, eyni zamanda da müyəssərlik üzrə beynəlxalq ekspert olan Azər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: “Bütün vətəndaşlar kimi, fiziki məhdudiyyəti olan şəxslərin ipoteka kreditinə ehtiyacı yaranır. Fiziki məhdudiyyətli şəxslərə ipoteka krediti ilə bağlı müəyyən güzəştlərin olması çox yaxşı olardı. Təəssüf ki, ipoteka kreditlərinin faizi ilə bağlı heç bir güzəşt yoxdur.
Əlilliyi olan şəxslər hətta kiçik məbləğdə ipoteka götürmək istəyəndə belə onlara kreditin verilməsindən imtina edilir və bunun da səbəbini həmin şəxslərin müavinət alması ilə izah edirlər. Belə olan halda, yəqin ki, ipoteka kreditinin verilməsi üçün müəyyən əlavə işin olmasına ehtiyac var. Bilirsiniz ki, əlilliyi olan şəxslər arasında məşğulluq çox aşağıdır, əksəriyyəti işləmir. İşləyənlər də yəqin ki, o qədər yüksək maaş almırlar”.
“Düşünürəm ki, bu səbəbdən əlillərin işlə təmin olunması, məşğulluq problemlərinin həll edilməsi çox önəmlidir. Öncələr kvotaya riayət olunmurdu. Lakin artıq əlillərin işə götürülməsi, kvotaya əməl olunması istiqamətində müəyyən işlər görülür. Kvotaya əməl olunsa, bir çox əlillərin işlə bağlı problemi həll oluna bilər”.
A.Məmmədli deyir ki, bu şəxslərin təhsil almaq, peşə və biliklərə yiyələnməklə bağlı da problemləri var: “Onların peşə bacarıqları da artırılmalıdır. Azərbaycan Abilimpiya Federasiyası ölkəmiz üçün yeni bir hərəkatdır. Bu federasiya tərəfindən müxtəlif peşə sahibləri arasında yarışlar keçirilir. Yarışların keçirilməsində məqsəd həm peşəkarları, həm də fiziki məhdudiyyətli şəxsləri həvəsləndirmək, eləcə də bu yolla bacarıqlarını təkmilləşdirib gələcəkdə gözəl iş tapmalarına şərait yaratmaqdır”.
Həmsöhbətimizin özünə gəldikdə isə, o bildirir ki, hazırda ay ərzində aldığı məbləğ yalnız 5000 manat civarında kredit götürməsinə icazə verir. O da hələlik ehtimaldır.
Qeyd edək ki, A.Məmmədli uşaq ikən peyvənddən sonra poliomielit xəstəliyi keçirdiyi üçün bir ayağında axsama var.
İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında təkliflərdən danışıb: “İpoteka siyasəti həm dünyada, həm də Azərbaycanda ödəniş qabiliyyəti əsasında qurulub. Əlilliyi olan şəxslərə hökumət müəyyən güzəştlər edə bilər. Müvafiq faiz dərəcəsini 1 faizə endirə bilər. Bu da onların aylıq ödənişlərinin aşağı düşməsinə səbəb olacaq. Beləliklə də gəlirlərin formalaşması zamanı onlara müəyyən ipoteka verilə biləcək. Yaxud da xüsusi proqram çərçivəsində bu kimi şəxslərin ipoteka kreditlərini əldə etmək üçün imkanlarının yaxşılaşdırılması istiqamətində ipoteka siyasəti həyata keçirilə bilər. Bu proqram heç bir faiz tətbiq edilmədən, ilkin ödəniş tələbi az olmaqla dövlət vəsaiti hesabına başa gələ bilər. Güzəştli ipotekada minimum ilkin ödəniş məbləği 15 faizdir. Belə şəxslər üçün ilkin ödəniş vəsaiti 10 faizə salına bilər ki, belə olanda da həmin şəxslərin ilkin yığımları həmin mənzili almağa şərait yarada bilər. Qanunvericiliklə bu 10 faiz maksimum məbləğ kimi təyin oluna bilər. 2016-2017-ci illərdə Azərbaycanda bu təcrübə tətbiq olunsa da, sonradan dəyişdirildi”.
“Daha sonra qanunvericiliyə dəyişiklik edildi və minimumu 15 və 25 faizə qaldırdılar. Nəticədə banklar üçün şərait yaradıldı ki, onlar özləri ilkin ödəniş məbləğini diktə etməyə başladılar. Bu gün əksər banklar ilkin ödəniş məbləğini 30 faizə qaldırıb. Düşünürəm ki, bu problemi aradan qaldırmaqla əlillər üçün əlçatanlığı təmin etmək mümkündür”, – deyə ekspert əlavə edib.
Əlillər bir neçə kateqoriyaya görə təsnifləşir. R.Həsənov deyir ki, buna görə də şərtlər müəyyən edilə bilər: “Daimi əlilliyi olanların gəlirlərinin davamlılığını proqnozlaşdırmaq daha asandır. Müvəqqəti əlillik dərəcəsi alan və 5 ildən bir təkrar yoxlamalardan keçənlərin gəlirləri baxımından müəyyən risk yaranır. Onların problemi aradan qalxırsa, əlil olmaya bilərlər və bu zaman pensiya kəsilə bilər. Birdəfəlik əlilliyi olanlara üstünlük verilmə ehtimalı var. Hansı ki, bu, banklar üçün ciddi problem yaratmayacaq”.
“Dövlət zəmanəti mexanizmi də formalaşdırıla bilər. Dövlət zəmanəti verilərkən ipoteka kreditlərinin aylıq ödənişlərində 30-40 manat aylıq məbləğ artımı olur ki, bu da məhdudiyyəti olan şəxs üçün müəyyən əlavə xərc yarada bilər. Daha yaxşı olardı ki, əlillərə ipoteka krediti verilən zaman dövlət zəmanəti mütləq şəkildə verilsin. Bu zaman bankların yükü, riskləri azalır. Əlilliyi olan şəxslərin ipoteka krediti ödənişi zamanı həmin xərclər də dövlət hesabına ola bilər”, – deyə iqtisadçı əlavə edib.
Bəs Qarabağ qaziləri bu mövzuda nə deyirlər? “Cəsur döyüşçü” medalına layiq görülmüş qəhrəman Abdulla Abdullayev Sputnik Azərbaycan-a danışır: “Bir qədər maddi problemlərim vardı, pul götürmək istəyirdim, bunun üçün “Kapital Bank”a müraciət etdim. Qarabağ qazisi olduğum da bilindi. Lakin kredit verilmədi. Bizim də görmək istədiyimiz işlər var, amma təəssüf ki, qurduğumuz planlar maddi problemlər səbəbindən alınmır.
Dedilər ki, 1-ci qrup əlilliyi olanlara kredit verilmir. Lakin mənim iki ayağım olmasa da vəziyyətim ağır deyil, yəni ölümcül vəziyyətdə deyiləm. Kreditin verilməməsi mənim işlərimi çox ləngitdi. Mən bu dəqiqə ölmürəm, kimisə aldatmıram. Pensiya kartım da var. Amma təəssüf ki, banklardan “yox” cavabı aldım. Mən 550 manat pensiyaya qane olub daim yerimdə dayanmaq istəmirəm, istəyirəm ki, cəmiyyətə qarışım, öz işim olsun, bir iş qurum. Amma təəssüf ki, bu, bizim üçün mümkünsüzdür”.
“İnanın, bu problem həll olunsa, bizim üçün nə qədər böyük yardım olar. Çünki biz qazi yoldaşlarla birləşib ideya qurmuşduq ki, nəsə iş quraq və qazi, şəhid övladları üçün hər şeyi pulsuz edək”, – deyə qazimiz əlavə edir.
O deyir ki, mənzillə təmin olunmaqla bağlı bir qədər problem yaradılsa da, sonradan nazirlik tərəfindən bu məsələyə aydınlıq gətirilib: “Öz evim yoxdur. Babamın evidir, o ev də 7 övlad arasında bölünməlidir. Hazırda da biz orada yaşayırııq. Bizə İcra Hakimiyyətindən deyirdilər ki, sizə ev düşməyə bilər. Amma nazirliyə müraciət etdik, problem həll olundu, Deyildi ki, sizə də ev veriləcək. Sənədlərimizi götürdülər.
Qeyd edək ki, qazimiz Ağdamda ermənilərin minaatandan açdıqları atəş nəticəsində hər iki ayağını itirib. O, könüllü olaraq cəbhəyə yollanmışdı.
Məsələ ilə bağlı “Kapital Bank”ın da mövqeyini öyrəndik. “Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirir ki, kredit rəsmiləşdirmə şərtlərinə əsasən, 1-ci qrup əlilliyi olan şəxslərin adına kredit verilmir: “Müharibədə iştirak edənlərə hər hansı bir güzəştin təqdim edilməsinə gəlincə isə bildirmək istərdik ki, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, habelə düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın kredit borcları tam olaraq silinib. Bundan başqa, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəlikləri, yəni faizlərin və digər ödəmələrin hesablanmasında bir sıra güzəştlər təqdim edilib. Bununla bağlı şəhid olanların və döyüş əməliyyatlarında iştirak edənlərin ailə üzvləri banka müraciət etməlidirlər. Müraciətlərə çevik baxılır və mümkün olan maksimal güzəştlər tətbiq edilir”.
Fiziki məhdudiyyətli şəxslər, eləcə də qazilərimiz üçün ipoteka kreditlərinin verilməsinin əlçatanlığının təmin olunması, bu istiqamətdə addımların atılması, onlar üçün şəraitin yaradılması isə həmin şəxslərin elə mənəvi olaraq ayağa qalxması deməkdir.