Zirveyolu.info II Qarabağ müharibəsinə könüllü yollanan Zakir Əliyevlə müsahibəni təqdim edir.
Torpaqlarımızın qayıtmasında zərrə qədər fəaliyyətim oldusa, xoşbəxt insanam!
Bildiyimizə görə, döyüşlərə könüllü qatılmısız, necə qərar verdiz ki, cəbhəyə yollanmalısız?
Bəli, döyüşlərə könüllü yollandım. Bu, öncə mənim vətən qarşısında borcum idi. Vətənə göz dikənlərin gözlərini oymaq məqamı idi. Uşaqlıqdan qisasımızı almaq arzusu ilə yaşamışam, General Mayor Polad Həşimovun şəhid olması isə arzumu zərurətə çevirdi. Onun ölümü bütün azərbaycanlıları sarsıtdı. Mən də bir azərbaycanlı olaraq, Polad Həşimov, İlqar Mirzəyev və digər qəhrəmanlarımızın qisasının alınmasında mənim də xidmətim olsun istədim. Ali Baş Komandanın əmri ilə qismən səfərbərlik çağırışı oldu. Fürsəti əldən verməyərək, sentyabr ayında könüllü orduya yazıldım.
Biz o günü çox gözləmişdik… səfərbərlik əmrini eşidəndə hansı hissləri keçirdin?
Özümü dərk edəndən bu əmri gözləmişəm, həmişə inanmışam, ürəyimdəki ümid heç vaxt ölmədi. Ümidlərimin ağuşunda gerçəkliyə keçid etdim. Əmin idim ki, torpaqlarımız qayıdacaq. Düzdü, 30 il torpaqlarımız şərəfsizlərin məskəni oldu. Yenə də, ümid ilə səfərbərlik əmrini gözləyirdim. Allaha şükür olsun ki, qismətimə şəhidlik yazılmasa da, Qarabağ döyüşlərinin iştirakçısı olmaq yazıldı. Torpaqlarımızın qayıtmasında zərrə qədər fəaliyyətim oldusa, xoşbəxt insanam.
Hansı ərazilərdə döyüşdüz?
Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad olunmasında iştirak etdim. II Qarabağ müharibəsi bitdikdən sonar Laçın rayonunda xidməti vəzifəmi davam etdirdim. Yanvarın 14-də təxris olundum. O müddətə qədər cənnət Laçın torpağı məskənim oldu.
44 günlük Vətən Müharibəsi ərzində çox eşitdik əsgərlərimiz cəbhəyə yollanmadan əvvəl məktub yazıb vidalaşır, halallıq istəyir və yaxud kimisə, nəyisə əmanət edirdilər. Siz necə məktub yazmışdız?
Düzünü desəm, çox istəyərdim ki, hiss etdiklərimi vərəqə köçürüm. Ailə üzvlərimə çatdırım, qəlbimdən, düşüncəmdən keçənlərdən xəbərdar olsunlar. Onlar məni anlayacaqdı. Çox təəssüf ki, bunu etməyə zaman fürsət vermədi. Lakin sentyabrın 28-i orduya çağrıldığım gün gecə tələsik bir vida məktubu yazmışdım. Valideynlərimdən halallıq almaq ən böyük istəyim idi. Onları kədərləndirib bədbin ruha kökləməmək üçün halallıq almadım. Mən göz yaşı görmək istəmirdim. Ruh yüksəkliyi və inamla addımlamaq istəyirdim. Qısaca məktubda qeyd etmişdim ki, haqqınızı halal edin!
Valideynləriniz bilirdilər könüllü yazıldığınızı?
Könüllü yazıldığımdan xəbərdar olsalar da, döyüşə getdiyimi bilmirdilər. Elə bilirdilər Bakıda xidmətdəyəm.
Döyüş zamanı elə bir vəziyyətlə qarşılaşdınızmı ki, oradan qurtuluşunuz möcüzə oldu?
Döyüş mənə ömürlük dostlar, unudulmayacaq insanlar qazandırdı. Qəhramanların təkcə nağıllarda deyil, real həyatda da olduğuna inandırdı. Çox gözəl insanlarla tanış oldum. Həmidov Turalın adını çəkmək istəyirəm, bölük yoldaşım idi. İstər döyüş vaxtı, istərsə ondan sonrakı zamanları bir yerdə addımladıq. Bir hadisə yaddaşıma əbədi həkk olundu. Tabor komandirimiz iki könüllü əsgər istəmişdi ki, onunla birlikdə qabaqda gedib düşmənin harada olduğunu görsün, sonradan isə bizə arxada qalan əsgərlər qoşulacaqdı. Həmidov Tural və mən tez ayağa qalxıb komandirimiz ilə getməyə düşünmədən qərar verdik. İnsan ölümün gözünə baxa-baxa üzərinə gedir. Oradan qurtuluşun özü bir möcüzə idi. Xatırladıqca qürur duyuram.
Ən çətin qaytarılan ərazi, döyüşlərin ən qızğın getdiyi yer hara oldu?
Xocavənd və Hadrut qəsəbəsində döyüşlər çox qızğın getdi.Bizim 35 nəfərlik bölükdə 5 qardaşımız şəhadətə yüksəldi. 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq yaralandı. Qazilərimizə Allahdan şəfa diləyir, şəhidlərin ruhu qarşısında baş əyirəm! Allah rəhmət etsin!
Biz də sizin kimi qəhraman vətən oğulları ilə fəxr edirik.
Təşəkkür edirəm! Əsas odur zəfər bizimdir!
Müsahibəni apardı: Cavadzadə Seyid Sürayə
Zirvəyolu.info