Məlum olduğu kimi, Azərbaycanda iqtisadi inkişaf daha çox Bakının payına düşür, regionlarla paytaxt arasında balans pozulub. Bunun səbəbi isə mərkəzdən uzaqlaşdıqca bölgələrdə yerli icra hakimiyyəti orqanlarının özbaşınalığı, biznesin qarşısında bürokratik əngəllər yaratması, böyük torpaq sahələrini zəbt edib şəxsi biznesini yaratması və bu sahədə bütün rəqiblərini sıradan çıxarması, sahibkarlardan tələb etdikləri bac-xərac və sairdir.
Hər kəsə bəllidir ki, icra başçıları mümkün qədər rayonun tək hakiminə çevrilməyə, sahibkarların güclənməməsinə çalışırlar. Nəticədə bu da iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır, böyük iqtisadi potensiala malik olan bölgələrimiz paytaxtdan asılı vəziyyətə düşür, dövlət büdcəsi üzərində yükə çevrilir.
Təəssüf ki, son illər dövlət başçısının icra strukturlarında apardığı “təmizləmə əməliyyatı”, kadr dəyişiklikləri də hələ ki gözlənilən nəticəni vermir. Ekspertlər, deputatlar isə bütövlükdə bu strukturun, idarəetmə institutunun ləğvini təklif edirlər.
Bir müddət öncə deputat Qüdrət Həsənquliyev regionlarda idarəetmənin çevikliyini və effektivliyini təmin etmək üçün bu təklifi irəli sürmüşdü. Deputat Milli Məclisdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı bildirmişdi ki, konstitusiyaya görə icra hakimiyyətinin formalaşdırılması Azərbaycan Prezidentinə məxsusdur. Ona görə də mən bu qanun layihəsinə səs verəcəyəm”. Deputat seçkili orqan olan bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsini təklif edib: “Təklif edirəm ki, biz konstitusiya izahatları aparmalıyıq və insanlar bələdiyyələrdən, səs verdiyi insanlardan hesab istəməlidir”.
Q.Həsənquliyev qeyd edib ki, biz buna getməsək, effektli nəticəyə nail ola bilməyəcəyik: “Yerlərdə hakimiyyəti xalq formalaşdırmalıdır. Qardaş Türkiyə nümunəsi var. Prezident xüsusi nümayəndələr təyin edirsə, icra hakimiyyətləri ləğv edilməli və yerli hakimiyyəti xalq formalaşdırmalıdır”.
Qeyd edək ki, bütün bu islahatların kökündə duran məqsəd bölgələrin iqtisadi inkişafına nail olmaq, dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarının effektivliyini təmin etmək, rayonlarda dövlət büdcəsindən ayrılan milyardlar hesabına yaradılan infrastrukturu əlavə dəyərə çevirmək dayanır. Bunun üçün isə suyun qabağını kəsən “əjdaha”ları sıradan çıxartmaq, eyni zamanda onları “əjdaha”ya çevirən sistemi dəyişməkdir.
Məhz bu sistemdəki qüsurlar sayəsində rayonun mütləq hakiminə çevrilən icra başçıları bölgələrə investisiya cəlb etməklə bağlı tapşırıqlara əməl etmirlər. Çünki məmur olmaqla yanaşı, həm də ölkənin ən böyük biznesmenləri olan icra başçıları investoru gətirib özlərinə rəqib etmək istəmirlər.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da bildirdi ki, bütün həbslərə, cəzalara baxmayaraq əksər bölgələrdə icra başçıları öz işindədir: “Rüşvətxor, oğru , korrupsioner icra başçılarının həbsi dövlət tərəfindən düzgün addımdır. Bu həm də digərləri üçün bir dərsdir. Lakin bütövlükdə problemin həlli deyil. Problemin həlli Prezidentin bir neçə il öncə elan etdiyi şərtlər çərçivəsində həmin icra başçılarının fəaliyyətinin qurulması və bu çərçivədə onlardan iş tələb olunmasıdır. Həmin vaxt Prezident bəyan etmişdi ki, bundan sonra icra başçılarının fəaliyyətinə onların bölgəyə cəlb etdiyi investisiyaların səviyyəsinə uyğun olaraq qərar veriləcək. Gəlin baxaq görək, hansı icra başçısı bu sahədə normal bir nümunə sərgiləyib. Dövlətin dəstəyi ilə hansısa biznesin qurulması, dövlət dəstəyi ilə investorun cəlb edilməsi hələ icra başçısının fəaliyyətinə aid deyil. İcra başçılarına münasibət kökündən dəyişməlidir. Onlar yerlərdə özlərini Allah kimi aparırlar. Məlumatlar var ki, bütün bu qadağalara, cəzalara, həbslərə baxmayaraq bir çox icra başçıları öz işlərindədirlər. İş adamlarını incitməklə, onlardan bac almaqla, rüşvət tələb etməklə məşğuldurlar. Əslində isə icra başçısı iş adamının əlindən tutmalı, ona kömək etməlidir. İcra başçısı iş adamının cibinə girməli deyil. Nə qədər ki, icra başçıları iş adamlarının ciblərinə girəcəklər, onlara özlərinin gəlir mənbəyi kimi baxacaqlar, biz yerlərdə iqtisadiyyat görməyəcəyik. Olsa da dövlətin yaratdığı 3-5 müəssisə olacaq. Münasibət kökündən dəyişməlidir. Prezidentin bir neçə il öcə bəyan etdiyi kriteriya işləməlidir. Onu da komandada çalışan məmurlar, bu işə cavabdeh olan vəzifəlilər etməlidir”.
İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, regionların iqtisadi inkişafı üçün icra başçısı institutunun ləğvi, daha operativ idarəetməni təmin edən Prezidentin xüsusi nümayəndəsinin təyini və seçkili orqan olan bələdiyyələrin səlahiyyətlərinin artırılması vacibdir: “Azərbaycanda artıq həbs olunan icra başçılarının sayını itirmişik, bir çoxu da vəzifədən azad edilib. Haqlı olaraq cəzasını çəkənlər də var. Proses hələ də davam edir. Bu onu göstərir ki, artıq problem şəxslərdə deyil, idarəetmənin özündədir. İcra hakimiyyəti strukturunun özündə problem var. İllərdir ki, biz yerli icra hakimiyyəti institutunun ləğvini və yerinə mərkəzləşdirilmiş iqtisadi rayonlar üzrə Prezidentin nümayəndələrinin təyin olunmasını təklif edirik. Azərbaycanda 15-16 iqtisadi rayon yaratmaq olar. Onlara Prezidentin birbaşa nümayəndəsini təyin edib, bir çox məsələlərin həllində operativliyinə nail olmaq olar. Rayonların özlərini isə yerli idarəetmə institutlarına vermək lazımdır. Seçkili orqanlar yaradılmalıdır, mer institutu olmalıdır, yerli bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Yerli idarəetmənin fəlsəfəsi dəyişdikdən sonra irəliləyişə nail olmaq olar”.
N.Cəfərli hesab edir ki, səlahiyyəti və nüfuzu artırıldıqdan sonra bələdiyyələr bölgənin iqtisadi inkişafında əsas lokomativə, oyunçuya çevrilə bilər: “İcra başçılarının investor dəvət etmək kimi bir səlahiyyəti yoxdur. Səlahiyyət mərkəzi hökumətə və nə qədər qəribə səslənsə də, bələdiyyələrə məxsusdur. Sadəcə, bizdə bələdiyyələr müəssisələr yarada bilmir, xarici tərəfdaşlarla iş qura bilmir. Onların səlahiyyətləri genişləndirilsə, qanunun bu maddələrindən istifadə etmək olar. Bu gün Türkiyə bələdiyyələri birbaşa iqtisadi oyunçu kimi proseslərdə iştirak edirlər. Həm kredit ala bilirlər, həm müəssisələr açırlar, birgə müəssisələrin yaradılmasında iştirak edirlər, xarici investorları dəvət edib protokollar imzalayırlar. Yerli icra başçısı hansısa xarici investoru dəvət edib hansı qanun çərçivəsində müqavilə, sənəd imzalaya bilər, burada açıq qalan tərəflər çoxdur. Artıq zaman çoxdan yetişib, yerli idarəetmənin institutsional olaraq dəyişdirilməsinə və yeni idarəetmə formasının Azərbaycanda bərqərar olmasına ehtiyac var. Həbslər və təqiblər heç nəyi həll etməyəcək. Əksinə, bir müddətdən sonra cəmiyyətdə bu xəbərlərə reaksiya da dəyişəcək. Cəmiyyət də görəcək ki, həbslər olur, lakin heç nə dəyişmir. Problem şəxslərdə yox, idarəetmənin təməl prinsiplərindədir ki, o prinsiplərin dəyişdirilməsinə ehtiyac var”.
İqtisadçı alim, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vüqar Bayramov da hesab edir ki, kadr islahatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas elementindən biridir: “Biz yeni kadrların yalnız yerli icra hakimiyyəti səviyyəsində deyil, eyni zamanda mərkəzi idarəetmə aparatlarında təyinatını da müşahidə edirik. Hökumətdə son təyinatlarda gənc və innovativ kadrlar önə çəkilir. Biznesin əhəmiyyətli hissəsinin Bakının payına düşdüyünü nəzərə alsaq, regionlarla paytaxt arasındakı fərqin azaldılması və balanslı iqtisadi inkişafa nail olunması olduqca vacibdir. Regionlarda həyata keçirilən kadr islahatları fonunda, rayonlarımızda investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin genişləndirilməsi zəruridir. Bu istiqamətdə islahatların genişlənməsi müşahidə olunur. Çünki regionların inkişafı ilə bağlı artıq icra edilmiş 3 proqram rayonlarda infrastrukturun formalaşmasına imkan yaradıb. Biznes mühitini daha da yaxşılaşdırmaqla həmin infrastrukturun dəyərə çevrilməsinə, daha çox iqtisadi dəyər yaradılmasına ehtiyac var. Rayonlara xarici sərmayənin cəlb edilməsi həm də bölgələrimizdə biznes mühitinin daha da yaxşılaşdırılmasını zəruri edir. Hazırda aparılan kadr islahatları və gənclərin təyinatı rayonlarda investisiya mühitinin daha da yaxşılaşmasına imkan yaradacaq. Bu baxımdan biz mərhələli şəkildə rayonlara daha çox sərmayənin cəlb edilməsini proqnozlaşdırırıq. Nəzərə alsaq ki, rayonlarda dövlət dəstəyi ilə aqroparklar, sənaye məhəllələri yaradılır, bu da həmin bölgələrə özəl və xarici investisiyanın cəlb edilməsi üçün zəmin deməkdir”.