Bakıda iş adamının güllələnməsinin təfərrüatları məlum olub.
Zirveyolu.info xəbər verir ki, qətl iyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında törədilib.
47 yaşlı yeznəsi Məmmədov Ramiz Hümbət oğlunun qətlində şübhəli bilinən 45 yaşlı Siyəzən rayon sakini Şirinov Rauf Həsən oğlu cinayət yerindən qaçıb və hazırda axtarışdadır.Şərur rayon sakini Ramiz Məmmədovun avtomobilində ov tüfəngi ilə güllələndiyi ehtimal edilir. O, qarın və ayaq nahiyəsindən iki güllə yarası ilə ağır vəziyyətdə 3 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi qətldə şübhəli bilinən şəxs idarə etsə də, “84” və “113” nömrəli avtobusların marşrut xətləri R.Məmmədova məxsus olub. İstintaq versiyalarından birinə görə, qohumlar arasında münaqişəyə səbəb pul məsələsi olub.
R.Şirinov qətldə istifadə etdiyi odlu silahla birlikdə qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun hələ ölkə hüdudlarında olduğuna ümid edir. Cinayətkarın axtarışına Sabunçu rayon Polis İdarəsinin əməkdaşları səfərbər olunub.(oxu az)