Azərbaycanın ilk və hazırki dövlət himninin mətninin müəllifi, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük milli şair Əhməd Cavad 1892-ci ildə may ayının 5-i Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Ə.Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə.Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.
Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə gedir. Cavadın Gəncəyə ilk gəlişi 1906-ci ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış “Gəldim Gəncəyə” şeirində rast gəlinir. Şairin anası xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayır.
Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə etmişdir “Utan”, “Müəllim” şeirləri onun ilk qələm təcrübələrindəndir. Ə.Cavadın arxivində “Fələk dil kabab” adlı 34 səhifəlik bir əlyazması saxlanılır. Bu şeirlər toplusunun əksəriyyətini şair mədrəsədə oxuduğu illərdə qələmə almışdır. Onların çoxu ərəb-fars sözləri, tərkibləri ilə doludur. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.
Ədəbiyyata bu səpkili şeirlərlə gələn Ə.Cavadın bir neçə ildən sonra şeir dili sadələşmişdir. 1913-cü ildə qələmə aldığı “Dilimiz” şeiri buna misaldır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunmuş, ona özünün aydın
münasibətini bildirmişdi. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxmışdır.
Şair bütün vəznlərdən, şeir formalarından daha artıq qoşmaya və bayatıya üstünlük vermişdir. Ə.Cavadın yaradıcılığında realist səpkili əsərlərinə də təsadüf olunur. Belə ki, romantik üslubla, realist üslub paralel şəkildə inkişaf etdirilmişdir. “Yazım gəl!”, “Yuxuma gəlmişdin”, “Sevgi candan ayrılmaz” və s. adlı şeirləri, eləcə də aşıq şeirlərinə nəzirə kimi qoşduğu şərqilərdən “Səhər-səhər”, “Olmaz” bayatıları, oxşamaları daha çox diqqəti cəlb edir.
Ə.Cavadın inqilabdan qabaq dövrü mətbuatda dərc olunmuş yazılarında insanlar dostluğa, qardaşlığa və birliyə çağrılır. Məsələn, 1911-ci ildə onun yazdığı “Bir-birimizi sevəlim” adlı məqaləsi “Məktəb” jurnalında dərc olunmuşdur. Şairin “Məktəb” jurnalında çap etdirdiyi uşaq şeirləri də diqqətəlayiqdir.
Əhməd Cavadın “Qoşma” adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, “Açıq söz” mətbəəsində nəşr olunmuşdur. Kitabın çapı zamanı şair Batumda idi. Burada toplanan şeirlər müəllifin ayrı-ayrı qəzet və jurnallarda dərc edilmiş əsərləridir. Şeirlər əvvəlcədən o qədər hüsn-rəğbət qazanmışdır ki, onları bir toplu şəklində doktor Xosrovbəy Sultanonovun şəxsində “Cəmiyyəti-Xeyriyyə” nəşr etdirmişdir. Cavad bu hadisədən bir il sonra xəbər tutmuş, Bakıya göndərdiyi “Təşəkkür” adlı məktubu M.Ə.Rəsulzadənin redaktə etdiyi “Açıq söz” qəzetinin 1917-ci il 24 may nömrəsində dərc edilmişdir.
Əhməd Cavad 1912–1913-cü illərdə Balkan müharibəsində iştirak edib.
Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlarkən, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedib, Türkiyə tərəfindən əməliyyatlara qoşularaq Bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edib. Həmin könüllü dəstənin tərkibində Əhməd Cavad da əqidə dostları İ.Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edib. Həmin vaxtda Cavadın 20 yaşı vardı.
Birinci Dünya müharibəsində iştirakı
Müharibə dövründə əmək fəaliyyəti və yaradıcılğı
Ədəbiyyata romantik şair kimi gələn Əhməd cavad Birinci Cahan müharibəsində iştirakı ilə bağlı olaraq onda realizmə, realist təsvirlərə meyl güclənmişdir. Nəhayətdə realizm onun yaradıcılığında aparıcı mövqeyə çevrilmiş, sonrakı illərdə əsasən öz əsərlərini realist üslubda qələmə almışdır. Əhməd Cavad müharibə dövründə yazdığı məqalələrini Bakı mətbuatında çap etdirmişdir. Şair Bakıda nəşr olunan bir çox qəzetlərin xüsusi müxbiri vəzifəsini daşıyırdı. Cavadın çıxış və məqalələri, əsasən, “İqbal”, “Yeni iqbal”, “Şəlalə”, “Açıq söz”,
“Azərbaycan”, “Maarif və mədəniyyət”, “Arı”, “Maarif işçisi” kimi mətbuat orqanları ilə bağlı olub. Həmin dövrdə onun yaradıcılığında bayatı və publisistika ilə yanaşı, xəbərlər, reportajlar, oçerklər, felyetonlar, sənədli hekayələr və s. nəsr nümunələri yaratmaq meyli güclənmişdir. O, tarixi essələr, etnoqrafik etüdlər, məlumat xarakterli məqalələr, xatirələr, memuar əsərlər də qələmə alırdı.Ədib 1914-cü ildən “Açıq söz” qəzetinin müxbiri kimi fəaliyyət göstərmişdi. Onun əsərlərinin nəşr edilməsinə o zamanlar “Açıq söz” qəzetinin mühərriri Məhəmməd Əmin Ə.Rəsulzadə köməklik göstərirdi. Bu qəzetdə onun bir çox maraqlı yazıları, publisistik məqalələri, şeirləri dərc olunub. “Açıq söz” qəzeti “Müsavat” partiyasının orqanı idi, bu qəzet Məhəmməd Əmin Rəsulzadə və Məmmədəli Rəsulzadə qardaşlarının rəhbərliyi altında çıxırdı. M.Ə.Rəsulzadə ilə xüsusi yaxınlığı, milli ideallara bağlılığı Ə.Cavadı bu qəzetə gətirmiş, onu ən fəal müxbirlərdən biri etmişdi.
Əhməd Cavad savaş illərində əməli fəaliyyətlə, xeyriyyəçiliklə, zərərçəkənlərə yardım işi ilə məşğul olmaqla, bu mövzuda çeşidli, silsilə məqalələr yazmaqla yanaşı, şeir yaradıcılığını da davam etdirirdi. Bu cür şeirlərin çoxu savaş faciələri, xalqın həyatı mövzularında idi. Onun “Şeirimə” (1913), “Hərbzədələrə”, “İmdad”, “Nə gördümsə”, “Ümidimə”, “Dərdim” (1917, mart, Çaqva), “İraq”, “Axşamlar” (1916, Qudaud), “Mayıs” (1916, Suxumi), “Şəhid əsir”, “Haralısan? ” (1916, Batum), “Oyan”, “Yazıq”, “Kuropatkinə” (1917, Çaqva), “Aşiqin dərdi” (1919, Kutaisi), “Beşik” (1917, iyul, Çaqva), “Of, bu yol” və başqa şeirləri belə əsərlərdəndir.
Əhməd Cavad 1914–1917-ci illərdə Acarıstanda kənd-kənd dolaşaraq müxbir kimi fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum haqqında “İqbal”, “Yeni İqbal”, əsasən, “Açıq söz” qəzetlərinə silsilə məqalələr göndərmişdir. Həmin silsilə məqalələrdən biri olan “Acara məktubları” da “Açıq söz” qəzetində 1915-ci ilin 3 noyabr, 14 dekabr, 15 dekabr, 30 dekabr və 1916-cı ilin 25 mart tarixli nömrələrində dərc olunmuşdur. “Acara məktubları” beş silsilə məqalədən ibarət olub, bədii-publisistik üslubdadır. Məktublarda Türkiyə-Gürcüstan-Acarıstan münasibətləri, Azərbaycan nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acarıstanın tarixi, təbiəti, xalqın məişəti, adət-ənənələri, Türkiyəyə arxalanması, dil, din, məktəb, maarif və s. məsələlər işıqlandırılır. Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Cavad hətta buradakı evlərin belə “tamamilə türk tərzi memariyyəsində yapıldığını”, acarların geyimlərini “Anadolunun qiyafətinin incə bir şəkli” olduğunu qeyd edir.
Ümumiyyətlə, şair publisistin “Acara məktubları”, “Acariyada dil”, “Lazlara kömək”, “Suxum yolunda”, “Rizə və Trabzon fəlakətzədələri”, “Batum Müsəlman Birlik Cəmiyyətindən”, “Kars heyətinin gördüyü işlərdən”, “Gürcü mətbuatı və Acara” kimi bir çox məqalə və müxbir məktublarında yerli türk, həm də acar xalqlarının keçmişi, hazırkı vəziyyəti barədə çox qiymətli tarixi, etnoqrafik məlumatlar, materiallar vardır.
Əhməd Cavadın qələmindən çıxan məqalələrdə dövrün bir çox aktual məsələləri öz əksini tapıb. Onun “Suxum yolundan” yol qeydləri, “Acarıstanda bir vaqe münasibəti ilə” milli münasibətlərə həsr olunmuş reportajı, “Yanlış xəbər münasibətilə” adlı türk xalqları üçün məktəb açmaq problemindən bəhs edən müəllim və pedaqoq mülahizələri, “Gürcü mətbuatı və Acara” yazısı ilə verilmiş iki qonşu xalqın arasında cərəyan edən münasibətlər, “Batumda müsəlman mitinqi”ndə müsəlmanların hökumət qarşısında qaldırdığı problemlərin həll edilməsi üçün irəli sürülən tələblər, “Trabzon fəlakətzədələri”ndə rus və türk xalqlarının mübarizəsində gürcülərin və ermənilərin tutduqları mövqe, “Yuxarı Acarada cameyi-şərif rəsm guşadı” məqaləsində acarlar üçün Azərbaycan türklərinin məscid açması, “Orucluq”da ifadə edilən xalq bayramı, “Lazlara kömək” əsərində və.s qələm məhsullarında “Cəmiyyəti-Xeyriyyə”nin nümayəndələrinin gördüyü işlərin təsviri öz parlaq əksini tapmışdır.
Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi “Çırpınırdın, Qara dəniz” şeiri Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, digər səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur “Həmidiyyə” zirehli gəmisinin Yunanıstanın “Averof” hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı “Həmidiyyə” zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları “Kazbek” və “Kaqul” adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın “Kazbek” və “Kaqul” hərbi zirehli gəmisinə meydan oxuyan məşhur “Həmidiyyə” hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır. Gəminin kapitanı Atatürklə yaxın olmuş, Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə “Həmidiyyə” qəhrəmanı kimi şöhrətlənmişdir.
Çırpınırdın, Qara dəniz,
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdin, heç ölməzdim,
Düşə bilsəm ayağına!
Əhməd Cavadın sovet dövründə yazdığı lirik şeirlərdən biri olan “Göy göl” ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri olmuşdur. Səkkiz bənddən ibarət olan şeir 1925-ci ildə nəşr olunmuşdur. Məşhur “Göy göl” şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulur və bununla da şair həbsхanaya salınır. Ə.Cavad “Göy göl” şeirinə görə 5–6 ay həbsdə saxlanılır. Damğaya səbəb şairin yazdığı bu misralardır:
Sənin gözəlliyin gəlməz ki saya,
Qoynunda yer vardır yıldıza, aya!
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl!
Şairi bu bənddə ulduzdan aydan danışıb müsavatçılara ismarıc göndərməkdə ittiham edib şeirin tərcümə variantını Moskvaya göndərirlər. “Göy göl”lə tanış olan Moskva mütəхəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər. Beləliklə, şeirdə heç bir bir siyasi səhv tapılmadığından şairi həbsdən azad etmək məcburiyyətində qalırlar.
Şeirdə Azərbaycanın füsunkar gözəllikləri “Göy göl” timsalında tərənnüm olunmuşdur.
“Göy göl” şeirinə görə həbs edilən Ə.Cavad azadlığa buraxıldıqdan sonra “Ey Göy gölüm” adlı bir əsər də yazır. Həmin əsərdə şair həbs olunduğundan peşiman olmadığını bildirir. Ümumiyyətlə o, qələmə aldığı şeirlərinə görə bir neçə dəfə həbs edilmişdir.
Beləliklə bir çox dərin mənalı şeirlərin müəllifi olan, böyük milli şair Əhməd Cavad 1937-ci il oktaybrın 12-dən 13-nə geçən gecə repressiyaya məruz qalaraq güllələnib.
Cavadzadə Seyid Sürayə





