Son illər ölkədə medianın inkişafı üçün müxtəlif istiqamətli addımlar atılsa da, müəyyən çatışmazlıqlar var, amma əsas odur ki, strateji sahələrdən sayılan medianın təkmilləşdirilməsi üçün səylər artırılıb. Bura dövlət dəstəyindən tutmuş, müasir texnologiyaların tətbiqi, yeni yanaşma, informasiya təhlükəsizliyinin təmini və s. daxildir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, ekspert Azər Həsrət “Unikal” qəzetinə müsahibəsində ölkə mətbuatının mövcud durumu, əldə edilən uğurlar, hazırkı problemlər və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
– Azər bəy, öncə ölkə mediasının hazırkı durumu ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
– Durum fəna deyil. Yeni texnologiyalar ən yüksək səviyyədə tətbiq edilir, mediada keyfiyyət və çeviklik yarışı sürətlənir. Azad və məsuliyyətli jurnalistika üçün dövlət bütün imkanları yaradıb. Kənardan da, içəridən də baxanda mediamızın durumu olduqca yaxşı dəyərləndirilə bilər. Lakin problemlər də yox deyil. Əsasən bəzi dövlət qurumlarının informasiya açıqlığı, tənqidə dözümlülük məsələlərində sinifdə qaldığını deyə bilərik.
– Məlumdur ki, müasir texnologiyanın inkişafı çap mediasına ciddi zərbə vurub. Artıq qəzetlər demək olar ki, informasiya mənbəsi kimi çıxış edə bilmir. Sizcə, belə bir məqamda kağız mətbuatı hansı yolu tutmalıdır?
– Əgər biz kağızı zorla informasiya daşıyıcısı olaraq qorumaq istəyiriksə, çətin deyil. Tələbat olmadan belə qəzet çap edə və pulsuz paylaya bilərik. Lakin buna nə qədər tab gətirmək mümkündür? Məncə, çox da uzun müddət deyil. Ona görə də yeni texnologiyalara köklənmək ən düzgün yoldur. Yəni, dövrün irəli texnologiyaları informasiya daşıyıcısı olaraq kağızı arxa plana itələyib. Özü də çoxdan. Biz necə ki, bir zamanlar əcdadımızın informasiya daşıyıcısı olaraq daşdan, taxtadan, papirusdan, dəridən imtinasını tarixi inkişaf kimi qəbul edirik, indi də özümüz kağızdan imtinanı həzm etməkdə çətinlik çəkməməliyik. Sözümün canı odur ki, kağız üzərində media çapı artıq arxivə göndərilməlidir. Əlbəttə, dərhal deyil, bəlli bir müddət sonra. Başqa cür mümkün olan deyil.
– Prezidentin sərəncamı ilə çap mediaya dövlətin maddi dəstəyi var. Amma bəziləri bu dəstəyin əhəmiyyətsiz olduğunu, bununla qəzetlərin dirçəldilməsinin mümkün olmadığını bildirirlər. Bu barədə Siz nə düşünürsüz?
– Mediaya dövlət dəstəyi lazımlıdır. Lakin əbədi deyil. Bəllidir ki, bu dəstək 10 ildir ona görə verilir ki, qəzetlər keçid dövrünü ağrısız başa vura bilsin. Bu dəstək olmasaydı, bir çox qəzetlərimiz bazarda yerini itirəcəkdi. Bu isə o deməkdir ki, yeni texnologiyalara yetərincə öyrəşməmiş oxucu kəsimi informasiyasız qala bilərdi. Ona görə də dövlət bu mərhələdə dəstəyi məhz qəzetlərə verdi ki, cəmiyyətin informasiya təminatında boşluq yaranmasın. Yəni, məqsəd qəzetlərin süni şəkildə ayaqda tutulması deyildi. Bu, sadəcə keçid dövrü üçün bir nəfəslikdir, uyğun istifadə edənlər artıq özlərini yeni texnologiyalara kökləməyi bacarıblar.
– Elektron medianın da maliyyələşdirilməsi, yaxud maliyyə dəstəyi verilməsi də müzakirə mərhələsindədir. Siz bu istiqamətdəki təklifləri necə qiymətləndirirsiniz?
– Ümumiyyətlə düşünürəm ki, artıq dövlətin maliyyə yardımları birmənalı olaraq yeni mediaya yönəlməlidir. Qəzet, kağız bizə lazım olan effekti vermir artıq. Ona görə də yeni dövrün çağırışlarına uyğun davranmalıyıq.
– O fikirlər də səslənir ki, dövlətin mediaya maddi dəstək verməsi onun müstəqilliyini məhdudlaşdırır. Bu fikirləri bölüşürsüz, yoxsa…
Əsla elə deyil. Maddi dəstək vermək mediaya sadəcə əlavə yardımdır. Bizim qəzetlər sərbəstdir və onlar yetərincə tənqidi, araşdırma materialları dərc edirlər. Ümumiyyətlə dövlət dəstəyinin məqsədi qəzetlərin sərbəstliyini məhdudlaşdırmaq deyil.
– Azər bəy, bu gün cəmiyyətin nəbzi sosial şəbəkələrdə döyünür desək, yanılmarıq. Azərbaycanın sosial şəbəkə məkanında baş verənləri, ordakı münasibətləri necə dəyərləndirirsiniz?
– Elə bir mərhələ yetişib ki, artıq ənənəvi media – qəzetlər, onlayn media, TV və radio kanalları sosial mediaya inteqrasiya olunmadan uğur qazana bilmir. Bu isə o deməkdir ki, sosial mediadan uğurlu və uyğun istifadə edə bilənlərin ömrü uzanacaq, digər media qurumları isə yavaş-yavaş geridə qalacaq. Əlbəttə, sosial media hamıya açıq və əlçatan olduğu üçün keyfiyyət problemi də yox deyil. O baxımdan, peşəkar jurnalistikaya istənilən halda gərək duyulur. Yəni, biz elə etməliyik ki, sosial mediada da peşəkarlar üstünlüyü ələ ala bilsin.
– Təəssüflə qeyd etmək lazımdır ki, bizdə sosial şəbəkələrdə, eləcə də cəmiyyətdə münasibətlər kəskin şəkildə iki qütbə bölünüb. Nəyə görə ortaq məxrəcə gələ bilmirik?
– Əksliklərin vəhdəti və ya ziddiyyət olan yerdə həqiqətin üzə çıxması hər zaman müzakirə və mübahisə mövzusu olub. Kim deyib ki, mütləq ortaq məxrəc olmalıdır? Niyə mütləq ortaq məxrəcə gəlməliyik? Bəlkə elə ziddiyyətlə dolu bir ortam qalmaqda davam etsin? Belə olanda insan beyni daha çox düşünür, axtarışda olur. Yalnız bir şey vacibdir: bu ziddiyyətlər burulğanında ədəb və əxlaq həddi aşılmamalıdır.
– İctimai-siyasi düşərgənin sosial şəbəkələrdən istifadəsi ilə bağlı da fikirləriniz maraqlı olardı. Bizim siyasi xadimlər, ictimai-siyasi fəallar sosial şəbəkələrdən lazımi formada istifadə edə bilirlərmi?
– Təəssüf ki, yetərincə deyil. Yaxud da uyğun şəkildə deyil. Fəal sosial media istifadəçisi olaraq sizə bir müşahidəmi çatdırmaq istərdim. Bəzən çılpaq qızlar şəxsimə dostluq təklifi göndərir. Təbii ki, rədd edirəm. Başa düşürəm ki, belə görüntü altında heç də məqsədi xoş olan birisi yoxdur. Belə hesablardan istifadə edənlərin məqsədi adətən çirkin olur. Maraqlıdır ki, elə insanlar mənə dostluq göndərəndə açıb profillərini də nəzərdən keçirirəm. Və çox zaman görürəm ki, ictimai-siyasi cameədə yetərincə tanınan şəxslər o cür uyğunsuz profillə dostluq edir. Özü də tanınmış siyasət adamlarımız olur onların arasında. Bu isə ondan xəbər verir ki, ictimai-siyasi düşərgənin heç də bütün üzvləri sosial mediadan uyğun şəkildə istifadə etmir və ya edə bilmir…
– Sosial şəbəkələrdə söyüş “texnologiyası”ndan istifadə ilə bağlı mövqeyinzi bilmək istərdik?
– Həmişə deyirəm ki, söyüş hər şeydən öncə çıxdığı ağzı bulaşdırar. Yəni söyüş söyənlər öz ağızlarını bulaşdırmadan başqalarını söyə bilməz. Buna görə də şəxsən özüm söyüşdən uzağam. Bundan istifadə edənləri isə zavallı, yazıq bəndələr sanıram. Çünki əqli, zəkası yerində olan heç bir insan söyüş söyməz. İstər gerçək həyatda, istərsə də virtual aləmdə.
– Son dövrlər erməni təxribatlarının sayı artır cəbhədən müxtəlif xəbərlər gəlir. Sizcə, ordu, cəbhə ilə bağlı xəbərlər necə yayımlanmalıdır?
– Ordu ilə bağlı xəbərlərin yayılmasında, təəssüf ki, vahid siyasətimiz yoxdur. Ona görə də tez-tez erməni informasiya diversiyasının qurbanı oluruq. Azərbaycanın Müdafiə Nazirliyi isə bu məsələni hələ də həll edə bilmir. Şəxsən özüm illərdir təkliflər vermişəm, məsələni ictimailəşdirmişəm, lakin çağırıb soruşan da olmayıb ki, necə edə bilərik. Özləri də bir iş qoymur ortaya. Ona görə də ordu – cəbhə xəttilə bağlı informasiya müharibəsində ermənilərin arxasınca sürünürük.
– Amma başqa bir məsələ də var ki, orduda baş verənlər cəmiyyətə qapalı qaldıqca müəyyən problemlər daha da dərinləşə bilir. Mətbuat xidməti zamanında xəbər verməyəndə dezinformasiyaların yayılmasına şərait yaranır. Bu barədə nə deyə bilərsiz?
– Mətbuat xidməti zamanı qabaqlamalıdır ki, arzuolunmaz informasiyalar ayaq açıb yeriyə bilməsin. Yəni, çevik olmalıdırlar. Amma olmurlar və ya ola bilmirlər. Baxmayaraq ki, Azərbaycan ordusu həqiqətən də günü-gündən güclənir, informasiya siyasətində hələ ki, arzuolunan fəaliyyəti müşahidə edə bilmirik…
– Yaxşı, belə bir mühitin yaranmaması üçün təklifləriniz varmı?
– Var və neçə ildir səsləndirirəm. Sadəcə MN ictimai rəyi nəzərə almır, ya da xəbərləri olmur. Hətta bir neçə dəfə bu yöndə jurnalistlərlə müzakirə də təşkil ediblər və təəccüblüsü odur ki, məni dəvət etməyi lazım bilməyiblər. Ona görə də son vaxtlar artıq bu mövzuda yazmıram belə…