Cəmiyyət

“Lavrov və Ayvazyan hansı haqla Azərbaycanın daxili işlərinə qarışır?!” – GƏLİŞMƏ

Mayın 6-da Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ara Ayvazyanla görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Qarabağdan danışıb. Lavrov Qarabağda dinc həyatın qurulması üçün aparılan prosesləri yüksək qiymətləndirib və bunun siyasiləşdirilməsinin doğru olmadığını deyib: “Qarabağda dinc həyatın qurulması prosesi kifayət qədər çətin gedir. Hazırda regionun birləşdirilməsi marşrutları ilə əlaqədar məsələlər həll olunur. Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunur. Bunlar regionun rahat nəfəs alması və dinc həyat yaşaması üçün həll edilməsi lazım olan praktik, başadüşülən şeylərdir. Ona görə də proses siyasiləşdirilməməlidir”.

Rusiya XİN başçısı vurğulayıb ki, dinc həyatın bərpası məsələlərini kənara qoyub, əvvəlcə siyasi diskusiyalara cəhd edənlər bütün prosesi alt-üst etmək istəyənlərdir: “Həm azərbaycanlılar, həm də ermənilər uzun onillər və yüzillər ərzində bir-biri ilə yaşadığı kimi normal yaşamağa başlayandan sonra siyasi məsələləri həll etmək daha asan olacaq”.

“Bölgədəki iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu tərəfindən regiondakı vəziyyətin normallaşmasına mühüm töhfə verilir. Bu işin uğuru ümumi vəziyyəti normallaşdırmaq və postmüharibə dövründə konstruktiv əməkdaşlıq qurmaq üçün lazımi şəraitin yaradılmasında həlledici olacaq”, – deyə Lavrov əlavə edib.

Rusiya XİN başçısı ATƏT-in Minsk Qrupu ilə bağlı da fikrini bildirib. Nazir qeyd edib ki, həmsədrlərinin ilk növbədə etimad mühitinin yaradılmasına kömək üçün gələcək fəaliyyətləri zəruridir.

Ermənistanın XİN başçısı əvəzi Ayvazyan da müxtəlif bəyanatlar səsləndirib. Deyib ki, münaqişə həll olunmayıb, hər iki tərəfi qane edəcək danışıqlar başlamalıdır. Ayvazyan Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməkdən tutmuş, 20 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Birgə Bəyanatdan sonra Azərbaycan ərazisində yaxalanan erməni terrorçularının təhvilinə, ATƏT-in Minsk Qrupununun fəaliyyətinə kimi danışıb. Yəni ki, rəsmi İrəvan müharibədən əvvəl və müharibə dövründə verdiyi bəyanatları səsləndirib. Bu isə Ermənistanın siyasətinin dəyişmədiyini göstərir.

Lavrovun İrəvan səfərində səsləndirilən bəyanatlarla bağlı fikirlərini AYNA ilə bölüşən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, həmçinin Rusiya XİN rəhbərinin mayın 10-11-də Bakıya gözlənilən səfərinə də münasibət bildirib. Sabiq XİN başçısının sözlərinə görə, əvvəlcə ona baxmaq lazımdır ki, Lavrovun İrəvana səfəri hansı şəraitdə baş verib:

– Əsas məsələ ondan ibarətdir ki, bu gün Moskva üçün ən maraqlı məsələ Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləridir. Çünki hamı başa düşür ki, bu seçkilərdə Ermənistan-Rusiya əlaqələrinin gələcəyi, Ermənistanın gələcəyi müəyyənləşəcək. Ermənistan ya Rusiyaya yönəlik siyasətlə idarə ediləcək, ya da Qərbə yönəlik hakimiyyət formalaşacaq. Lavrovun səfərinin əsas məqsədi bu idi, Moskva vəziyyətlə yerində tanış olmaq istədi. Moskva tərəfindən Rusiya siyasətinin Ermənistanda cəlbediciliyini artırmaq üçün müxtəlif bəyanatlar verilir. Bu bəyanatların əksəriyyəti heç bir məntiqə uyğun gəlmir.

– Lavrovun hansı bəyanatını nəzərdə tutursuz?

– Siz dediniz, Rusiya XİN başçısı Qarabağ məsələsini siyasiləşdirməməyə çağırdı. Məsələn, mən müşahidə etdim, orada Lavrov bir bəyanat səsləndirdi ki, guya onlar Qarabağda təmas xəttini bərpa etməklə məşğuldurlar. Lakin bu gün təmas xətti deyilən məsələ yoxdur. Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhəd bərpa olunub. Bu halda hansı təmas xəttindən söhbət gedə bilər? Hesab edirəm ki, mənasız yanaşmadır. İkincisi, Azərbaycan ərazisində hansısa təmas xəttinin olması Azərbaycan Konstitusiyasına ziddir. Bu baxımdan, düşünürəm ki, sözügedən məsələni İrəvanda Rusiya və Ermənistan XİN başçılarının müzakirə etməsi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdir.

– Və Qarabağın statusu məsələsinin gündəmə gətirilməsi…

– Bəli, bu da yanlış yanaşmadır. Hər kəs başa düşür, Azərbaycanın da qəti mövqeyi bəllidir ki, Qarabağa hansısa statusun verilməsindən söhbət gedə bilməz. Hesab edirəm ki, bu, taktiki bir gedişdir. İndiki mərhələdə Ermənistanda Rusiyanın rolunu və Rusiyanın siyasətinin cəlbediciliyini yaratmaq üçün müxtəlif bəyanatlar səsləndirildi. Məsələn, ermənilərin təhlükəsizliyinin təmini və s. kimi açıqlamalar da oldu. Bu, ermənilərə xoş gəlmək üçün səslənən fikirlər idi. Açığını deyim ki, Ermənistan-Rusiya XİN başçılarının İrəvandakı görüşündə verilən bəyanatlar heç bir nəticə verəcək bəyanatlar deyil.

Ermənistan 30 ildə artıq anladı ki, Rusiyaya yönəlik siyasət ölkəinin inkişafı naminə heç nə vermir. Bu siyasət onların nəinki inkişafına, deqradasiyasına gətirib çıxarıb. Ermənistan əhalisinin azalması, ölkədən miqrasiya hallarının çoxalması, iqtisadi böhran və s. Ən əsası isə Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan “Miatsum” layihəsinin iflasa uğradığını gördülər. Bu gün Ermənistan ictimaiyyəti üçün Rusiya-Ermənistan əlaqələrinin inkişafı cəlbedici deyil. Yəni ki, Lavrov səfərindəki məqsədlərinə çata bilməyəcək, hansı bəyanatı verir-versin, Rusiyaya simpatiya yarada bilməyəcək. Rusiya XİN başçısının Ermənistanda verdiyi bəyanatlara çox da fikir verməyin tərəfdarı deyiləm. Bu gün Lavrov əslində bu mövzulardan uzaqdır. Çünki bütün məsələlər Azərbaycan və Rusiya prezidentləri arasında müzakirə olunur.

– Ermənistan XİN başçısı əvəzi Ara Ayvazyan da müxtəlif açıqlamalar verdi, bildirdi ki, münaqişə həll edilməyib. Eyni zamanda, Azərbaycanda saxlanılan erməni terrorçularından danışdı, Qarabağın statusundan danışdı, Minsk Qrupunun bərpasını gündəmə gətirdi və s. Görünən odur ki, rəsmi İrəvan siyasətində dəyişiklik etməyib…

– Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki, “status yoxdur, olmayacaq”. Vəssalam. Status-kvo isə İkinci Qarabağ müharibəsindən əvvəlki dövrə baxanda indi tamam fərqlidir. Ayvazyanın dedikləri Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir. Çünki yenə də deyirəm, Azərbaycanın Ermənistanla beynəlxalq sərhədləri bərpa olunub. Qonşu dövlətin XİN başçısı yenidən Qarabağdan danışırsa, bu, qonşu dövlətin daxili məsələlərinə müdaxilə anlamı verir. Azərbaycan daxili məsələsini, ərazisi ilə bağlı hansı qərarı verəcəyini kimsə ilə müzakirə etmək niyyətində deyil. Ayvazyanın bəyanatları, İrəvandan verilən açıqlamalar köhnə siyasətlərinin təkrarıdır.

Açıq deyək, İrəvan tərəfindən 30 ildə Azərbaycana qarşı işğalçılıq və davam edən ərazi iddialarının indiki mərhələdə səsləndirilməsi təbii ki, qəbuledilməzdir. Bütün bu halları nəzərə alaraq, mən bir neçə gün əvvəl təşəbbüs irəli sürdüm ki, artıq Azərbaycan da rəsmi olaraq Ermənistana qarşı ərazi iddialarını bəyan etməlidir. Çünki 30 il ərzində bunlar bizim daxili işlərimizə müdaxilə ediblər, hərbi yolla torpaqlarımızı işğal edib, işğalda saxlayıblar. Beynəlxalq qanunlara zidd və insanlıq əleyhinə yüzlərlə cinayət törədiblər. İndiki mərhələdə biz buna cavab olaraq tarixi ərazilərimizə iddia qaldırmalıyıq. Azərbaycanın buna tarixi əsasları da var.

– Buna beynəlxalq aləmin reaksiyası mənfi olmazmı?

– Yəqin ki, olacaq. Amma kənardan kimsə buna irad tutduqda isə cavab verməliyik ki, bəs 30 il ərzində Ermənistana niyə bu iradlar tutulmayıb?! Deyə bilərik ki, müharibə oldu, Azərbaycan ərazilərini işğaldan azad etdi, sərhədləri bərpa olundu, amma İrəvanın timsalında Ayvazyan və digər erməni rəsmiləri yenə də ərazi iddiası irəli sürür. Buna sözləri, iradları nədir? Yaxud da, Rusiya XİN başçısı Lavrovun nə ixtiyarı var ki, İrəvanda Azərbaycanın daxili işlərinə qarışılan bəyanatlar səsləndirir? Bizim daxili işlərimizi Rusiya XİN başçısının nə ixtiyarı var ki, Ermənistanla müzakirə edir? Bütün bunlara birmənalı şəkildə son qoyulmalıdır. Biz gələcəkdə Qarabağ ermənilərinin Azərbaycan dövlətinə hansı formada inteqrasiya etdirəcəyik, bunu özümüz bilərik. Orada yaşayanlar ermənilərdir, amma Azərbaycanın vətəndaşlarıdır. Kimdənsə məsləhət istəsən, uyğun məsləhətlərini verərlər, biz də baxarıq, yaxşıdır, yoxsa yox. Amma bu şəkildə olmaz. Hansısa xarici ölkədə oturub bizim daxili işlərimizi müzakirə etmək qəbuledilməzdir.

– Lavrovun bu günlərdə Bakıya da səfəri gözlənilir. Sizcə, İrəvan səfərindən sonra Rusiya XİN başçısı Bakıya gəlişində nələrdən danışacaq? Onun qovluğunda Qarabağla bağlı nələr var?

– Birincisi, Lavrovun çantasında nəsə gətirməyə ixtiyarı yoxdur. Çünki artıq münaqişə bitdi, vasitəçilik bitdi, Minsk Qrupunun fəaliyyəti bitdi. İndi Azərbaycan Rusiya və Türkiyəni reinteqrasiya prosesinə dəvət edir. Lavrovun səfərində bu məsələnin müzakirəsini istisna etmirəm. Amma Lavrovun gəlib Ermənistanla bağlı, Qarabağla bağlı hansısa tələbi etməsi mümkün deyil. Münaqişə bitib, sərhədlərimiz bərpa olunub. Nə tələb ediləcək ki? Eyni zamanda da, Rusiyanın Prezidenti birmənalı şəkildə qeyd edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Vəssalam. Yəqin ki, Lavrovun Bakı səfərində regional əməkdaşlıq, nəqliyyat-kommunikasiya məsələsi müzakirə olunacaq. Başqa nəsə gözləmirəm.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir