Nədən həbslər də məmurlara ƏNGƏL OLMUR… – “Məmurlar bir-biriylə qohumluq əlaqələri quraraq cinayətkar şəbəkə yaradıblar”
Son dövrlər Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ön planda durur. Prezident İlham Əliyev 2018-ci ilin aprelindən sonra keçirdiyi görüşlərin və söylədiyi nitqlərin hər birində rüşvətxorluq və korrupsiyaya qarşı barışmaz mübarizə aparılacağını önə çəkib. Hətta dövlət başçısı son vaxtlar ayrı-ayrı vəzifələrə təyin etdiyi məmurlara tapşırıqlar verərkən, onları şəffaf və təmiz işləməyə, rüşvətxorluq və korrupsiyadan uzaq olmağa, eyni zamanda sahibkarları incitməməyə çağırıb. Buna əməl etməyənləri işdən çıxarmaqla kifayətlənməyəcəyini və onların cəzalandırılacağını bildirib.
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun törətdiyi əməllər göstərdi ki, davamlı olaraq icra başçılarının və digər məmurların həbsinə baxmayaraq, hələ də icra başçıları “at oynadır”. Bu mənada, korrupsiyaya yol verən məmurların işdən çıxarılması və həbsi davam etdirilməlidir.
Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev də hesab edir ki, məmurlara qarşı aparılan bu cür tədbirlər davamlı olmalıdır ki, köklü nəticələr əldə olunsun. O, qanunsuz əməllərlə məşğul olan məmurları daxili düşmənlər adlandırıb: “Son vaxtlar ictimaiyyətdə yayılan informasiyalardan hiss olunur ki, dövlət məmurları korrupsiya əməllərinə qurşanıb. Onlar rüşvətxorluqla məşğul olurlar. Bu cür məlumatların yayılması əvvəl-axır öz nəticəsini verməli idi. Əvvəlki çıxışlarımda da bildirmişəm ki, cinayətlər iki cür baş verir: gizli və açıq şəraitdə. Bu məmurlar o qədər azğınlaşmışdılar ki, cinayətləri açıq şəkildə törədirdilər. Buna da mütləq qaydada reaksiya verilməli idi. Məmurların qanunsuzluqlarının aşkar edilməsiylə bağlı əməliyyat tədbirləri həyata keçirildi. Əməliyyatları iki hüquq-mühafizə orqanı həyata keçirir: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Təhlükəsizlik Xidməti. Bu günə qədər çox sayda məmur iş başında həbs edilib. Çünki onlar azğınlaşmış şəraitdə açıq cinayətlərə gedirdilər. Bu cür tədbirlər davamlı olarsa, öz nəticəsini verəcək. Davamlı olmalıdır ki, köklü nəticələrini görə bilək. Hələ ki, az nəticə verir. Çünki bir neçəsi tutulub. Bu o demək deyil ki, yerdə qalan yüksək titullu məmurlar bu cür işlərlə məşğul olmurlar. Onlar tutulan məmurlardan da ağırlaşdırıcı formada qanunsuz əməllərlə məşğuldurlar. Cinayət məcəlləsində cinayətlərin təsnifatı var: vəzifə cinayətləri, şəxsiyyət əleyhinə olan cinayətlər, ictimai təhülkəsizlik əleyhinə olan cinayətlər və s. Məmurların əməlləri də vəzifə cinayətlərinə aid edilir. Həbslər davam olarsa, bir az da yaxşı nəticələrini görə bilərik. Çox güman ki, proses davamlı olacaq. Bu adamlar daxili düşmənlərdir. Xarici düşmənimiz də ermənilərdir. Daxili düşmənlər xarici düşmənlərdən qat-qat təhlükəlidir. Çünki xarici düşmənlə üz-üzəyik, onlara qarşı ordumuz, kəşfiyyatımız və əks-kəşfiyyatımız tədbir görür. Lazım olanda, müharibə ilə başlarını əzirik. Amma daxili düşmənlər isə daha təhlüəkəlidir. Onlara qarşı mübarizə aparmağın özü də biraz çətinlik törədir. Çox təhüləkli adamlardır. Tək amalları pul, varlanmaq və külli miqdarda pul ələ keçirtməkdir. Bu baxımdan, onları daxili düşmənlər adlandırıram. Ermənilər Ağdam rayonunu yerlə-yeksan edib, yaşayış evlərini dağıdıb. İcra başçıları isə rayonun infrastruktutunu darmadağın ediblər”.
Sabiq polis rəisi onu da qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri insanlarda ruh yüksəkliyi yaradıb: “Bəzi icra başçıları vəzifədən kənarlaşdırılıb. Lakin prokurorluq orqanlarına geniş səlahiyyət verilib. Onlar vəzifədən kənarlaşdırılan məmurların vəzifədə olduğu müddətdəki fəaliyyətini tam araşdırıb, qanunsuzluqları aşkar edə bilərlər. Əhmədli qəsəbəsində çox sayda faktlar var. Ərazilərin çoxu qanunsuz şəkildə satılıb. Valideynlər azyaşlı uşaqlarını məktəbə aparanda piyada keçidindən deyil, maşın yolundan istifadə edir. Bu cür faktlara görə deyirəm ki, onlar ermənidən qat-qat təhlükəlidir. Hüquq-mühafizə orqanlarının məmurlarla bağlı apardıqları işi alqışlayıram. Əvvəllər icra strukturlarına qarşı heç bir mübarizə aparılmayıb. Bu baxımdan, isanlarda elə bir düşüncə yaranırdı ki, guya bunlar toxunulmazdır. İnsanlar da bu cür reallıqla barışmalı olurdu. Nəticədə qanunlara qarşı da ruh düşkünlüyü əmələ gəlirdi. Daha sonra isə bu cür əməliyyat tədbirlərinin olması insanlarda ruh yüksəkliyi yaratdı”.
Mahmud Hacıyev həbs edilən məmurların törətdikləri cinayətləri dövləti cinayətlər adlandırıb: “Hüquq-mühafizə orqanları qanunla onlara verilmiş səlahiyyətlərdən istifadə edib, qanunsuz əməllərlə məşğul olan məmurları məsuliyyətə cəlb edirlər. Onların həbsinin davamlı olmasını istəyirəm. Düşünürəm ki, bu cür məmurların törətdikləri cinayətlər dövləti cinayətlərdir. Çünki onlar dövləti məhv edirlər. Nəticədə, dövləti hörmətdən salırlar. Ən əsası da qanunları saymır və tabe olmamağa çalışırlar. Məsələn, Çində bu cür əməllərə yol verən məmurlar güllələnir. Buna görə də Çin iqtisadi baxımdan inkişaf etmiş dövlətdir. Yəni ki, onlar güllələnməyə layiq məmurlardır. Məsələn, Ağstafanın həsb edilən keçmiş icra başçısının əməliyyat videosu yayılmışdı. Qarnını qaşıyaraq müavininə deyir ki, hansısa iş adamı bizim haqqımızı niyə göndərmir. Maraqlıdır ki, davamlı olaraq icra başçıların həbs edilməsinə baxmayaraq, digərləri bundan örnək götürmür. Sonuncu dəfə Şəmkirin icra başçısının törətdiyi əməllər buna bariz nümunədir. Sanki rüşvətxorluq onların qanına işləyib. Bu yaxında mediada oxuyuram ki, Pirallahı rayonun icra başçısı Vətən müharibəsində yaralanmış qaziyə deyir ki, sənə süpürgə verim Pirallahı rayon mərkəzinin küçələrini süpür. Görün, bu icra başçısının tərbiyəsini… İcra başçısı bu sözləri 44 gün Vətən müharibəsində can qoyan, 3 ordenlə təltif olunan, Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş zabitə deyir. Sizcə, bu icra başçısında mədəniyyət deyilən bir şey varmı?..”
Hüquqşünas bildirib ki, məmurlar bir-biriylə qohumluq əlaqələri quraraq, cinayətkar şəbəkə yaradıblar: “Digər tərəfdən, məmurların bir-biriylə qohumluq əlaqələri var. Sanki, cinayətkar şəbəkə yaradıblar. Onlar qohumluq əlaqələrini cinayətkar şəbəkəni yaratmaq üçün qururlar. Sözügedən məmurlarda nə Vətənə, nə də torpağa sevgi hissləri var. Onların beyni yalnız bir istiqamətdə işləyir, külli miqdarda pul yığmaq, varlanmaq. Hüquq-mühafizə orqanları prosesə gec başlasalar da, amma yaxşı başladılar. Ümid edirik ki, əməliyyat tədbirləri davam edəcək”.