Prezidentin Naxçıvandan Kremlə verdiyi mesaj: – “Bəyanat işləmirsə, sülhməramlıların Azərbaycanda yeri yoxdur”
Hətta mayın 4-5-də Ermənistanda səfərdə olmuş Sergey Lavrovun Azərbaycana konkret təkliflərlə gələcəyinə dair mediada fikirlər səslənsə də, bu müşahidə olunmadı.
44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycana səfərləri zamanı daha çox diktə edən tərəf kimi davranan Rusiya XİN rəhbəri bu dəfə loyal təsir bağışladı.
Prezident İlham Əliyevlə görüşü zamanı Lavrovun səsləndirdiyi fikirlər əsasən İrəvanda verdiyi bəyanatlara xeyli yaxın görünür. Münaqişədən sonra bölgədə inkişafın, nəqliyyat-kommunikasiya infrastrukturunun bərpasının daha çox vacib olduğunu vurğulayan Lavrov bunu Rusiyanın da maraqlarına uyğun olduğuna işarə edib. Xüsusilə də diplomatın Rusiya şirkətlərinin Dağlıq Qarabağdakı bərpa işlərində iştirakının vacibliyindən söz açması Ermənistanda narahatlıqla qarşılanıb.
Bundan başqa, Lavrov İrəvanda olduğu kimi Bakıda da Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası haqqında danışıb. O, bu prosesin çətin olsa da, vacib olduğunu qeyd edib.
Ancaq Lavrovun Azərbaycan tərəfi ilə apardığı danışıqların konfidessional saxlanılan tərəfləri də var. Çünki Lavrovun Bakıya 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının icrası ilə bağlı həm Ermənistanın, həm də Rusiyanın təkliflərini gətirdiyi ehtimal edilirdi. Təbii ki, qapalı aparılan bu müzakirələrdə Azərbaycan da öz şərtlərini irəli sürəcəkdi.
Ancaq yekun razılaşdırılmış məsələlərin nədən ibarət olduğunu yalnız Azərbaycan, Rusiya və Ermənistan baz nazirlərinin müavinləri formatında yaradılmış komissiya səviyyəsində təsdiq olunmasından sonra söyləmək mümkündür. Ümumilikdə isə danışıqların əsas predmetini təşkil edən mövzular demək olar ki, məlumdur.
Bura Ermənistan ərazisindən Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək nəqliyyat-kommunikasiya dəhlizinin açılması, Azərbaycanın və Ermənistanın dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi ilə bağlı maneələrin aradan qaldırılması daxildir.
Məlum olduğu kimi, Ermənistan tərəfi “Zəngəzur dəhlizi”nin açılmasına dair 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Rusiya isə bu məsələdə Ermənistana təzyiq göstərmir. Lakin Prezident İlham Əliyev Ordubad rayonuna səfəri zamanı “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır” deməklə əslində, Azərbaycanın mövqeyindən geri çəkilməcəyinə dair mövqeyini ortaya qoydu. Bu mesajın Lavrovun səfəri ilə eyni gündə verilməsi həm də bəyanata imza atan Rusiya və Ermənistana öz öhdəliklərini bir daha xatırlatmaq məqsədi daşıyırdı.
Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsinə gəlincə, rəsmi bu prosesin başa çatması üçün İrəvan işğal altında saxladığı bir sıra əraziləri geri qaytarmalıdır. Söhbət Qazax rayonunun yeddi kəndindən və Sədərək rayonun Kərki kəndindən gedir. Qazax rayonunun kəndlərinin qaytarılması Bakı-İcevan dəmir yolu xəttinin açılmasına şərait yarada bilər ki, bu da ilk növbədə blokadadan çıxmaq istəyən Ermənistanın özünə lazımdır.
Eyni zamanda, Ermənistan tərəfi Lavrovdan Azərbaycanda həbsdə saxlanılan və “hərbi əsir” adlandırdıqları 59 terrorçu-diversantı azadlığa buraxmaq üçün vasitəçi olmağı xahiş edib. Lakin Rusiya və Ermənistan mediasında yayılan məlumatlara görə, rəsmi Bakı həmin məhbusların qaytarılması müqabilində Ermənistan ordusunun Dağlıq Qarabağda qalan hissələrinin çıxarılmasını, minalanmış ərazilərin xəritələrinin verilməsini, Qazax rayonunun kəndlərinin geri qaytarılmasını və Şuşaya aparan “Qırmızı Bazar” yolunun Azərbaycanın nəzarətinə verilməsini tələb edir. Bu istiqamətdə müəyyən anlaşmaların əldə olunacağı da istisna edilmir.
Belə ki, may ayının ilk günlərində Azərbaycan tərəfinin 3 diversantı qaytarması Xankəndidə yerləşən xeyli sayda hərbi texnikanın Dağlıq Qarabağdan çıxarılaraq Ermənistana çəkilməsi ilə müşayət olundu. Ermənistan mətbuatının yazdığına görə, Baş nazir Nikol Paşinyan artıq “əsirlər” məsələsinə qarşılıq olaraq Qazax rayonunun kəndlərini qaytarmağa razılaşıb. Lakin bunların nə qədər real olduğunu Lavrovun səfərindən sonra, daha doğrusu görüşün detalları barədə məlumatların açıqlanması ilə demək olar.
Siyasi ekspertlərin rəyinə görə, Paşinyan hətta istər Zəngəzur dəhlizi, istərsə də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı güzəştə hazır olsa belə, bunu yalnız iyun ayının 20-də keçiriləcək parlament seçkilərindən sonra edə bilər. Sergey Lavrov Azərbaycanın Xarici İşçlər naziri Ceyhun Bayramovla apardığı danışıqlardan sonra vediyi açıqlamada “hərbi əsir”lərin qeyd-şərtsiz qaytarılması müqabilində Ermənistanın minalanmış ərazilərin xəritəsini verməyə hazır olduğunu deyib.
Ceyhun Bayramov isə Azərbaycanın müharibədə bütün hərbi əsirləri qaytardığını, hazırda həbsdə olanların isə əsir deyil, təxribatçı olduğunu bildirib. Rusiyalı nazir həmçinin, bölgədə kommunikasiyaların yaxın vaxtlarda açıqlması üçün əsasların olduğunu deyib.
Politoloq Natiq Miri Cebhe.info-ya açıqlamasında bildiirb ki, Lavrovun Bakıdakı çıxışı onun regiondakı münasibətlər sisteminin pozulmasını istəmədiyini göstərir:
“Bu, Rusiyanın mövqeyini ifadə edir və hazırkı gərginliyi isti münaibətlər məcrasına daşımağa xidmət edir. Ancaq hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərara olmasında Rusiya dəqiq addımlar atmır. Lavrovun çıxışında hiss olunur ki, o nə isə demək istəyir, nəticə etibarı ilə isə heç nə demir. Azərbaycan Prezidenti ilə görüşdə də Lavrovun söylədiyi fikirləri təhlil etsək, onun heç nə demədiyini görmək olar. O, sadəcə olaraq, regional və dövlətlərarası proses çərçivəsində balansın qorunmasından danışır. Xatırladaq ki, Lavrov Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı xoşagəlməz çıxış etmişdi.
O, dolayısı ilə bu məsələdə Ermənistanın maraqlarının nəzərə alınacağını demişdi. Ermənistan bir subyekt olaraq bunu istəmədiyi təqdirdə belə bir kommunikasiya xətlərinin açılmayacağına işarə etmişdi. Ancaq Azərbaycan Prezidenti Lavrovda görüşdə onu bu qeyri-səmimiliyini ifşa etdi. Ordubada səfəri zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistanın dəmir yolu sistemi bu ölkənin özünün nəzarətində olan məsələ deyil. Bu sistem çoxdan Rusiyaya verilib və bununla bağlı qərar verəcək tərəf Ermənistan deyil, Rusiyadır. Ona görə də Azərbaycan bu məsələdə Rusiya ilə razılaşıb. Bu, o deməkdir ki, Lavrovun dedikləri yalandır. Ermənistandan heç nə asılı deyil. Ermənistanın qərarı həlledici deyil.
Mənə elə gəlir ki, Azərbaycan Prezidenti Lavrovla görüşdən öncə bunu ona xatırlatdı. Buna baxmayaraq, Lavrov Azərbaycan Prezidenti ilə görüşdə fərqli rakursda da olsa, yenə həmin istiqamətdə vurğular etdi. Lavrov bildirdi ki, kommunikasiyaların açıqlması məsələsində mübahisəli marşrutlar var. Yəni Zəngilanla Naxçıvanı birləşdirəcək marşrutlar əvəzinə İran dəmir yolu xətti var. Ermənistan bu yolun açılmasında maraqlıdır. Rusiya da əslində, bu marşrutun açılmasını istəyir. Bu dəhlizin açılması Rusiya, Ermənistan və İran üçün Hindistana və Çinə qədər kommuniksiya sisteminin formalaşmasına yol açır”.
Politoloq bildirib ki, ancaq Azərbaycanın maraqları yalnız dəhliz məsələsindən ibarət deyil:
“Rəsmi Bakı Naxçıvanı ana Azərbaycanla birləşdirmək istəyir. Türkiyənin də bu məsələdə geosiyasi məqsədləri var. Əgər Azərbaycan və Türkiyənin maraqları təmin olunmayacaqsa, yəni Naxçıvanla Zəngilanı birləşdirəcək yol işlək olmayacaqsa, əlavə bir dəhlizin açılması Ermənistanın və Rusiyanın xeyrinə işləyə bilər. Digər tərəfdən, Zəngəzur dəhlizinin işləmədiyi və perspektivdə ciddi nəticələrin olmadığı bir vaxtda bu gün Laçın dəhlizi Ermənistanın və Rusiyanın xeyrinə işləyir. Ona görə də Lavrovun səfəri vaxt qazanmaq və münasibətlərin daha gərgin münastəviyə daşınmaması üçün edilən bir cəhddir.
Yəni ortada konkret nəticə yoxdur. Bölgədə Rusiya, Türkiyə, Ermənistan və Azərbaycan arasında geosiyasi mübarizə hələ davam edəcək. Rusiya və Türkiyə arasındakı bu mübarizə yalnız Dağlıq Qarabağda deyil, həm də Suriyada, Liviyada, Aralıq dənizində gedir. Lavrovun Ermənistana və Azərbaycana səfəri 10 noyabr və 11 yanvar öhdəliklərinin yerinə yetirilməsi baxımından heç nəyi həll etmədi. O, sadəcə, öz fikrini bildirdi və münaqişə tərəfləri ilə yanaşı, regiondakı ölkələrin də maraqlar balansının yaranmasını ehtiva etdi. Prezident İlham Əliyev də bu səbəbdən görüşdən əvvəl həm Rusiyaya, həm Ermənistana, həm də Ermənistana havadarlıq edən Fransa, Kanada kimi ölkələrə ciddi mesajlar verdi.
Prezident bəyan etdi ki, münaqişə həll olunmayıbsa, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlıərinin müavinlərinin intensiv görüşləri, kommunikasiyaların açılması istiqamətində aparılan müzakirələr nədən ibarətdir? Deməli, bu sənədə imza atanlar öz üzərinə öhdəlik götürüb. Atəşkəs həmin bəyanatda bəndələrdən biridir. 9 müddəanın hamısı özlüyündə sənəd olaraq dəyərləndirilməlidir. Bu sənəd yerinə yetirilmirsə, deməli, qüvvədən düşür. Azərbaycan Prezidenti dolayısı ilə Rusiyanın və Lavrovun diqqətinə çatdırdı ki, bəyanat işləmirsə, deməli, sülhməramlıların Azərbaycanda yeri yoxdur.
Rusiya sülhməramlıları 10 noyabr bəyanatı əsasında Azərbaycana daxil olub. Bundan nəticə çıxaracaq ölkə Rusiya olmalıdır. Ermənistan ötən 28 ildə yol verdiyi səhvləri təkrar edir. Bu da Rusiyanın maraqlarına cavab verir. Kreml geosiyasi mübarizə çərçivəsində öz istəyinə nail olmağa çalışır. Ona görə də Türkiyə bölgədə geosiyasi fəallığını artırmalıdır”.