Manşet

“Laçının işğalınadək Qaragöl ətrafında alayımızın postları var idi…” – İLGİNC FAKT

“Bildiyiniz kimi, 1987-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Qaragöl Dövlət Təbii qoruğu yaradılıb. Əgər Qaragöl Azərbaycanın deyildisə, həmin qoruq nədən Azərbaycan hökumətinin qərarı ilə qurulub?”.

Bu məntiqi sualı Moderator.az-a açıqlamasında keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa ifadə edib.

“Bundan əlavə, Ermənistanın iddia etdiyi həmin ərazidə İşıqlı dağ, Dəmirdaşdağ və Canqurtaran yüksəklikləri var. Bütün bu toponimlərin hamısı türk dilində, Azərbaycan türkcəsindədir. Bu, Çar Rusiyasının xəritələrində də belə olub, sovet xəritələrində də. Və sərhəd xətti sovet dövründə hazırda bizim ordunun tutduğu mövqelərdən keçib. Sadəcə, ermənilər Kremlin himayəsindən və eyni zamanda bizlərin sadəlöhvlüyündən yararlanaraq müəyyən vasitələrlə sərhəd xəttini tədricən bizim ərazilərimizə doğru genişləndiriblər” – deyə keçmiş alay komandiri bildirib.

Milli azadlıq hərəkatının tanınmış simalarından olan həmsöhbətimiz ermənilərin saxta yollarla yiyələndiyi digər ərazilər kimi, Laçın rayonunun Qaragöl ətrafındakı torpaqlarının sovet dövründə Azərbaycan cəmiyyətində hökm sürən sadəlöhvlüyün, laqeydliyinin qurbanı olduğunu dilə gətirib.

“Laçının Malıbəy kəndində Ermənistanla sərhəddə “Ərəvis düzü” deyilən bir yer var idi. Hələ erməni ekstremizmi açıq şəkildə ayaqlanmamışdan öncə -1980-ci illərin ortalarında mən işimlə əlaqədar mütəmadi olaraq rayon mərkəzindən həmin əraziyə gedirdim. Bildiyiniz kimi, sovet dövründə müttəfiq respublikalar arasındakı sərhəd xətləri tikanlı məftillər, gözətçi qüllələri və s. kimi real obyektlərlə müşayiət olunmurdu… Bir dəfə Malıbəy kəndindəki sovxozun direktoru dedi ki, ermənilər hər mövsümdə əkin-biçin işi apararkən onlarla bizim təsərrrüfatlarımız arasında olan iri daşları hər dəfə bir traktor bıçağı enində Azərbaycan ərazisinə tərəf itələyirlər. Bunu eşidən kimi həmin daşları geriyə itələtdim. Oradakı sovxoz rəhbərləri və sakinlərə isə dedim ki, neçə dəfə erməni bu daşları itələyir, heç olmasa, bir dəfə də siz geri itələyin də, nədən qorxur, ehtiyat edirsiz?..

Yəni, təəssüf ki, sovet dövründə nəinki Laçında, bütün Azərbaycanda rəhbərlikdən ta kolxozçuya, fəhləyədək əksəriyyət belə erməni fitnəkarlıqları qarşısında susurdu… Laçında ərazilərin, o cümlədən Qaragöl yaylağının Ermənistana verilməsi cəhdlərinə qarşı çəkinmədən, açıq mübarizə aparan bir neçə nəfər var idi. Onlardan ən fəalları rəhmətliklər – Qarıqışlaq kəndindən Çingiz Mehrəliyev, İbiş Əsgərov və bir də Fazil Abışov idi. Sanki bu vətən, bu torpaq, Laçın, Qarabağ yalnız bu 3 nəfərin idi… Təəssüf ki, rayonun rəsmi strukturları Azərbaycan Mərkəzi Komitəsi və Moskva qarşısında məsələ qaldırmağa cürət etmirdilər. Çünki bu, ermənilərin xoşuna gəlməyən əməl olacaqdı. Ermənilərin xoşuna gəlməyən əməllər isə yuxarılar tərəfindən cəza motivi yaradırdı… Məhz belə laqeydlik, cəsarətsizlik sayəsində ermənilər nəinki Laçında, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Gədəbəydə, Qazaxda və s. rayonlarda da “dinc şəkildə” minlərlə hektar torpağımızı ələ keçirirdilər…

Bilirsiz, o dövrdə ermənilərdən fərqli olaraq Azərbaycan cəmiyyəti o dərəcədə sadəlöhvləşmişdi ki, belə proseslərə qarşı ümummili qınaq yox idi… 1980-ci illərin sonunda Laçında mərhum vətənpərvər müəllimimiz Kamal Cabbarovla birlikdə belə bir təşəbbüs irəli sürdük ki, gəlin, rayonun məktəbliləri üçün Qaragölə ekskursiyalar təşkil edək və uşaqlar, gənclər bilsin ki, bu ərazi bizimkidir. Və nəticədə ermənilər də əmin olsun ki, biz torpaqlarımıza sahib çıxırıq və geri çəkilsinlər. Təəssüf ki, nə aşağılardan, nə də yuxarılardan bu təşəbbüsə gerçək dəstək verən olmadı…”- deyə həmsöhbətimiz söyləyib.

“Laçının işğalınadək komandiri olduğunuz alayın Qaragöl, İşıqlıdağ və s. ərazisində postları var idimi?” sualına cavabında isə polkovnik bunları deyib:

“Bəli, təbii ki. Qaragöl 1991-1992-ci illərdə, Laçın işğal edilənədək tam şəkildə Azərbaycan ordusunun nəzarətində olub. Laçın alayı Laçın polisi ilə birlikdə rayonun Ermənistanla sərhəddi boyu bütün ərazilərdə postlar qurmuşdu. Qaragöl ətrafındakı yüksəkliklər də bizim əlimizdə olduğundan o dövrdə ermənilər gölə yaxınlaşmağa cürət etmirdilər. Onu da deyim ki, əslində Qaragölün guya yalnız 30 faizinin bizim olması haqda heç bir rəsmi sənəd yoxdur. Yəni sovet dövründə, 1992-ci ilədək bütün rəsmi xəritələrdə Qaragöl bütövlükdə Azərbaycanın olub. Odur ki, burada heç bir real mübahisəyə yer yoxdur. Ordumuz xəritələr üzrə tutduqları mövqelərdən geri çəkilməməlidir…”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir