Cəmiyyət

Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA… – “Evdə ərzağım yoxdur, acından ölürəm”

Vətən müharibəsi qazisi Hüseynzadə Xəyal Xaliq oğlu videomüraciət yayımlayıb və ehtiyacı olduğu halda Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən ona heç bir kömək göstərilmədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, videomüraciət zamanı qazi, onu şəxsən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun qəbul etdiyini deyib:
“Mən Hüseynzadə Xəyal Xaliq oğlu, dünən qazi qardaşlarımızla Tovuz Rayon İcra Hakimiyyətində qəbulda olduq. Bizə ayrı-ayrılıqda söz verdilər ki, sabah gəlin, sizin problemlərlə məşğul olacağıq. Bu gün isə saat 9-10 radələrində icra hakimiyyətinə getdim və birbaşa icra başçısının qəbulunda oldum. Mən icra hakimiyyətinə müraciətim zamanı bildirmişdim ki, avtomobilim xarabdır, texniki baxışı yoxdur və bərbərxanamda müştərilər dəmir kreslodan narazılıq edirlər. 4 ay Vətən müharibəsində olduğum üçün müştərilərim biraz seyrəlib və qazancım azalıb. Müraciət zamanı bildirmişdim ki, evdə ərzağım yoxdur, soyuducum boşdur, acından ölürəm, mənə kömək edin. İcra başçısı mənə bildirdi ki, mən sənə texniki baxış ödəyən deyiləm, ayda 1200 manat maaş alıram, onu da xərcləmişəm. Bir sözlə, sözündən belə çıxır ki, get acından öl. Mən acından ölsəm 4 aylıq körpə balama, yoldaşıma kim baxacaq?”
Qazi bildirib ki, nə evi, nə də torpaq sahəsi var: “Kirayəpulu ödəməmək üçün qohum evində qalıram”.

Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova Yeniavaz.com-a açıqlama verib və bildirib ki, icra hakimiyyəti tərəfindən qazi Xəyal Hüseynzadəyə kifayət qədər kömək edilib:
“Biz Xəyala çox kömək etmişik. Ona ərzaq yardımı verilib, pul yardımı göstərilib. Hətta onun yoldaşı hamilə idi, biz onun dərmanlarını alıb vermişik. İki və ya üç dəfə onu analizə göndərmişik. Yəni biz, hər zaman onlara kömək etmişik. Ona yetərincə kömək olunubdur”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir