Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndinin hektarlarla örüş-otlaq sahələri bir ailə tərəfindən işğal olunub.
“Demokratik.Az”-ın məlumatına görə, vətəndaş Cəlilov Sərxan Vidadi oğlu və anası Amaliya Cəlilovanın ərazidəki qanunsuz əməlləri kənd sakinlərinin gündəlik yaşam tərzinə mənfi təsir göstərib. Sakinlər öz mal-qarasını öz otlaq sahələrində rahat otara bilmir, adıçəkilənlərin təzyiq və özbaşınalıqları ilə üzləşirlər. Dəfələrlə yuxarı qurumlara etdikləri şikayəti isə heç kim araşdırmır, süni problem öz həllini tapmır.
Şikayətçi sakinlərdən birinin çəkdiyi videoşikayətdən o da aydın olur ki, “işğalçı”lar onların mal-qarasını döyməkdən, ərazidə süni göl yaratmaqdan, icazəsiz qazıntı işləri aparmaqdan, sakinləri ölümlə hədələməkdən, iribuynuzlu mal-qaraya qarşı odlu silahdan atəş açmaqdan da çəkinmirlər.
Şikayətçinin dediyinə görə, baş verənlər vandallıqdır və bunu edənlər elə bilir ki, indi də 90-cı illərdir, ölkədə xaosdur. Nə istəsələr edirlər, günortalar mal-qaraları qovanlara qarşı tədbir görülməlidir. Yoxsa, bələdiyyə sədri, yerli icra nümayəndəsi hara baxır, bilinmir.
Kənddən Gədəbəydəki qızıl mədəninə uzanan dərin çuxurların niyə və hansı məqsədlərlə qazıldığı bəlli deyil. Sakinlər o səngərləri torpaqla doldursalar da işğalçılar səngəri traktorla yenidən qazırlar.
Kənd sakinləri haqlı olaraq sual edir ki, 80 hektara qədər ərazini belə asanlıqla qəsb etməyin hansı hüquqi əsasları var, bu nə mənimsəmədir? Dövlət fonduna aid torpaq sahəsi niyə qazılır? Hansı əsaslarla otlaq sahəsində balıq saxlamaq məqsədilə süni göl yaradılır? Bu nə mənimsəmə halıdır?..
İnanırıq ki, kənddə nə baş verdiyinə yuxarı vəzifə sahiblərindən və yerli polis orqanından bir aydınlıq gətiriləcək…
“Demokratik.Az”-a göndərilən VİDEOŞİKAYƏTi və kənddə qeydə alınan maraqlı videosüjeti də təqdim edirik: