Manşet

Konstitusiya Məhkəməsi Qarabağ qazisinə QARŞI – NARAZILIQ!

“Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasının yarısını, əmlakının hamısını dələduzluqla Ədliyyə Nazirliyinin Suraxanı icra və probasiya şöbəsi (icra məmuru Vüsal Əliyev ) ,“Rəvan” sığorta şirkəti , ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi və məhkəmə(lər) yeməkdə davam edirlər. Ali Məhkəmənin 20 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 29.08.2019 tarixli qətnaməsi qüvvədə saxlanılıb. Məhkəmə aktlarının tarixi açıq-aşkar prosessual hüquq normalarının pozulmasını ortaya qoyur. Fikir verin, Ali Məhkəmə qazinin şikayətinə 14 aydan sonra baxıb! (?) Maddi hüquq normalarının pozulması isə dövlətin Qarabağ qazisinin sosial təminatı üçün ayırdığı pensiyanın yarıqat edilməsində özünü göstərir”. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Məhkəmə hakimiyyəti qazinin hüququnun pozulmasına icra hakimiyyəti orqanının -ədliyyə, icra məmurlarının qeyri-prosessual təzyiqi ilə hüquqi qiymət verilməsini təmin etməyib. Təsəvvür edin, rüşvət (oxuma, dövlət!) qulluqçuları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və təbii ki, icra sənədi olmadan Qarabağ qazisinin pensiyasını yarıqat ediblər, daşınar-daşınmaz əmlakına həbs qoyublar. Bu fakt ,Konstitusiyaya görə, dövlətə qarşı ən ağır cinayətdir. Məhkəmənin səlahiyyətini mənimsəyib özündən icra sənədi tərtib edən icra orqanının , sığorta şirkətinin əməlinə hüquqi qiymət vermək yerinə, məhkəmələrin öz səlahiyyətlərindən başqalarının dələduzluqla yararlanmalarına göz yummaları, olmayan icra sənədinə “əsaslanıb” qazinin cüzi pensiyasının yarıqat edilməsini qanuni saymaları MƏHKƏMƏ HAKİMİYYƏTİ ADINA, YÜKSƏK HAKİM ADINA ƏN BÖYÜK LƏKƏDİR! Məhkəmə hakimiyyəti o səviyyəyə enib ki, qaziyə hüquqi yardım edilməsinə vəkil də ayırmayıb. Yalnız bir illik süründürməçilikdən sonra vəkil Ayşən Vəliyeva şikayəti yazıb, lakin iclasda iştirak etməyib ki, “havayıdır” . İndi bəlli olur ki, vəkilin iştirakını Ali Məhkəmə qəsdən təmin etməyib ki, qazi vəkilsiz olduğundan dinlənilməsinə qadağa qoyulsun. 3-cü şəxs Qarabağ qazisinə, ümumiyyətlə, vəkil ayrılmayıb və hələ də – 2 ildir vəkillə təmin olunma barədə ərizəsinə baxılmayıb. Hazırda Ali Məhkəməyə təyinat alan Elşad Şamayev, yəqin bu “qərəzsiz, “ədalətli”, “peşəkar” keyfiyyətlərinə görə “ali kürsü”yə oturub.

Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə əsasən Konstitusiya Məhkəməsinə müraciət edən Qarabağ qazisi Xaliq Abbaszadənin şikayətinin icraata qəbul edilməsindən də imtina edilib. Konstitusiya Məhkəməsinin Palatası ( sədrlik edən və məruzəçi hakim Mahir Muradov, hakimlər Sona Salmanova, Rövşən İsmayılov və Kamran Şəfiyev) 23 aprel 2021-ci il tarixli qərardad ilə qərara alıb ki, X. Abbaszadənin şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılması ilə bağlı olduğundan icraata qəbul edilə bilməz . Hüququ pozulan, hüquq təhsili olmayan qazi də çaşıb qalıb ki, axı, onun ümumiyyətlə, Ali Məhkəmədə işin hallarının araşdırılmasında dinlənilməsinə belə imkan verilməyib, necə işin faktiki hallarından şikayət edə bilər? “Konstitusiya məhkəməsi haqqında” qanunun 34.2 maddəsinə görə, tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə (4.2.1); tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə (4.2.2); normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə (4.2.3) məhkəmə qərarlarından verilən şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına yol verilir. 34.3 maddəsi bu Qanunun 34.2 maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol vermir. Yəni, vətəndaşın şikayətindəki dəlillərin işin faktiki hallarına araşdırmasını tələb etsə də, belə hallar yoxlanılmır, sadəcə, düzgün aktın tətbiq edilib-edilmədiyinə əsasən Ali Məhkəmənin qərarına qiymət verilir. Konstitusiya Məhkəməsinin 4 hakimdən ibarət Palatası isə Ali Məhkəmə tərəfindən “İcra haqqında” , “Əmək pensiyaları haqqında” , “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və s. qanunların, Mülki Prosessual Məcəllənin, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinin tətbiq edilməməsinə , qanunvericiliyi düzgün şərh edilməməsinə hüquqi qiymət verməkdən imtina edib ki, hüquq təhsilsiz qazi işin faktiki hallarına

toxunub! (?) Lap şikayətçi işin faktiki hallarına əsaslanıb, axı, Konstitusiya Məhkəməsi buna əsasən işin hallarını ki yoxlamalı deyil! Qarabağ qazisi şikayət edir ki, onun Konstitusiyanın 60-cı ,61-ci maddəsi ilə doğrulanan məhkəmə təminatı, hüquqi yardım almaq hüququ maddələrini Ali Məhkəmə tətbiq etməyib ; “İcra haqqında” qanunun 68.1.2 maddəsini tətbiq etməyən ali instansiya qazinin Vətəni müdafiə edərkən aldığı xəsarətlərə görə ödənilən pensiyasının yarıqat edilməsini qanuni saymaqla, sosial təminat, mülkiyyət hüquqlarına da qəsd edib. Konstitusiya Məhkəməsi də bu kobud hüquq pozuntusuna “işin faktiki hallarına toxunduğuna” görə, hüquqi qiymət verməkdən imtina edib. Belə çıxır, “hüquq” diplomlu ədliyyə, məhkəmə dəllaları saxta icra sənədi, qətnamə tərtib edib Qarabağ qazilərinin pensiyalarına, əmlaklarına yiyələnməkdə haqlıdırlar? Absurddur!

Yəqin, bu absurdluğa Konstitusiyanın , məhkəmələrin müstəqilliyinin qarantı olan dövlət başçısı münasibət bildirər. Qarabağ qaziləri Prezidentə müraciət hazırlayırlar…”

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir