Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi yolların təmir olunması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
RealMedia.az-ın media üzərində apardığı araşdırmasına görə, qalib şirkət “İnşaat Servis-2” MMC-dir.
Qurum görülən işlər müqabilində şirkətə 440 617.84 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İnşaat Servis-2” MMC 31 avqust 2009-cu ildə qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 50 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 40A, mənzil 17-də yerləşən MMC-nin qanuni təmsilçisi Aslanov Vüqar Məzahir oğludur.
“İnşaat-Servis-2” MMC haqqında açıq mənbələrdə hər hansı məlumat, rəsmi səhifə və əlaqə nömrəsi yoxdur.
Araşdırma zamanı isə bəlli olub ki, bu şirkət şübhəli tenderlər üçün yaradılıb.
Özəl mənbələrdən əldə etdiyimiz informasiyalara görə “İnşaat Servis-2” MMC – e təkcə 2020-ci ildə Beyləqan Rayon İcra Hakimiyyətindən 2 617 124.52 AZN dəyərində müxtəlif sifarişlər alıb.
MMC-nin qanuni təmsilçisi Vüqar Aslanova gəlincə, o, həm də “Veteks-2017” MMC-nin sahibidir. Bildirilir ki, bu şirkətin adı mediada yeyinti və korrupsiya cinayətlərində daha çox hallanıb. Məhz elə buna görə də Vüqar Aslanov “VETEKS-2017″MMC- nin fəaliyyətini donduraraq, “İnşaat-Servis-2” MMC – ni “xoda” salıb. Artıq Vüqar Aslanovun yeni “İnşaat-Servis-2” MMC -si tenderlərin mütləq qalibi elan olunur. Bilgilərə görə, hazırda bu şirkət Beyləqanda və Zərdabda dövlətin milyonlarla vəsaitlərini mənimsəməklə məşğuldur.
Mediada yayılan məlumatlara görə, Vüqar Aslanov bu şirkət vasitəsilə Beyləqan və Zərdabda iri məbləğli tenderlərin qalibidir.
RealMedia.az