Mərkəzi Aran Regional İdarəsindən redaksiyamıza şikayət məktubu daxil olub. Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun kəndçisi və qohumu Zamin Məmmədovun bu idarəyə rəhbər təyin olunacağı bildirilən məktubda yeni direktorun hələ işə başlamamış bir sıra qanun pozuntularına yer verdiyi iddia olunur.
Jurnalist obyektivliyi naminə iddialarla bağlı mövqeyini öyrənməyə çalışdığımız Kənd Təsərrüfatı Nazirliyindən bir gün ərzində heç bir cavab ala bilmədiyimizdən şikayəti bir tərəfli qaydada dərc etməyə qərar verdik. KTN-nin iddialarla bağlı cavabı olarsa, onu da dərc etməyə hazırıq.
Ovqat.com-un e-mail poçtuna göndərilən şikayət məktubunu nöqtə-vergülünə toxunmadan təqdim edirik:
Hörmətli Heydər Oğuz. Sizin rəhbəri olduğunuz Ovqat.com saytının daimi oxucusuyam. Beyləqan rayonundan yazıram sizə. Mən Mərkəzi Aran Regional İdarəsində işləyirəm.
Bizim ümidimiz sizədir. Xahiş edirik, bizim şikayətimizi, məlumatımızı işıqlandırın bəlkə hökümətdəkilərin bizə yazığı gələ.
Heydər müəllim, Beyləqan rayonunda yerləşən Mərkəzi Aran Regional İdarəsinə yeni təyin ediləcək direktor Zamin Məmmədov adlı şəxs var. Bu Zamin Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun kəndçisi və qohumudur. Xeyli müddət Nəqliyyat Departamnetində rəis müavini və rəis əvəzi işləyib. İşlədiyi dövrdədə dövlətin külli miqdarda vəsaitini mənimsəyib. İndi isə onu Mərkəzi Aran Regional İdarəsinə direktor təyin etmək istəyirlər. Məhz Zamin Məmmədovun Mərkəzi Aran Regional İdarəsinə direktor təyin edilməsini də nazir İnam Kərimovin göstərişidir. Ancaq Zamin Məmmədov haqqında mətbuatda çoxsaylı mənfi yazılar yazıldığı üçün nazir bu məsələnin gizli olması barədə göstəriş verib.
Bildirim ki, Zamin Məmmədov 5 gün öncə Mərkəzi Aran Regional İdarəsinə gələndə işçilərlə və idarənin işi ilə qısa da olsa tanış oldu. Zamin Məmmədov direktor təyin edilməyib hələ, artıq onun adamları başlayıblar Mərkəzi Aran Regional İdarəsini talamağa. Əmin olun ki, talamağa başlayıblar.
Beyləqan rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vaqif İsmayılov adlı birisi heç bir səlahiyyəti olmaya-olmaya Regional İdarənin işlərinə sahiblənib artıq. Vaqif İsmayılovun heç bir vəzifəsi və səlahiyəti yoxdur. Ancaq hazırda Vaqif İsmayılov Mərkəzi Aran Regional İdarəsinin torpaq sahələrində yonca biçini ilə məşğuldur. Burda maraqlı məsələ isə ondan ibarətdir ki Vaqif İsmayılov yonca biçini ilə gündüz yox, gecə məşğul olur. Vaqif hər yerdə deyir ki, mən Zamin Məmmədovun yaxın dostuyam və o təyin edilənə qədər burdakı işlərə nəzarət edəcəm. Dünəndən bəri Vaqif İsmayılov 18 hektar ərazinin yoncasını biçdirib. Amma biçilən yoncanın bir hissəsi Sarısu yatağında olan fermasına daşınıb.
Bu adam təmiz biridirsə, niyə yoncanı gecə saat 1-dən sonra daşıtdırır. Çünki bilir ki, gündüz daşınsa hər kəs görəcək və sorusacaq, həm də səs-küy düşəcək. 5 gündü Vaqif İsmayılov Regional idarədə işləyən digər qohumu Ceyhun Əsədovla birləşərək yonca, arpa və buğda sahələrindən necə xeyir əldə edəcəklərini müzakirə edir. Bunlar Mərkəzi Aran Regional İdarəsinə yağlı tikə kimi baxırlar və fikirləşirlər ki, beş-altı qohum birləşib dövlətin 20 min hektarlıq qurumunu istədikləri kimi talayacaqlar.
Xahiş edirik, işçilərinizdən birini gizlin göndərin bura sizə idarənin torpaqlarında hazırda baş verən gecə talanlarını gözü ilə görsün. Vaqif və ətrafı polis rəisinə, prokurora və digər səlahiyyətli qurumlara bəri başdan hesab veriblər. Bütün işləri də gecə edirlər. Gündüz torpaq sahələrində heç olmur, amma gecə saat 10ödan sonra sahələr texnika adamla doludur.
İnam Kərimovun qohumu Zamin Məmmədov hələ təyin edilməyib, belə bu cür talan edirlər. Görün təyinatdan sonra nələr olacaq? Xahiş edirik kömək edin bizə. Onların yalnız bir məqsədləri var; o da dövlət torpaqlarında istifadə edərək pul qazanmaq.
Vaqif İsmayılov Dostluq savxozunun 100 hektar torpağını qanunsuz zəbt edərək özünə böyük tasarrüfat yaradıb. Onun Zaprafkası, taxta şalban mağazası və bir neçə obyekti var. İndi isə durub gəlib Mərkəzi Aran Regional İdarəsində aylıq əmək haqqısı 300 manat olan bir işə girmək istəyir. Sizcə ayda obyektlərindən 4-5 min manat qazanc əldə edən bir şəxs 300 manat əməkhaqqısı olan bir işdə niyə işləsin ki?
Bu məsələni işıqlandırın bəlkə yuxarı dairlər xəbər tuta İnam Kərimovun korupsioner qohumunun qarşısnı alalar. Sizə yalvarırıq. Xahiş edirik. Sizi and veririkk ən əzizlərinizin canına. Haqq üçün ədalət üçün insanlıq üçün bu məsələni işıqlandırın bəlkə bizə yazıqları gələ yuxarıların. Biz ona görə narazıyıq ki Zamin Məmmədov Vaqif İsmayılov kimiləri gəlib bizim haqqımızı yeyəcəklər. Gecə gündüz idarədə işləyirik ancaq əmək haqqımız 300 manatdan artıq deyil.