Vüqar Abdullayev: Müasir müstəqil Azərbaycanın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
-Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.
Bəllidir ki, hər bir dövlət güclü iqtisadiyyatı ilə inkişaf edir və beynəlxalq müstəvidə böyük nüfuza sahib olur. Bu baxımdan, Ulu öndər Heydər Əliyevin bu fikiri daim öz aktuallığını qoruyub saxlayır: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində sosial-iqtisadi cəhətdən geridə qalmış Azərbaycan məhz 1969-cu ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə özünün intibah və tərəqqi dövrünə qədəm qoydu. Mühüm məqam ondan ibarətdir ki, sovetlər dönəmində Ulu öndərimizin yaratdığı iqtisadi potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafında müstəsna rol oynadı.
Doğrudur, müstəqilliyimizin ilk illərində iqtisadiyyatımız tənəzzül etsə də, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev qısa müddətdə ölkəmizi təhlükələrdən xilas etdikdən, ictimai-siyasi sabitliyi bərqərar etdikdən sonra iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. Beləliklə, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlandı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. Görülən işlər nəticəsində ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olub.
Digər bir nüansı da xüsusilə qeyd etmək istəyirəm. 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi” imzalanmaqla yeni neft strategiyasının əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, güclü iradəsi nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının nüvəsi oldu. Bu prosesdən sonra isə Ulu öndərimizin rəhbərliyi ilə iqtisadiyyatımızın bütün sahələri üzrə sistemli şəkildə islahatlar həyata keçirilməyə başlandı.
-Yeri gəlmişkən, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətinin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, dinamik inkişafı və beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi kontekstində əhəmiyyətini necə qiymətləndirirsiniz?
Əvvəla onu qeyd edim ki, Azərbaycanın dinamik inkişafının, eləcə də beynəlxalq mövqeyinin möhkəmlənməsinin təməlində uğurlu daxili və xarici siyasət, o cümlədən ölkənin strateji əhəmiyyətli enerji resurslarının milli maraqlara uyğun istifadə olunması dayanır. 1993-cü ilin iyununda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin qısa zaman çərçivəsində ölkə daxilində həyata keçirdiyi tədbirlər xarici şirkətlərin Azərbaycana investisiya yatırımlarını stimullaşdırdı. Azərbaycanda sosial-iqtisadi sabitliyin bərqərar olması, ölkənin müsbət imicinin formalaşması dünyanın aparıcı neft şirkətlərinin ölkəmizlə çoxillik əməkdaşlığa başlaması üçün mühüm təkan oldu. Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 beynəlxalq neft şirkəti ilə sonralar “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. Bununla da ilk dəfə olaraq Azərbaycanın yaratdığı şərait sayəsində Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsası qoyuldu. ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin ən iri neft şirkətlərinin cəlb olunduğu “Əsrin müqaviləsi” Azərbaycanın regional və qlobal əhəmiyyət daşıyan enerji siyasətinin strateji təməlini təşkil edir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda tezliklə bütün sahələrdə böhranın tərəqqi ilə əvəz olunması, iqtisadi keçid dövrünün sürətlə və uğurla başa çatdırılması üçün əlverişli imkanın yaranması demək idi. Ulu öndərin əsasını qoyduğu neft strategiyası da məhz xalqın rifahının təmin edilməsinə, Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə qorunmasına xidmət etdi.
Nəticə etibarilə, Azərbaycanın çoxsaylı uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası və onun mühüm nəticəsi olan “Əsrin müqaviləsi” dayanır. Bu strategiyanın uğurlarının Azərbaycanın təbii qaz hasilatı potensialının reallaşdırılmasına yönəldilməsi və ölkəmizin yeni layihələrin təşəbbüsçüsü kimi çıxış etməsi isə Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin bundan sonra da sürətli və ardıcıl inkişafına hesablanan siyasətinin göstəricisidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq əhəmiyyətli neft-qaz layihələri ölkəmizin dəsətəklədiyi şaxələndirmə siyasətinin məntiqi nəticəsidir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan Avropada böyük potensiala malik və etibarlı enerji təminatçısı kimi etimad qazanmışdır. Ölkə iqtisadiyyatının və əhalinin ehtiyacından da artıq enerji istehsal edəcək stansiyaların işə salınması nəticəsində Azərbaycan hazırda enerji ixrac edən ölkələr sırasındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, BTC, BTƏ neft-qaz kəmərlərinin davamı kimi maraq doğuran daha möhtəşəm layihələr də hələ son deyildir. Dünya dövlətlərinin maraq göstərdiyi “Cənub” qaz dəhlizi, TANAP, TAP layihələrinə tərəfdaşların da sayı artmaqdadır. Bir sözlə, çoxşaxəli enerji siyasəti Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq müstəvidə mövqeyini daha gücləndirir.
-Bu gün Azərbaycan məhz Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir…
-Bəli, bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qeyd etdiyimiz kimi, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.
Əsas etibarilə, iqtisadi inkişaf kursunun uğurla davam etdirilməsi hazırkı milli tərəqqini intensivləşdirən mühüm strateji faktorlardan biridir. Davamlı islahatların reallaşdırılması ilə yanaşı, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Bununla yanaşı, ölkə iqtisadiyyatının davamlı tərəqqisinin ən bariz təzahürlərindən biri də regionların sosial-iqtisadi inkişafıdır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşməsinə və tərəqqisinə xidmət edir.
Sadalananlar kontekstində onu da qeyd edək ki, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər iqtisadi siyasət çərçivəsində həyata keçirilən tədbirlərin səmərəliliyini təmin edib. Hazırda sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, bir çox sahələrdə davamlı inkişaf göstəricilərinin qeydə alınması ölkəmizin tərəqqi yolunda olduğunu göstərir.
-Yeri gəlmişkən, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin yeni mərhələdə ölkəmizin inkişafının təmin olunması kontekstində önəmi nədən ibarətdir?
– 2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr, eyni zamanda, yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində iş adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirib. Başqa sözlə, Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatlar və bütövlükdə uğurlu milli inkişaf siyasəti regionların sosial-iqtisadi inkişafını da təmin edib. Regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər deməyə əsas verir ki, ötən müddət ərzində Azərbaycan sosial-iqtisadi cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorun inkişafının təşviq edilməsi, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb
-Yeni mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatların ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyəti ilə bağlı nə düşünürsünüz?
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə dövlət başçısı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb, Milli Məclis müvafiq qanunvericilik aktları qəbul edib. Müvafiq dövlət qurumları qarşıya qoyulan hədəflərə çatmaq üçün uğurla fəaliyyət göstərir.
Ümumiyyətlə, yeni şəraitdə ölkənin iqtisadi inkişafının ardıcıllığını təmin etmək məqsədilə həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs postneft dövründə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək. Təbii ki, həyata keçirilən bütün bu tədbirlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Çünki Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Məhz bu siyasət nəticəsində ölkəmizin yeni-yeni uğurlar qazanacağı şübhəsizdir.
Vüqar Abdullayev iş adamı