Manşet

Zəngəzur dəhlizi açılacaqmı: Bakı “hə” deyir, İrəvan “yox” – NƏ BAŞ VERİR?

İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Birgə Bəyanatın 9-cu bəndinə əsasən, bölgənin nəqliyyat-kommunikasiya sistemi blokdan çıxarılmalıdır. Sözügedən bəndin icrası ilə bağlı 10 yanvar 2021-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə yeni sənəd də qəbul olunub. Bəyanatlarda sözügedən dəhliz məsələsində ad qeyd ediməsə də, məlum məsələdir ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhliz Zəngəzurdan keçir.

Lakin Ermənistan tərəfi mütəmadi olaraq Zəngəzur dəhlizi ilə bağlı təkzib açıqlamaları verir. Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan son açıqlamasında Zəngəzur dəhlizinin müzakirə olunmadığını bildirmişdi.

Azərbaycan tərəfi isə əksinə, Zəngəzur dəhlizinin işə salınması istiqamətində işlərə start verildiyini açıqlayıb. Prezident İlham Əliyev hələ Naxçıvana səfəri zamanı bildirmişdi ki, rəsmi İrəvan istəsə də, istəməsə də, dəhliz açılacaq. Bu günlərdə Əliyev yenidən bu məsələyə toxundu və bildirdi ki, artıq beynəlxalq aləmdə də dəhlizin adı qoyulub – bu, “Zəngəzur koridoru” adlandırılır. Azərbaycan lideri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qeyd etdi ki, İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq – Zəngəzur dəhlizi.

“Artıq beynəlxalq müstəvidə də bunun adı məhz “Zəngəzur dəhlizi” kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək. Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdi. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var”, – deyə ölkə başçısı vurğuladı.

O zaman sual ortaya çıxır: Ermənistan və Azərbaycan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar niyə bir-biri ilə üst-üstə düşmür? Belə fikirlər var ki, Ermənistanda 20 iyunda növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda hakimiyyətdə olan Paşinyan komandasının zidiyyətli açıqlamaları onunla bağlıdır ki, cəmiyyətdə qıcıq yaranmasın, müxaliflər bu faktdan əks-təbliğatda istifadə etməsinlər. Yəni ki, normal hömumət formalaşandan sonra dəhlizin açılması reallığı ilə barışacaqlar.

Bununla yanaşı, sayları az olsa da, bəzi analitiklər bildirirlər ki, rəsmi İrəvandan verilən bu bəyanatlar sonradan razılaşmanın pozulmasına hesablanıb.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran tanınmış politoloq İlqar Vəlizadənin sözlərinə görə, üçtərəfli Birgə Bəyanatda konkret bəndlər əksini tapıb:
– Müddəalardan biri də regionun nəqliyyat xətlərinin açılmasını, Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasına dəhlizin olmasını nəzərdə tutur. Bu, əslində Zəngəzur dəhlizinin açılması anlamına gəlir. Sadəcə olaraq Ermənistan tərəfi “Zəngəzur dəhlizi” ifadəsindən qorxur. Ümumiyyətlə, bu ifadənin hallandırılmasından kənar qaçırlar. Lakin dəhliz açılacaq və bunu İrəvan qəbul etmək məcburiyyətindədir. Çünki ortada sənəd var, imza var. Artıq Zəngəzur dəhlizinin açılması istiqamətində ilkin addımlar da atılmaqdadır, işçi qruplar danışıqlar aparırlar.

Baxın, bir neçə gün öncə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Zəngəzur dəhlizi boyu yerləşən əraziləri icarəyə götürdü, nəzarətinə aldı. Deməli, Üçtərəfli Bəyanatın 9-cu bəndi icra olunmaqdadır. Çünki Zəngəzur dəhlizinin təhlükəsizliyini Ermənistan tərəfində FTX təmin edəcək. Digər tərəfdən, Azərbaycan tərəfdə də yolun qurulması ilə bağlı işlər gedir. Əgər dəhliz açılmayacaqsa, o zaman bu qədər xərcin nə əhəmiyyəti olardı?

Başqa bir xəbər isə Rusiyanın müvafiq strukturları ilə danışıqların aparılmasıdır. O cümlədən, Rusiyanın Cənubi Qafqaz Dəmiryol İdarəsinin balansına yeni yük qatarları gətirilib. Bunun anlamı odur ki, həmin qatarlar Zəngəzur dəhlizində istifadə ediləcək. Deməli, Cənubi Qafqaz Dəmiryol İdarəsi də öz növbəsində dəhlizin açılması ilə bağlı işlərə start verib. Rusiyanın Baş nazirinin müavini qatarların təqdimatı mərasimində açıq şəkildə bildirdi ki, bu qatarlar yeni xəttə istifadə olunacaq. Yəni ki, Rusiya tərəfi Zəngəzur dəhlizinin açılması istiqamətində işlər görür.

– Fikirlər var ki, Ermənistan daxilindəki qüvvələrin seçkilərdə Zəngəzur dəhlizi məsələsindən Paşinyana qarşı istifadə edilməməsi üçün bu məsələ ilə bağlı hökumət əks fikir bildirir. Seçkidən sonra bəyanatların istiqaməti dəyişəcəkmi? Yaxud da, seçkilərdən sonra Üçtərəfli Bəyanatın bu müddəası pozula bilərmi?

– Əlbəttə, dəyişəcək. Dəyişmək qalsın bir yana, icrasına başlanıldığı haqqında məlumatlar veriləcək. Bunu gizlətmələri mümkün deyil. Prezident İlham Əliyevin də dediyi kimi, artıq rəsmi İrəvan anlayır ki, Zəngəzur dəhlizinin icra olunmaması mümkünsüzdür. Sadəcə, dediyim kimi, bu ifadənin hallanmasını indiki dövrdə istəmirlər. Bəyanatın 9-cu bəndinin pozulmasına gəldikdə isə, bu, mümkün deyil. Onsuz da Ermənistan indi də açıq şəkildə demir ki, Zəngəzur dəhlizi ilə bağlı razılaşmadan imtina edir. Onların bundan imtina etməyə nə imkanı, nə gücü, nə də siyasi iradəsi var.

Məsələ burasındadır ki, Ermənistan hakimiyyəti öz xalqını o qədər aldadıb, o qədər xalqa yalan danışıb ki, indi bilmirlər, nə desinlər. Xalqa yalandan deyiblər ki, Azərbaycan, guya işğalçılıq siyasəti aparır. İndi çıxıb desələr ki, “Zəngəzur dəhlizi açılmalıdır, bunun Ermənistana xeyri var, ziyanı yoxdur, Ermənistana qarşı bu, işğal deyil” – o zaman xalq deyəcək, “bizi indiyə qədər niyə aldadırdınız?”. Eyni zamanda, onların illərdir Azərbaycan əleyhinə qurduğu təbliğat alt-üst olur. Bu baxımdan, qorxurlar. Hələlik xalqa prosesləri olduğu kimi çatdırmaq cəsarətləri yoxdur, reallığı izah edə bilmirlər. İstəyirlər ki, erməni cəmiyyəti prosesləri özü anlasın. Lakin düşünürəm ki, bir müddətdən sonra artıq ermənilər də anlayacaqlar, hökumət də müəyyən qədər açıq danışmağa başlayacaq. Hətta Paşinyanın müəyyən açıqlamaları var ki, bu yöndədir.

– Bəs, seçkilərdə Paşinyan yox, Zəngəzur dəhlizi məsələsini tənqid edən, bunun əleyhinə çıxan keçmiş Prezident Robert Köçəryan hakimiyyətə gələrsə, prosesdən imtina edə bilərlərmi?

– Düşünürəm ki, Ermənistanda seçkilərdən sonra koalisiya hökuməti formalaşacaq. Bu ehtimal çoxdur. İnanmıram ki, Paşinyan komandası mütləq şəkildə səs çoxluğu əldə edəcək. Qarabağ müharibəsində acınacaqlı şəkildə məğlub olan Paşinyan komandası erməni cəmiyyətinin 60 faizinin səsini ala bilməyəcək. Təbii, digər partiyalar da parlamentdə oturacaqlar, eləcə də Köçəryanın rəhbərlik etdiyi seçki bloku yerlər qazanacaq. Güman ki, mürəkkəb situasiyadan çıxış üçün koalisiya hökuməti qurulacaq. Ümumi şəkildə Ermənistanda mürəkkəb siyasi vəziyyət hökm sürəcək.

Belə olan halda Üçtərəfli Bəyanatın icrasında ləngimələrin baş verməsini gözləmək olar. Amma sənəddən imtina mümkün deyil. Çünki Ermənistanda hakimiyyətdə kim olur-olsun, öz ərazilərində söz sahibi deyillər. Prezident İlham Əliyevin də dediyi kimi, bizim üçün burada tərəf əslində Ermənistan deyil, Rusiyadır. Əgər Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyurlarsa, dəhlizin təhlükəsizliyinə cavabdeh Rusiya FTX-sidirsə, əgər Rusiyanın dəmiryol idarəsi dəhlizdə yol tikəcəksə, o zaman Ermənistanla niyə danışmalıyıq?

Bu baxımdan, güman etmirəm ki, Ermənistan hakimiyyətinə Köçəryan da gəlsə, bundan imtina edəcək. Çünki o sənədin altında Putinin imzası var, dəhliz Azərbaycan və Türkiyə ilə yanaşı, Rusiyanın da marağındadır. Yəni ki, Ermənistan hakimiyyətinin və müxalifətinin səsləndirdikləri əks bəyanatlardan o qədər də narahat olmağa dəyməz.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir