Cəmiyyət

Bir aylıq şirkətlərlə oynanılan tender oyunu: – Yaxud milyonları kimlər bölüşdürür?

Azərbaycanda dövlət vəsaitləri hesabına yüz milyonlarla manatlıq alqı-satqılar həyata keçirilir.

Demək olar ki, hər gün rəsmi mətbuatda müxtəlif dövlət qurumlarının alqı-satqılara dair elanlarına rast gəlmək olur. Tenderlər yolu ilə baş tutan dövlət satınalmaları cəmiyyətin diqqətində olan məsələlərdən biridir.

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 583 nömrəli fərmanına əsasən, dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılmışdı. 2016-cı ilin yanvarında Prezident İlham Əliyev Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Satınalmalar üzrə Dövlət Agentliyinin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində Qarabağı erməni işğalçılardan azad etdi.

30 il düşmən işğalında qalan torpaqlarımızda erməni vandalizmi nəticəsində kəndlərimiz, şəhərlərimiz xarabazarlığa çevrilib. İşğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri aparılır, bu məqsədlə xarici şirkətlərdən gələn təkliflər dəyərləndilir, eyni zamanda tenderlər elan edilir.

Cəmiyyətdə tenderlərin şəffaf keçirilməməsi ilə bağlı narahatlıq olduğunu nəzərə alsaq, məsələnin aktuallığı göz önündə canlanar. Zaman-zaman mətbuatda, sosial şəbəkələrdə yeni yaradılan, nizamnamə kapitalı olduqca az olan şirkətlərin böyük tenderlərin qalibi olması barədə xəbərlərə tez-tez rast gəlinir.

İqtisadçı ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Azərbaycanda tender və dövlət satınalmaları ilə bağlı qanuna riayət olunmur:

“Çox zaman tenderlərin “qalibləri” məmurlara bağlı şirkətlər olur. Həmin şirkətlər məmurlara dolayı, ya da birbaşa bağlıdır. Şəffaflıq yoxdur və bu ayrı bir dərddir. Uzun zamandır ki, belədir. “Tender haqqında” Qanunda yazılıb ki, tender və dövlət satınalmalarında qalib olan şirkətlərin həmin sahədə müəyyən təcrübəsi olmalıdır. Düzdür, qanunda il yazılmayıb. Müəyyən təcrübə deyəndə 2-3 illik fəaliyyət ağıla gəlir. Amma bizdə buna da əməl olunmur. 1 aylıq, 3 aylıq şirkətlər tenderlərin qalibi elan edilir. Bununla da artıq tender haqda qanunvericilik pozulur”.

Ekspert bildirib ki, şəffaf olmama səbəbi çox zaman həmin şirkətlərin arxasında duran şəxslərlə bağlıdır:

“Bir çox hallarda həmin rəhbərlərin arasında iri məmurlar, ya da onların qohumları olur. Nəticədə bu da dövlət büdcəsindən ayrılan vəsaitin irrasional xərclənməsinin ən böyük əlamətlərindən biridir”.

İqtisadçının sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklər nəticəsində şirkətlərin kimin olmasını öyrənmək mümkün olmur:

“Bir neçə il bundan öncə qanunvericiliyə dəyişiklik etdilər. Dəyişiklik ondan ibarət idi ki, kommersiya anlayışı genişləndirildi. Şirkətlər haqda məlumatlar kommersiya sirri sayıldı. Absurdcasına belə bir qərar qəbul olundu. Dünyanın heç bir yerində belə bir qanun yoxdur. Vergilər Nazirliyinin reyesteri ona görə də qanuna əsaslanaraq şirkətlər haqda məlumatı gizlətməyə başladı. Bu qanun dəyişməlidir. Biz o vaxt buna etirazımızı bildirdik. İctimaiyyətdə ciddi bir reaksiya olmadı deyə qanuna istədiyi dəyişiklikləri elədilər”.

N.Cəfərlinin fikrincə, tenderlərlə bağlı xüsusi bir islahata ehtiyac yoxdur:

“Əslində tenderlə bağlı islahata ehtiyac yoxdur. Qanunvericiliyin tələbi yerinə yetirilsə, bəsdir. Orada şəffaflıqla, rəqabətlə, qatılan şirkətlərin təcrübəsi ilə bağlı açıq müddəalar var. Sadəcə, bu qanunvericiliyin şərtləri yerinə yetirilmir. Bu olmadığı üçün korrupsiya sxemlərinin yaranmasına səbəb olur. Dünya praktikasında görünür ki, böyük büdcəli tenderlər televizorda xalqa açıq şəkildə aparılır. Azərbaycan hökümətinin marağı olsa, şəffaflıqla bağlı çox asan qərarların verilməsi nəticəsində bu məsələlər öz həllini tapar”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir