Manşet

BU GÜN AZƏRBAYCAN POEZİYASININ İNKİŞAFINDA BÖYÜK ROL OYNAMIŞ ŞAİRLƏRDƏN BİRİ MİKAYIL MÜŞVİQİN ANADAN OLDUĞU GÜNDÜR

 

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla da məşğul olmuş, şeirlər yazmışdır. Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyür. Ağır, əzablı və fərəhsiz uşaqlıq illəri keçirən şair həyatının o illərini xatırlayaraq yazırdı: Hələ atamın sağlığında güzaranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daşkəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim. Müşfiqin böyüyüb boya-başa çatmasında, həmçinin bir şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın çox böyük zəhməti olmuşdur. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynamışdır.

Mikayıl Müşviq ibtidai təhsili rus-Azərbaycan məktəbində almışdır. O, humanitar elmlərə çox böyük maraq göstərmiş, lakin bununla yanaşı rus dilini də mükəmməl öyrənmişdir. Müşviq 1920–1927-ci illərdə əvvəlcə Bakı darülmüəllimində, sonra 12 nömrəli II dərəcəli məktəbdə təhsil almış, 1927–1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirərək Bakı məktəblərində müəllimlik etmişdir. O, elə bir müəllim olub ki, şagirdləri dərs zamanı vaxtın nece keçdiyini bilmədiklərini söyləyirlər. Hətta şagirdləri Mikayıl Müşviqi belə xatırlayır: ” Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza “qızım”, “oğlum” deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvəzökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı”.

Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi də ondan ayrılmamışdır. O, poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlamış və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1927-ci ildən “Maarif və mədəniyyət” və “Komsomol” jurnallarında və “Gənc işçi” qəzetində nəşr olunmuşdur. 1930-cu ildə şairin ilk “Küləklər” adlı şeir kitabı işıq üzü görmüşdür. Kitabda müəllifin əlli üç şeiri və iki tərcüməsi toplanmışdır. Həmçinin o, 1930-cu illərdə Azərnəşrdə redaktor vəzifəsində işləyib.

1932-ci il Müşfiqin həyatında məhsuldar bir il olmuş, “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları, daha sonra bir-birinin ardınca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı”, “Buruq adamı” əsərləri nəşr edilmişdir. 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir.

Həm həqiqi bir müəllim həm də, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır. Həmçinin bu gözəl və maraqlı şeirlər uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır. Həmin əsərlər bunlardır: “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məktəbli şərqisi”, “Zəhra üçün” və s.

Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tuturdu. O, gözəl mütərcim kimi oxucuların rəğbətini qazanmışdır. 1930–1937-ci illərdə onun tərcümə etdiyi Aleksandr Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birgə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birgə), Yegişe Çarensin “Şeirlər”, Samuil Marşakın “Huşsuza bax, huşsuza”, Mirzə Fətəli Axundovun “A.S.Puşkinin ölümünə Şərq poeması” əsərləri nəşr edilmişdir. Bundan əlavə Müşfiq Mixail Lermontovun “Demon” poemasını (Rəsul Rza ilə birgə), “Qafqaz” (Mikayıl Rəfili ilə birgə), “Şairin ölümünə”, “Tənha yelkən ağarı” şeirlərini, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından “Tatyananın Onegenə məktubu”nu (R.Rza ilə birgə), “Poltava” əsərindən bir parçanı, “Dustaq” şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin “Şahnamə”sindən bəzi parçaları (Mirmehdi Seyidzadə ilə birgə) tərcümə etmiş, 1936-cı ildə Mikayıl Müşfiqin “Səhər” poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görülmüşdür. 1937-ci ildə çapa hazırladığı “Çağlayan” kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şeirim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və digər şeir və poemalarını daxil etmişdir. Çox təəssüf ki, kitabı nəşr etdirmək şairə qismət olmamışdır.

Mikayıl Müşfiqin Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.

Bir sözlə Mikayıl Müşviq Azərbaycan poeziyasının inkişafında çox böyük rol oynamış şairlərdən biridir. O, sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Cavadzadə Seyid Sürayə

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir