Manşet

Zaqatalada qadına qarşı İCRA FIRILDAĞI – “Bizi döyə-döyə evdən çıxartdılar”

Zaqatala rayonu Göyəm kənd sakini Zamanova Gülxar Mahmud qızı Zaqatala rayon icra və probasiya şöbəsinin icra məmuru Elvin Əhmədovun müvafiq məhkəmə qərarına rəğmən onu və ailəsini qanunsuz olaraq yaşadığı evdən zorla çıxarması barədə redaksiyamıza müraciət edib.

Şikayətçi Yenicag.az-a müraciətində həyat yoldaşı ilə boşandıqdan sonra yenidən ailə həyatı quran keçmiş əri ilə birlikdə aldıqları və 14 ildir ki, yaşadıqları torpaq sahəsi və evin Yüzbaşıyev Arif adlı şəxsin adına sənədləşdirildiyini, sonuncu şəxsin məhkəməyə müraciət etməsilə Zaqatala Rayon Məhkəməsi tərəfindən onun və ailəsinin torpaq sahəsi ilə birlikdə evdən çıxarılması barədə qərar qəbul edildiyini bildirib.

Zaqatala Rayon Məhkəməsinin qərarı ilə bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət edən Gülxar Zamanovanın şikayəti təmin edilməyib. Daha sonra Ali Məhkəməyə müraciət edən Gülxar Zamanovanın şikayəti qismən təmin edilərək tikilidə qalmaq şərtilə torpaq sahəsindən çıxarılmasına qərar verilib. Lakin rayon icra və probasiya şöbəsinin icra məmuru Elvin Əhmədov Apellyasiya Məhkəməsinin ləğv etdiyi ilkin qərarı əsas götürərək torpaq sahəsi və onun üzərindəki tikilinin Yüzbaşıyev Arifə təhvil verilməsini təmin edib.

Zamanova Gülxar qeyd edir ki, Elvin Əhmədov məqsədli şəkildə ilkin qərarı əsas götürərək qeyri-qanuni formada onu və ailəsini yaşadığı evdən zorla çıxardıb. Elvin Əhmədovun keçmiş həyat yoldaşından rüşvət alması müqabilində Apellyasiya Məhkəməsinin son qərarını deyil, ilk qərarını icraata verməsindən şübhələndiyini deyən Gülxar Zamanova evdən çıxarılarkən övladlarına qarşı icra məmurları tərəfindən fiziki təzyiq göstərildiyini də bildirib.

Sahə müvəkkili İlqar Xalıqovun onlar evdən çıxarılan zaman baş verənləri telefonu ilə çəkdiyini qeyd edən Gülxar Zamanova onun məqsədinin icra məmurları və polislərə qarşı müqavimət göstərməyə təhrik etmək olduğunu vurğulayıb.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdiyini, lakin müraciətinin cavabsız qaldığını bildirən Gülxar Zamanova Zaqatala rayon icra və probasiya şöbəsinin icra məmuru Elvin Əhmədovun və sahə müvəkkili, polis kapitanı İlqar Xalıqovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini, həmçinin sözügedən məhkəmə qərarının yerinə yetirilərək ailəsilə birlikdə yenidən evlərinə qayıtmalarının təmin olunmasını tələb edir.

Gülxar Zamanovanın redaksiyamıza göndərdiyi videogörüntüləri və sənədləri təqdim edirik:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir