“44 GÜNLÜK VƏTƏN SAVAŞI”nın ardından erməni işğalından azad edilərək Azərbaycana təhvil verilən Kəlbəcərdə “soyuq küləklər” əsməyə başlayıb. Rayonda öz korporativ maraqlarını diqtə etməyə çalışan tanınmış fiqurantlar qrup halında yeni səpkidə savaşa, Kəlbəcər ərazisinin münbit yerlərini qəsbə, talançılığa “start” veriblər.
“Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, bir ucu rayonun sabiq deputatı, baş dəmiryolçu Cavid Qurbanova və onun yaxınlarına (deputat Aqil Məmmədov və icra başçısı Azər Qocayev-O.N) dayanan şəbəkə Kəlbəcərdə özlərinin çeşidli qanunsuz işlərini həyata keçirmək üçün qolları çirməli halda iş başındadırlar. Deyəcəksiniz ki, olsun də, lap elə Dədə Şəmşirin bütün qohumları Vənklidən ya da Dəlidağdan başlamış düz Ağdabanadək, İstisu qarışıq bütün Kəlbəcər kəndlərini “özəlləşdirməyə” müvəffəq olsunlar – SƏNƏ NƏ?! Bəlkə də belə fikirləşdinizsə haqlısınız da, amma bu tanınmış şair-manıs nəslinin parlaq nümayəndələri məqsədlərinə varmaq üçün hələ ki, mövcud olan rəsmi qadağaları, ölkə başçısının müvafiq göstərişlərini heçə saymaq istəyirlər, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərovun vəzifə səlahiyyətlərinin icrasını belə iflic edib qarşılarına keçənlərə qarşı təzyiq göstərirlərsə, bax bu hal yolverilməzdir. Azından buna bir “DUR!” deyək, bir də…
Aldığımız məlumata görə, rəisə savaş açmış məmur-şəbəkəsi üzvləri Göygöl rayonunun Toğanalı kəndində yeni qurulmuş stasionar polis postundan istədikləri vaxt keçib Kəlbəcərə gedərək orada öz istirahətlərini təşkil edir, eləcə də qazanc və gəlir məqsədilə kəndlərdə rast gəlinən müxtəlif adda əlvan metal – tonlarla dəmir, alüminium və mis toplayaraq Gəncəyə gətirməklə satışını həyata keçirirlər. Bunların “həm ziyarət, həm ticarət” eşqi Kəlbəcərə qanunsuz səfərlərlə oralarda ermənilərin qoyub getdikləri avtomobillərə, növbənöv ehtiyyat hissələrinə də qeyri-qanuni yollarla sahib çıxmaqla aşıb-daşır.
Səhih bilgilərə görə, əksər hallarda Kəlbəcərə keçmək üçün DİN-in elektron informasiya portalında “rəsmi icazə” almağı da bacaran “Qurbanovçular” son günlər ərzində özlərinin iri və xırdabuynuzlu mal-qara sürülərini də dağlara qaldırıblar. İddialara görə, hazırda Kəlbəcərdə olan 10-larla at və uzunqulaqlar da işbazlar tərəfindən ələ keçirilib. Baş verənlərin durdurulması isə sanki mümkünsüz görünür.
Məlumata görə, ötən ilin dekabrından Ali Baş Komandan İlham Əliyevin fərmanı və DİN rəhbərliyinin əmrinə əsasən, həm də Kəlbəcər rayonunun komendantı olan polis rəisi Haqverdi Əkbərov hər dəfə postda və Kəlbəcərdə qeydə alınan məqsədli prosesi durdurmaq gücündə deyil. Əksinə, Kəlbəcər ərazisinə sözügedən icazəsiz səfərlərin qarşının alınmasına səy göstərdikcə məmur təyziqlərilə qarşılaşır. İş o qədər qəlizləşib ki, ötən həftə polis rəisi Kəlbəcər İHB-də icra başçısı Azər Qocayevin məsələ ətrafında verdiyi qanunsuz tapşırıqlarına narazılığını bildirib, tərəflərə arsında mübahisə də yaranıb. Və icra başçısı polis rəisini işdən qovulması üçün təqdimat yazacağını bildirib.
Kəlbəcər ərazisində insanların həyatına qarşı mövcud olan təhlükələr, xüsusilə erməni təxribatçılarının əməlləri aradan qalxmamış, asayiş tam təmin edilməmiş prezidentin səlahiyyətli nümayəndəsinin və Cavid Qurbanovun ətrafının belə özfəaliyyətlər etməsi anarxiyadan başqa bir şey deyil. Hər vəchlə zərurət olmadıqca Kəlbəcərə gediş-gəlişin qarşısının alınması üçün hökumət polis rəisinə dəstək olmalıdır. Komendant rejiminin şəffaf təminatı istiqamətində elə Cavid Qurbanov da, sərəncam və qərarların yerdəki icraçısı Azər Qocayev də Haqverdi Əkbərovdan ancaq qanuni iş tələb etməlidir!
Son günlərdə jurnalistlərin də içində bulunduqları avtomobilin Kəlbəcərin Susuzluq kəndində tank əleyhinə minaya düşməsi, nəticədə xidməti vəzifələrinin icrası ilə əlaqədar 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı) və Arif Əliyevin (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olması, digər 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları ərazidəki qəliz təhlükələrdən xəbər verir.
Onu da xatırladaq ki, Kəlbəcərə qanunsuz səfərlərdə əsas boşluq Tooğanalı postundakı boşluqlarla da bağlıdır ki, həmin əraziyə də nəzarəti Göygöl RPŞ-nin əməkdaşları həyata keçirir. Əsaslı səbəb olmadan “portal icazəsi” alanlardan əlavə, dağ-dərə, meşə yolu ilə Kəlbəcərə gedənlərə də rast gəlinir. Belə olduqda, Kəlbəcər ərazisində icazəsiz tutulan şəxslərə polis tərəfindən yalnız inzibati cərimə protokolunun yazılıb vətəndaşların sərbəst buraxılmaları da situasiyanı qəlizləşdirir. Təsadüfi deyil ki, tanınmış idmançı Kamil Zeynallıdan başqa, sözügedən cəhdə və əmələ görə hansısa vətəndaşa inzibati həbs qərarının verilməsinə də rast gəlinmir.
İnanırıq ki, çaldığımız HƏYƏCAN TƏBİLİ DİN rəhbərliyi vədigər adıçəkilən şəxslər tərəfindən qərəzə yozulmayacaq, əksinə, Kəlbəcərə qayıdış naminə başladılan prosesdə hər birinin işinə stimul verəcək.
Hər kəsin mövqeyinə sayğılarla…
Demokratik.Az